YURD gizlinləri və yurddan gizlinlər

14-01-2014, 02:25
0
YURD gizlinləri və yurddan gizlinlər

Bu, ittihamlara cavab deyil, həqiqətlərin təkrar-təkrar yazılması ehtiyacından doğan qeydlərdir

Polemika yaxşı şeydir. Kimisə söymədən, strateji, taktiki, ideoloji, hətta şəxsi müstəvidə dayanan məsələlər üzərində polemika açmaq və insanlara həqiqətin təqdim edilməsindən yaxşı nə ola bilər ki?

Amma polemika kin və hikkə ağırlığı ilə aparılırsa, əmin olun, orada həqiqəti üzə çıxarmaqdan daha çox, onu gizlətməyə xidmət edilir.

Anlaşılmaz ittiham

Ola bilər ki, bu bir baxımdan mənim də günahım sayıla bilər ki, Azərbaycanda YURD yetərincə tanınmır. Daha doğrusu, bir zamanların ən möhtəşəm təşkilatlarından olan bu birliyi indiki gənc nəsil yetərincə tanımaya bilər. Buna görə də bəzən belə hallarla qarşılaşmalı olursan ki, birisinin haqqında guya ittiham irəli sürürmüşlər kimi, "o, YURD-çu olub" deyirlər. 
Müxalifətdaxili indiki polemikada da (hərçənd, bunu polemika adlandırmaq artıq mümkün deyil) YURD mənşəli olmağı ittihama çevirmək elementlərini gördüyümdən bu  qeydləri etməyi özümə borc və fürsət bildim. "Fürsət" ona görə ki, təqribən, 25 il əvvəlin o möhtəşəm hadisələrinin indiki gənclik və tələbələr üçün əsl müntəxəbat ola biləcəyinə şübhə etmirəm.

YURD möhürü

YURD birliyi 1987-ci ilin sentyabrında yaradıldı. Amma boş yerdən yaradılmadı. YURD yaranana qədər də Bakı Dövlət Universitetində (o zaman Azərbaycan Dövlət Universiteti adlanırdı) və bəzi başqa ali məktəblərdə xırda-xırda tələbə təşkilatları, ali məktəblərdən kənarda bəzi dərnəklər mövcud idi. Bu təşkilatların hamısı tarix, ədəbiyyat profilli olaraq, milli kimlik problemlərini yarımsiyasi kontekstdə müzakirə etməklə məşğul idilər. Onların əksəriyyəti haqqında indi heç bilgi yoxdur. 
İlk olaraq, Bakı Dövlət Universitetində mövcud olan xırda tələbə qrupları birləşdilər. Bu birləşmədən YURD birliyi yarandı. YURD-un da ilk nizamnaməsində Azərbaycan tarixinin düzgün öyrənilməsi, tarixi və mədəni abidələrimizə ictimai diqqətin və dövlət qayğısının təmin olunması, Azərbaycan xalqının hər iki Konstitusiyada (Azərbaycan SSR və SSRİ) nəzərdə tutulan hüquq və azadlıqlarının tam təmin olunması kimi məsələlər yazılmışdı. Yəni, YURD yalnız ictimai təşkilat deyil, həm də siyasi klub adlana bilərdi. Xatırladıram ki, YURD birliyinin emblemi 8 guşəli ulduzun fonunda ayparadan ibarət idi və bu, o demək idi ki, bu təşkilat Azərbaycan Cümhuriyyətinin ənənələrini qəbul və bərpa etmək missiyasını daşımaq iddiasındadır. Əlbəttə, SSRİ-də Qorbaçov "perestroykası" elan edilməsinə baxmayaraq Azərbaycan kimi ucqarlarda belə ictimai-siyasi iddialarla meydana atılmaq təhlükəsiz deyildi. "KQB" vardı, Azərbaycanın elə indiki günlərdəki kimi qəddar və müstəqil olmayan hüquq-mühafizə orqanları vardı... Ziyalılarımız sovet ziyalıları idi və kütləvi şüurda Azərbaycan istiqlalı, milli dəyərlər kimi ideyaların reinkarnasiyası ən dəhşətli və qorxunc təşəbbüslər kimi dəyərləndirilirdi. Amma biz bu işi bacardıq. Qorxmadıq. Şəxsi nümunələr yaratmaqdan çəkinmədik. 
Həm də, kimsə iddia edə bilməzdi ki, YURD birliyini yaradanlar uğursuz tələbələr idi. Əksinə bu təşəbbüsə qoşulanlar arasında hamısı əla və yaxşı qiymətlərlə oxuyanlar idi. 
1987-ci ilin sentyabrında təsis edilən YURD qısa zamanda kütləviləşməyi bacardı. Yəni, yalnız BDU-da deyil, Azərbaycanın başqa ali məktəblərində də özəklər yarada, nümayəndələr aşkar edə bildik. YURD-un Nizamnaməsinə görə təşkilata yalnız ali təhsil alan və ya almaqda olan Azərbaycan vətəndaşları YURD üzvü olan iki nəfərin zəmanəti əsasında qəbul edilə bilərdi. Amma bu, kütləviliyə mane olmurdu.

Biz Xudafərin körpüsünü xilas etdik!

Elə həmin 1987-ci ildə YURD birliyi ilk böyük uğuruna imza atdı. SSRİ və İran hökumtləri arasında bağlanan müqaviləyə görə Xudafərin körpüsü üzərində su elektrik stansiyası tikilməli, bu tarixi abidəmiz su altında qalmalı idi. YURD birliyi buna imkan vermədi. Ölkə tələbələrini və milli hissiyatı olan bütün ziyalıları səfərbər etdi. Moskvaya 3 nüsxədə 5 min imza təqdim edildi. Moskvada və Bakıda hökumətə, faktiki olaraq, ultimatum verildi. SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin və Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə ölkə ziyalılarının və tələbələrinin "ittiham-görüş"ünü (afişalarda belə yazmışdıq!) təşkil etdik. Bu qərarı durdurduq.

Dəmir axın

Sürətlə təşkilatlandıq. Bir sıra kütləvi tədbirlər (konfranslar, ədəbi-bədii gecələr və s.) bu kütləviləşmənin vüsətini artırırdı. Bizi "inqilabçı" adlandırmağa başlamışdılar. Və bu inqilab yarandı!
1988-ci ilin fevral ayının 19-da YURD Birliyi Bakı şəhərində ilk böyük mitinq keçirdi. Bu, sadəcə "böyük mitinq" deyildi. Əsl inqilab idi. O zaman Qərbi Azərbaycanlıların Ermənistandan qovulması prosesi başlanmışdı və YURD bu dəhşətlərə qarşı əməli etiraz edən ilk təşkilat oldu, bununla da təşkilatın fəaliyyətində siyasi çalar ictimai çaları azaltmağa başladı. 
İnqilab nə ilə ifadə olunurdu? Sovet hakimiyyəti qurulandan və işğal baş verəndən üzü bəri Azərbaycanda 1988-ci ilin 19 fevral mitinqinə bərabər sayıla biləcək aksiya olmamışdı. Bu aksiyada 50 min nəfərə qədər insan iştirak etdi! 
19 fevral aksiyasından sonra yazıçı Mövlud Süleymanlı ilə onun evində bir söhbətimiz olmuşdu. Mövlud Süleymanlı bu mitinqdən aldığı təəssüratı kövrələ-kövrələ belə anlatmışdı: "Mən bu hissi ifadə etməyə çətinlik çəkirəm. Siz mümkün olmayanı etdiniz. Pəncərədən baxıb küçədəki dəmir axını gördüm və mənə elə gəldi ki, bu axın mənim içimdən keçir, məni özümdən asılı olmadan başqa bir adama, çox güclü bir adama çevirir...".
YURD bunu bacarmışdı.
O zaman qədər Azərbaycanda fəaliyyət göstərən gizli və yarımgizli təşşkilatların heç biri bu tələbə təşkilatı qədər nəhəng ictimai aksiyalara təşəbbüs etməmiş və ya edə bilməmişdi.

Yurdun təqvimi və ünvanı

Həmin 1988-ci il ərzində həyata keçirdiyimiz başqa işlərdən söhbət açmaq istəmirəm. Amma bir mühüm məsələni qeyd etməliyəm ki, insanlar, yeni nəsil YURD adını ittiham kimi səsləndirənlərin hansı günaha yol verdiklərini bilsinlər.
Bu zamanlar "Milli Dirçəliş Günü" adlandırılan, amma təəssüf ki və tamamilə məntiqi olaraq avtoritar Azərbaycan hakimiyyəti tərəfindən unutdurulan həmin tarixi gün 1988-ci ilin 17 noyabrında başlayan və milyondan artıq insanın iştirak etdiyi həmin möhtəşəm hadisələrlə bağlıdır. Axı, bu mitinqi təşkil edən YURD birliyi idi və mitinqin təşkilat Komitəsinin 90 faizi YURD birliyinin üzvləri idi. Həm də havadan götürülən ideya deyildi. Noyabrın 14-də Bakı Dövlət Universitetinin qarşısında çoxminlik mitinq keçirərək Azərbaycan hakimiyyətinə şərt qoymuşduq ki, 2 gün ərzində hökumət Topxana meşələrində aparılan işlərə son qoymasa və Dağlıq Qarabağda Azərbaycan hakimiyyətinin nəzarətinin təmin olunduğu barədə ictimaiyyətə məlumat verməsə, 3-cü gün, yəni noyabrın 17-də ümumrespublika mitinqi keçirəcəyik. 
Və bunu etdik. Həmin zamandan sonra 17 noyabr Milli Dirçəliş günü, Lenin meydanı isə Azadlıq meydanı adlanır. Təkcə bu aksiya ilə biz bir tələbə hərəkatı olaraq Azərbaycan tarixinə, ən azı bir gün və ən azı, bir ünvan yazdıq.

Biz də qazanmağa başlamışdıq...

1988-1989-cu illərdə YURD üzvləri bütün ölkə boyu baş verən proseslərdə ən fəal şəkildə iştirak etdilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Xalq Cəbhəsi yaranana qədər YURD birliyi ölkənin ən mütəşəkkil, ən erudisiyalı və güclü təşkilatı idi. Ali məktəb mənşəli olması bu təşkilatı təkcə kütləvi aksiyalarla güclü etmir, həm də bütün diskussiyalarda, o cümlədən davam edən erməni-türk münaqişəsi ətrafında SSRİ çapında aparılan müzakirələrdə məğlubedilməz tərəfə çevirirdi. Biz boş vaxtlarımızda ən ağır işlər tapır, pul qazanır və həmin pullarla tədbirlər keçirir, Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılması istiqamətində böyük işlər görürdük. Biz bir təşkilat olaraq ölkənin demək olar ki, bütün ali məktəblərində gücə çevrilmişdik...

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1