Müxalifət dağılmır, müəyyənləşir

11-01-2014, 02:26
0
Müxalifət dağılmır, müəyyənləşir

İsa Qəmbərin hakimiyyətlə münasibətlərinin ifadəsi başqadır

Bəlkə də, yazmaq istəmədiyim məsələlər sırasında müxalifətdaxili ziddiyətlər problemi birinci sırada dayanır. Bu dəfə də bu barədə yazmayacağam və çalışacağam ki, bu yazıda daha çox Milli Şura və ölkə siyasətçilərinin ictimaiyyət qarşında bu müxalifət birliyinə aid götürdüyü öhdəliklərə toxunum. 
Aydındır ki, Milli Şura yaradılanda kimin oraya hansı niyyət və məqsədlərlə qoşulduğunu ölçmək üçün heç bir cihaz yox idi. Bu cihaz indi də yoxdur. Amma belə bir mistik cihazın əvəzinə, pis-yaxşı, hələ də işlək vəziyyətdə olan ictimai rəy mexanizmi var. Bu sınıq-salxaq, amma hələ də 90-cı illərdən qalma ətalətlə işləyən mexanizmdən hərdən hətta İlham Əliyevin avtoritar hökuməti də qorxur, çəkinir. Məsələn, “Əsgər ölümlərinə son!” aksiyası zamanı, Qarabağ əlili Zaur Həsənov özünə od vurub odlayanda avtoritar İlham Əliyevin hökumətinin necə əl-ayağa düşdüyünü hamımız gördük və birmənalı olaraq hamımız bu qənaətdə olduq ki, həmin mexanizm olmasaydı, Zaur Həsənovun ailəsini dilə tutmaq üçün minlərlə pul xərcləməzdilər.

Tərəddüd inamın düşmənidir

Elə həmin ictimai rəy mexanizminə güvənərək hesab edirəm ki, Milli Şuranı (onun adının nə olmasının elə bir önəmi yoxdur) bitirmək istəyənlər bu gün də, sabah da, yaxın və uzaq gələcəkdə də ölkə insanının düşdüyü zəlil günlərin sayının artmasına görə cavab verəcəklər. Bəli, mən hesab edirəm ki, Milli Şura Azərbaycanda avtoritarizmə etiraz edən narazı insanların və bütöv zümrələrin səfərbər olunması üçün əvəzsiz bir modeldir. Bu, hələ də belədir. Əgər Milli Şuranın tərkibində tərəddüdlə qalmaqda davam edənlərin tərəddüdü öz ambisiyalarının, xırda umu-küsüləri ictimai mənafelərin kəlləsinə otuzdurmaqla yaranan siyasi yanaşmalarının məntiqi ilə (ya da məntiqsizliyi ilə) başa çatsa, daha belə olmayacaq. Amma nə baş verəcək ki? Milli Şura yaradılanda heç kim belə hesab etmirdi ki, bu qurum seçki saxtakarlıqlarının qarşısını kəsə biləcək bir gücün təmsilçisi olacaq. Əksinə, hamı belə hesab edirdi və ola bilər ki, hətta Milli Şuranı tərk edənlər də azacıq sonra dağınıq nikbinlik saçacaqlar ki, İlham Əliyev hakimiyyətinin tam siyasi iflasına az qalıb. Biz bu bəyanatları çox eşitmişik. Amma arxasında gerçək əməl dayanmayan bəyanatların nikbinliyi qara qəpiyə dəyməz. Bunlar sadəcə olaraq, “ura!” naminə səsləndirilən bəyanatdır.

Əyri trayektoriya doğru əməl deyil

Əməl nədir? Əməl siyasi liderliyə iddia edənlərin siyasi trayektoriyalarıdır, qəbul etdikləri və ya edəcəkləridir. Bu siyasi liderlərin hamısının bir yerə yığışıb müxalifətin uzunmüddətli, ardıcıl və qələbəyə aparan blokunu yarada bilməməsi əməlsizlikdir. Müsavat partiyası Milli Şuradan getdi. Ortada hansı arqumentlərin səsləndirilməsi önəmli deyil. O da önəmli deyil ki, bu mərhələdə qarışılıqlı ittihamlar kimin tərəfindən başlanıb və kim onu necə davam etdirir. Fakt bundan ibarətdir ki, Milli Şura bir böyük müxalifət blokudur, bu blok hamının təşəbbüsü və istəyi ilə yaradılıb, məqsəd isə Azərbaycanda diktatura hakimiyyətini ləğv edərək demokratik bir hökumət yaratmaqdır. Normal məntiq deyir ki, elan edilən məqsəd əldə edilməyibsə, bu birlik nəinki davam etməlidir, həm də gündən-günə genişləndirilməli və gücləndirilməlidir.

Anlaşma və uzlaşma arasındakı fərqlər

Gedənlərlə işim yoxdur və heç bir ittiham filan da səsləndrmək istəmirəm. Sadəcə olaraq, kənardan müşahidə olunan effekt var. Bu effekt ondan ibarətdir ki, Müsavat başqanı İsa Qəmbər İlham Əliyev hakimiyyəti ilə hansısa mülahizələrlə uzlaşıb. Diqqət edin, xahiş edirm. Mən “anlaşıb” demirəm və iddia etmirəm ki, İsa Qəmbər hansısa iqtidar nümayəndəsi ilə bir masa arxasında əyləşərək ortaq məxrəcə gəlib. Amma “uzlaşıb” ifadəsini qəti olaraq qeyd edirəm. Bu uzlaşmanın hansı məqamlarda hansı nəticələri yaradacağını görəcəyik.

Avtoritarizmin dərinliklərindəki dalğıclar

Amma indi müşahidə və müzakirə olunası daha vacib məsələlər var. Bu, Milli Şuranın bundan sonrakı fəaliyyəti ilə bağlıdır. Bu mərhələdən sonra Milli Şuranı tərk etmək fikrinə düşənlərin də heç bir tutarlı arqumentləri olmayacaq. Kimlərsə gedə bilər. Bütün hallarda arqumentlər ayrı-ayrı adamların, siyasi-ictimai xadimlərin qarışılıqlı şəxsi münasibətlərindən, simpatiya-antipatiya problemlərindən ibarət olacaq. Amma Milli Şuraya münasibətdə on minlərlə, yüz minlərlə azərbaycanlının, indilərdə, ola bilər ki, susqun müşahidələrinin arxasında işaran ümidini nəzərə alan siyasilərin sayı nə qədər olacaq, əsas sual budur. Bəlkə, elə bir mərhələ başlayıb ki, hər bir siyasi lider öz partiyasını, təşkilatını götürüb avtoritarizmin dərinliklərində hansısa olduqca vacib problemlərin həlli ilə məşğul olacaq, onu bilmirəm, amma o dərinliklərdə Azərbaycanın və sıravi azərbaycanlının mənafeləri heç zaman nəzərə alınmayıb, alınmayacaq da - oraya kimlərin baş vurmasından asılı olmayaraq.

Ziyalılıq meydanı

Azərbaycan ziyalılarının mühüm bir qrupu indi meydanda görünən adamlardır. Mən əski sovetlərdən üzü bəri ziyalı işləməkdə davam edən insanların çoxunu Azərbaycan ziyalısı hesab etmirəm. Gördüyüm, tanıdığım və qəbul etdiyim ziyalılar millətin və insanlarımızın zəlil günə salınmasına etiraz etməyi bacaran insanlardır. Bu günlərdə Milli Şuranın taleyini bu adamlar müəyyənləşdirmək əzmində ola bilsələr, yaxın gələcəkdə biz daha böyük müxalif mərkəzləşmənin şahidi olacağıq. Belə bir ictimi təşəbbüs olmasa, o zaman yaxın bir neçə il gerçək müxalifətin sağdan və soldan yersiz tnqidlərindən başqa heç nə ilə yadda qalmayacaq, hakimiyyət, özünün həta ən deqradasiya olunmuş formasında belə ağalığını sürdürməkdə davam edəcək. Çünki etiraz nüvəsini, dirəniş imkanlarını səfərbər edə bilməyən bir cəmiyyət ən ciddi təhlükələrin də qarşısında əliyalındır.

Son dirəniş

Bu dirəniş imkanları isə bu gün var. Baxmayaraq ki, artıq ciddi və prinsipal müxalifətçiliyi “qaragüruh” kimi təqdim etməkdən zövq alan qəribə bir “ağ güruh” peyda olmaqdadır. Bu “ağ güruh” şəxsi təminat imkanlarını genişləndirdikcə müxalifətçiliyin mahiyyətini anlamağa çətinlik çəkən dəstənin hesabına genişlənir. Onlar üçün artıq, Azərbaycanda avtoritarizm daha cəlbedici və daha təminatlı görünməyə başlayır. Amma ölkədə bu avtoritarizmi dəhşət və qorxu olaraq öz həyatında yaşayan milyonlarla insan var! Məhz, milyonlarla. Bu milyonlar gizlidirlər, amma gizli hesablarda deyillər. Onlar insanlardırlar, amma heç bir hüquqları yoxdur. Onlar padşahın əta etdiyi kimi yaşamağı qəbul etməyə məcbur edilmiş insanlardır. Doğrudur, onların xilası öz əllərindədir, amma bu xilas yolunu göstərənlər olmalıdır. Böyük birlik buna görə lazımdır. Böyük birlikdən yayınmağın nəyə görə lazım olduğunu isə, mən bilmirəm...

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1