Dövlətə qarşı çıxmaq nə deməkdir?

31-05-2014, 02:14
0
Dövlətə qarşı çıxmaq nə deməkdir?

«Sizif polemikası» ilə qurtarmaq zamanıdır

Hər il, təqribən bu zamanlarda ölkə mətbuatı və hərbi ekspertlər, eləcə də bir çox siyasətçilər azərbaycanın məğlubiyyətləri ilə bağlı müzakirələr açırlar. Bu məğlubiyyətlərin seriyası isə sıxıcı və uzundur. Şuşa, Laçın, Dağlıq Qarabağ, Qarabağ ətrafı rayonlar, demokratik hökumət,.. Bu müzakirələrin hansısa mənalı nəticələr yaratdığının hələ də şahidi olmamışam. Özünü məğlub sayan tərəflərin müzakirəsi heç zaman bitib- tükənməz və heç zaman bir tərəf o biri tərəfi üstələyə bilməz. Çünki nə arqumentlər əski məğlubiyyəti qələbəyə çevirə bilməz, nə də tərəflər arasında qarışılıqlı hörmətə söykənən polemika mədəniyyəti olmaz.
Və deyəsən, mən tamamilə haqlıyam, 20 ildir davam edən müzakirələr eyni tərəflərin eyni arqumentləri səsləndirməsindən başqa heç nə yaratmır və yaratmayacaq da. Əslində, bu, müzakirələrdə iştirak etməyən tərəfdən başqa heç kimə lazım deyil. Bu tərəf isə indiki Azərbaycan hakimiyyətidir. Bu gün üçün cavabdehlik daşıyan hakimiyyət keçmiş yanlışlıqların çözülməsi kimi sonsuz və mənasız polemikadan başqa heç bir ictimai müzakirədə maraqlı deyil və köhnə düşmənçiliklərin hər gün yenilənməsindən başqa heç nə istəmir.

Şah İsmayıl Xətai o minaları niyə təmizləməyib?

Bəli, Azərbaycanın məğlubiyyətləri çoxdur. Bu məğlubiyyətlərin səbəbi ayrı-ayrı adamlarda və tərəflərdə axtarıla bildiyi qədər axtarılıb və tapıla bildiyi qədər tapılıb. Cəmiyyət bu nəticəsiz müzakirələrə o qədər aludə olub ki, bu günün politoloq sayılanları hətta Şah Ismayıl Xətainin də səhvlərini və cinayətlırini araşdırır. Absurd deyilmi?!
Amma Azərbaycanda müzakirə ediləsi çox mühüm məsələlər var. Bu, hər gün davam edən çarəsizlikdir.

Azərbaycanda siyasi hakimiyyət yoxdur

Bilirsinizmi, Azərbaycanda fəaliyyət qabiliyyətli bir dövlət yoxdur və bu, istənilən fövqəladə halda növbəti məğlubiyyətlərin əsasını qoyacaq ən mühüm arqumentdir. Ölkədə bəlli bir rejim var. Siyasi hakimiyyət və onun oluşdurmalı olduğu hökumət isə yoxdur. Bunu müzakirə etmək zəruridir.
Ölkədə sabitlik varmı? Əlbəttə, siyasi spekulyasiya naminə verilən bəyanatlardan belə çıxır ki, var. Bəzən, hətta müxalifət daxilində də belə fikirlər səslənir ki, Qərb Azərbaycanda sabitliyin davam etməsini və enerji təhlükəsizliyini istədiyi üçün avtoritar rejimin davam etməsinə göz yumur. Amma heç bir rəsmi cədvəldə Azərbaycan sabitliyin olduğu ölkə kimi qeydə alınmır.

Avtoritarizm nə qədər güclüdürsə, dövlət o qədər zəifdir

2013-cü ilin yekunlarına görə dünyada 37 sabit, 13 davamlı sabit dövlət var. Bunların arasında isə Azərbaycan yoxdur. Azərbaycan aralıq mərhələdə, cədvəlin sonuncu üçdə birinə aid olan yerdə qərarlaşıb və bu, həyəcanlı yer sayılır. Bu sırada bizimlə qonşuluqda Honduras, Ekvator, Əlcəzair kimi ölkələr qərarlaşıb və Ermənistan da bizdən 30 şkala yuxarıda, yəni daha pozitiv yerdədir. Bu reytinq cədvəlinə görə Azərbaycan baş tutmamış dövlətlərə sabit dövlətlərdən 3 dəfə yaxındır.
Azərbaycanda inzibati hakimiyyətin avtoritar əsaslarda mövcudluğunu güclü dövlətin əlaməti sayırlar. Amma bu, qətiyyən belə deyil. Avtoritarizm məhz, zəif dövlətçiliyin göstəricisi sayılır. Başqa sözlə, avtoritarizm nə qədər güclüdürsə, deməli, dövlət o qədər zəifdir.

Dövlət onu idarə edənlərdən kasıbdır

Azərbaycanın praktikasında bu özünü daha aydın göstərir. Hakimiyyəti ələ keçirən elita ölkənin bütün iqtisadi potensialına nəzarət edir. Korrupsiya, yəni dövlət məmurlarının dövlət resurslarını talaması adi hal alıb. Ölkə dövlət resurslarının oğurlanması və talanması üzrə rekord göstəricilərə sahibdir. Ayrı-ayrı dövlət məmurları imkanlarına görə dövlətin özündən qat-qat güclüdürlər. Buna görə də Azərbaycanı iqtisadi baxımdan da güclü dövlət saymaq mümkün deyil. Baxmayaraq ki, ölkə iqtisadi potensialına görə ətrafdakı bütün dövlətlərdən zəngindir, bu zənginlik dövlətin möhkəmləndirilməsinə inadla sərf edilmir. Dövlət, bu qədər zənginliyin içərisində dəhşətli dərəcədə kasıbdır və bu kasıblıq vətəndaşlara normal sosial imtiyazlar tanımağa imkan vermir. Sosial imtiyazlar cəhənnəmə, Oxfam təşkilatının ərzağın bolluğu, keyfiyyəti və əhalinin ərzaq almaq imkanlarına görə tərtib etdiyi son indeksində Azərbaycanın adının Afrika ölkələri ilə yanaşı olması ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin fəlakətli durumda olduğunu sübut edir.
Potensial imkanları ilə gerçək durumu arasında kəskin fərq olan ölkəni sabit adlandırmaq isə heç bir halda mümkün deyil.

Təqvim faciələri müzakirə edilməlidirmi

Bütün təqvim faciələrini bir kənara tullayıb Azərbaycanın hər gün üzləşdiyi və qarşısıalınmaz prosesə çevrilən bu faciəni müzakirə etmək lazımdır. Azərbaycanda dövlət niyə qurulmur və dövlətin qurulmaması kimə lazımdır?
Təqvim faciələrinin müzakirəsi ictimai rəydə lazımsız gərginlik yaradır və yüzdə yüz nəticəsizlikdən ibarətdir. “O vaxt Surət qoşunları geri çəkməsəydi...”, “Filan komandir Ağdərədə filan hərəkəti etməsəydi...” ," Şuşa işğal edilməsəydi..." , “filan dərəyə gedən yolda mina basdırsaydılar...” kimi mənasız polemikaları bir tərəfə tullayıb Azərbaycanı bürüyən dövlətsizlik şüurunu və kütləvi talanı necə önləmək haqqında müzakirələr açmaq gərəkdir!

Dibsizliyə gedən yol davam edir

Azərbaycana siyasi hakimiyyət lazımdır. Hakimiyyətin siyasi mahiyyətinin olmaması ölkəni hər gün və hər saat yeni bədbəxtliklərə sürüyür. Bunun qarısını almağa xidmət etməyən müzakirələr kimlərinsə mövcudluq və kimlərinsə bəraət axtarışından başqa bir şey deyil. Bu gün mövcudluq da, tarix və gələcək qarşısında bəraət də ölkəni dibsizliyə aparan yoldan xilas etməkdir.

Dövlətə qarşı çıxmaq nə deməkdir?

Ölkədə korrupsiyaya, seçki saxtakarlığına, qanundışı zorakılıqlara qarşı etiraz edənlərə “dövlətə qarşı çıxanlar” deyib həbsə atırlarsa, buna nə ad vermək olar ki? Bu o demək deyilmi ki, bunların anlamında dövlət korrupsiya və oğurluq üçün yem yeridir? Və bu da bir daha sübut etmirmi ki, Azərbaycan hakimiyyətini ələ keçirənlərin qafasında dövlət klassik dövlət anlayışı ilə heç bir eyniyyəti olmayan anlayışdır? Başqa izahı yoxdur və ən qızğın ictimai polemikalar da bu anlayışsızlığın necə yerbəyer edilməsi üzərində qurulmalıdır.

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1