Cənnətin real və təsəvvürlərdəki hüdudları

7-01-2012, 04:03
0
Cənnətin real və təsəvvürlərdəki hüdudları

Korrupsiya avtoritarizmin pasportudur və İran bu pasportdan imtina etməyib

“İran bizə ən yaxın dövlətdir” başlıqlı ötən yazı “Azadlıq”ın saytına yerləşdiriləndən sonra bu yazı ilə bağlı müxtəlif tipli şərhlər əlavə edildi və mən elə orada qeyd etdim ki, bu şərhlər çox maraqlı polemika üçün əsas verir.
Şərhlərdən birində çox böyük əminliklə qeyd edilirdi ki, İranda korrupsiya yoxdur. Bir başqası israr edirdi ki, Azərbaycandakı rejimin yaxasını buraxıb İrandan yazmaq şübhəli səbəblərlə bağlı ola bilər. Başqa bir oxucu xeyli qabağa gedərək eretik bir irad tutmuşdu: “İrana qarşı olmaq İslama qarşı olmaq deməkdir”...

İqdır azərbaycanlısı sayaq Azərbaycan “iranlısı”

Mən birincidən başlayıram. Həqiqətən də, Azərbaycanda bir çoxları belə hesab edirlər ki, İranda korrupsiya yoxdur. Bu ona bənzəyir ki, Azərbaycan mafiozlarından beş-on manat pul alan bəzi İgdır azərbaycanlıları Azərbaycanda cənnətəbənzər bir həyat qurulduğunu təbliğ edirlər və hələ bir yekə-yekə öz təbliğatlarını da əsaslandırırlar: “Biz Azərbaycan davası aparırıq”. Amma bu dəfə bunların yaxasını, həqiqətən də buraxmaq istəyirəm...
İranda korrupsiyanın olduğunu söyləmək üçün xüsusi ağıl sahibi olmaq lazım deyil, sadəcə İrana ötəri bir baxış fırlatmaq gərəkdir. Orada iqtisadi həyatın tənzimlənməsi üçün az qala həftədə bir dövlət idarəsi yaradılır; ölkənin mədaxil və məxaric bilgiləri üzərində tam bir qeyri şəffaflıq var; valyuta bazarında qiymətlər üzərində dövlət nəzarəti var; bank sistemi sabit deyil. Bunlar korrupsiyanı oluşduran çox münbit səbəblərdir.

Korrupsiya ilə mübarizədə oğruların raportu

Mən İrançı “patriot”ları İranın İqtisadiyyat və Maliyyə naziri Şəmsəddin Hüseyninin açıqlaması ilə məyus etməyə məcburam: “BMT baş katibinin müavini Yuri Fedotov bu yaxınlarda Tehranda oldu və İranda korrupsiya ilə mabarizənin yaxşı aparıldığını qeyd etdi...”. Bu, 2008-ci ilin etüdlərindəndir. 
Olmayan korrupsiyaya qarşı mübarizənin BMT səviyyəsində qiymətləndirilməsini xüsusi olaraq qeyd etmək nəyə lazım idi görəsən?
Bu, məsələnin bir tərəfidir. Başqa tərəfdən İranda korrupsiyaya qarşı mübarizənin qənaətbəxş olduğundan ağızdolusu danışan bu Şəmsəddin Hüseynini Azərbaycandakı İran təəssübkeşlərinə balaca bir haşiyə ilə tanıtdırmaq istərdim:
“İran parlamentinin deputatları prezident Mahmud Əhmədinejaddan israrla tələb edirlər ki, o, energetika naziri Məcid Həmcini və İqtisadiyyat naziri Şəmsəddin Hüseynini təcili olaraq istefaya göndərsin. Bu adamlar qurama bir şirkətin İran banklarından 2 milyard dollardan artıq kredit alması əməliyyatında təşkilatçılardan sayılırlar”. Əlavə olaraq xatırlatmaq istəyirəm ki, İİR tarixinin bu ən iri korrupsiya əməliyyatında prezidentin qudası (və prezident aparatının rəhbəri) Rəhim-Məşainin də birbaşa iştirakı var.

Korrupsiya istənilən avtoritar rejimin doğuluş zədəsidir

Əlbəttə, bəziləri deyə bilərlər ki, indi İranda hakimiyyət budaqları arasında qızğın çəkişmə var və buna görə də orada kompramat yağışı bəzi olayları şişirdilmiş şəkildə təqdim edir. Amma İranda korrupsiya yeni başlamayıb ki...
1979-cu ildə İslam İnqilabı qalib gələndən dərhal sonra orada dövlət məmurları ciblərini doldurmağa başlayıblar. Korrupsiyanı və rüşvətxorluğu barmaqla göstərmək o qədər də asan olmur. Çünki qapalı cəmiyyətlərin bəlası olan bu yara qapalı dairədən kənarda çox az hallarda müşahidə edilir. Amma bu yara şişəndən sonra daha onu gizlətmək olmur. 90-cı illərdə ayətullah Xameneyinin yaxın adamı olan Rəfiqdust ailəsi də, beləcə, daha gizlənə bilmədi. Günün birində bəlli oldu ki, bu qardaşlar İranın ən iri fondlarından olan “Yoxsullara yardım” fondundan 300 milyon dollar çırpışdırıblar. İstintaq başlandı. Amma Rəfiqdustlar sudan qupquru çıxdılar, çünki dini rəhbər özünün yaxın çevrəsində olan adamların belə bir ittihamla həbsə düşməsini istəmədi.
Heç kimə sirr deyil ki, İranın dini-inzibati elitasına (ki eyni zümrədir) daxil olanların əksəriyyəti Qərb ölkələrində yaşamaq hüququ verən sənədlər əldə ediblər. Bu yaxınlarda İran Milli Bankının direktoru Mahmud Rza Xavərinin Kanadaya qaçaraq orada məskunlaşması da spontan bir qərar deyildi: adamın cibində Kanada pasportu vardı. Xavərinin Torontodakı evinin qiyməti 3 milyon dollar, bu evə görə ödənilən sadəcə illik vergi 35 min dollardır. Bank müdiri ayda 10 min dollar əmək haqqı alırdı.
“Korrupsiyasız” İran gerçəkliyində Bank müdirinin topladığı milyonlara heyrətlənmək lazım deyil. Çünki, sadəcə bir polis təşkilatının (qeyri rəsmi) rəhbəri sayılan (“Bəsic” dini polisi) Müştəba Xameneyinin xarici banklarda 20 milyard dollar pulu var. Bu pulların bir hissəsinin üzərinə BMT-nin sanksiyalarından sonra həbs qoyulub. Və buraya da balaca bir əlavə yerləşdirmək istəyirəm ki, ağayi Müştəba İİR-in dini lideri, Ali Rəhbər Seyid Əli Xameneyinin oğludur, prezident Əhmədnejadın yaxın çevrəsinə daxildir.

Oliqarx və korrupsioner ayətullahlar

“İranda korrupsiya yoxdur” iradını bildirmək sadəlövhləri aldatmaq məqsədi də daşıya bilər, sadəlövhlüyün nəticəsi də. Amma sadəlövh olmaqda davam edərək, İran Ali Məhkəməsinin üzvü doktor Abbas Pəlizdarın 2008-ci ilin may ayının 3-də, şənbə günü (14 Ordibehişt 1387) Həmədan Universitetinin tələbələri qarşısında çıxışına da baxmaq maraqlıdır. Doktor eyni çıxışı 24 gün sonra Şiraz Universitetində də etmişdi. Həmin çıxışda İranın 50-dən artıq dövlət məmurunun, o cümlədən 9 nəfər iri rütbəli dini məmurun adları irimiqyaslı korrupsiya əməliyyatlarında hallanırdı. Bunların arasında Ayətullah Emami Kaşani, Ayətullah Yəzdi Foruzeş, Hüccətül İslam Əli Əkbər Natiq Nuri, Ayətullah Aləm-ul Xuda, Ayətullah Abbas Vaez Tabbasi, Ayətullah Mesbahe Yəzdi, Ayətullah Məkarem-e- Şerazi kimi yüksək inzibati və dini rütbə sahibləri var. Bu adamların barəsində açılan cinayət işi heç nə ilə qurtardı: onların bir hissəsi bəraət aldı, bəziləri isə elə yüngül cərimə cəzası ilə azad edildilər ki, iranlılar həmin cərimə məbləğinə 10-15 yumurta ala bilərdilər.
Amma söhbət şəkər, yanacaq, avtomobil,.. biznesi kimi iri kommersiya sahələrini monopoliyaya alan bu adamların yüzmilyonlarla dəyərləndirilən maliyyə maxinasiyalarından gedirdi.
Amma “İranda korrupsiya yoxdur”. Məni bağışlayın, mən onun mövcudluğunu sübut etmək üçün bundan artıq dəlil gətirmək istəmirəm. Gedin, özünüz məşğul olun.

Bidətçi yanaşmalardan çəkinmək lazımdır

Biz heç zaman Azərbaycandakı avtoritarizm və onun fəsadları barədə mövzuları bir kənara atmadıq. Davamlı olaraq, bu məsələlərin üstünə gedirik. Amma Azərbaycanda daxili ictimai rəyi “İran cənnəti” barədə nağıllarla çaşdırmaq istəyənlərə də təkid edirik ki, bizə lap qulağımızın dibində avtoritarizmin və tiraniyanın hansısa ekzotik modelinin mövcud olduğu barədə nağıllar oxumaq lazım deyil. Üstəlik, “İrana qarşı olmaq dinə qarşı olmaqdır” kimi bidətçi hökmlər verəcək səviyyədə bu mövzunu qapatmaq istəyənlərə təkidimiz israrlıdır. İranın siyasi gerçəkliyi İslam dininin ehkamları daxilində və müstəvisində olmayan bir anlayışdır. Hadisələrə və fikirlərə münasibət bildirəndə bir qədər ehtiyatlı olmaq lazımdır. Və ya bir qədər savadlı.

Azərbaycan və İran arasında

Mən İrana qarşı deyiləm. İran böyük bir mədəniyyətə ev sahibliyi edən qədim bir tarix deməkdir. Sadəcə, Azərbaycanda dini özünün zor və korrupsiya aparatının çarəsiz bir əlavəsinə çevirən bir qrupla, İranda din adı ilə zor və korrupsiya aparatı yaradan bir qrupun arasında heç bir fərqin olmadığını iddia edirəm.
Bir fərq var. Buradakı zor və korrupsiya aparatını yaradılırkən mənə məxsus olan heç bir ideyanı və dəyəri istismar etmirlər. Bunlar Heydərizm adlı bir ideologiya yaradıblar və cəmiyyət üzərində ağalıqlarını bu ideologiyanın adı ilə tətbiq edir, insanları bu ad altında əzirlər. İranda isə mənə məxsus olan dəyərlər sistemini deformasiya edərək on milyonlarla insanın haqqını tapdalayırlar. İslam dini bizim hamımızın, hətta özünü ateist elan edənlərin belə formalaşmasında dominant ideya kimi iştirak edir. İran teokratiyasının bu dini öz inhisarına alaraq siyasi eksperimentlər aparmaq, bu dinin adından hökm verərək milyonlarla, on milyonlarla insanın taleyini əzik-üzük hala salmaq, üstəlik, bu eksperimentləri ixrac etmək üçün şər`ən və fiqhən yolverilməz olan üsullardan istifadə etmək haqqı yoxdur.

100 faiz İslam dövləti nə deməkdir?

Ötən yazıya şərhlərin birində yazılır: “Əgər İran 100 faiz İslam dövləti deyilsə, heç olmasa buna can atır. Bəs biz? Buna can atırıqmı?”.
Birincisi, İran 100 faiz və ya hər hansı başqa faizlik dini dövlət qurmağa can atıb eləmir. Bu cəhdlər İslam inqilabının romantika dövründə bitdi.  İkincisi, bu eksperimenti qarşımızda gördükdən sonra biz İslam dövləti qurmağa cəhd etməliyikmi? Ümumiyyətlə, “İslam dövləti” iddiasını irəli sürənlər bu hökmün məsuliyyətini  başa düşürlərmi? Bunlar ritorik suallar deyil və geniş müzakirə edilməlidir. 
Kim öz arqumentlərini yetərli saya bilirsə, buyursun meydana və polemikaya qoşulsun.
Mən Azərbaycanda dini və hər hansı başqa kateqoriyadan olan totalitar ideologiyalı dövlətin qurulmasının əleyhinəyəm.

***

İranın İsraillə qarışılıqlı münasibətlərini Azərbaycanla əlaqələndirmək istəyi isə adekvat münasibət deyil. Üstəlik, İranın bu siyasətinin hansısa uğurlarından danışmaq üçün dünyadan bixəbər olmaq lazımdır...

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1