İran bizə ən yaxın dövlətdir

3-01-2012, 04:05
0
İran bizə ən yaxın dövlətdir

Bu müzakirələrdən qorxmayın və bu problemlərin üzərinə gedin

Hərdən ictimai rəyə elə mövzular təqdim edilir ki, istər-istəməz bu mövzu ilə bağlı bir neçə dəfə fikir bildirməyə ehtiyac hiss edirsən. Hərdən, hətta hesab etməyə başlayırsan ki, ortalıqdakı mövzu təmsil olunduğun cəmiyyət üçün ən uzunmüddətli polemikalardan biri kimi qalacaqdır. Son aylar Azərbaycan cəmiyyətində müzakirə edilən din və siyasət, bu kontekstdə ortalığa çıxan Iran-Azərbaycan münasibətləri də bu qəbildəndir.

Biz bu qədər yaxınıqmış!..

Din və siyasət mövzusunda polemika, ilk növbədə, Iran məsələsini təsəvvürə gətirir və bu, doğaldır. Çünki əhalisinin əksəriyyətinin şiə məzhəbli müsəlman olduğu Azərbaycanda dinin siyasətlə ilgisi oradakı modelləri canlandırmalıdır. Əlavə faktorlar, Iranın Azərbaycanla qonşu və həmsərhəd olması, yeni ruhani nəslinin, əsasən, orada dini təhsil alması, Iranda əhalinin yarıya qədərinin azərbaycanlı olması, hər iki ölkənin avtoritar rejim tərəfindən idarə edilməsi, hər iki ölkədə korrupsiyanın yüksək səviyyəsi və s. dayanır. Ilk baxışdan, ikitərəfli kontaktlarda bu qədər paralelləri olan iki dövlət arasında münasibətlərdə pozitivlər daha artıq olmalı idi. Amma deyil və Iranla Azərbaycan arasında etiraf edilməyən bir düşmənçilik, sanki heç vaxt baş tutmayacaq dostluq münasibətləri mövcuddur. Həm də bu, yalnız ona görə belə deyil ki, Azərbaycanla Iranın xarici siyasət oriyentasiyaları fərqlidir. Hətta o qədər fərqlidir ki, bu iki dövlətin təhlükəsizlik doktrinalarında nəzərdə tutulan və ya ehtimal edilən strateji müttəfiqlərin və düşmənlərin siyahısı bir-birilə kəskin şəkildə ziddiyyət təşkil edir. Elə buradan da başlayaq.

Və bu qədər də yad...

Bölgədə Azərbaycanın təhlükəsizliyini hədələyən bir nömrəli dövlət Ermənistandır. Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir, Azərbaycan ərazisinin 20 faizə qədəri onun işğalı altındadır. Ermənistanın işğal etdiyi bölgələrdə etnik təmizləmə aparılıb. On minlərlə insan bu müharibədə həlak olub, həlak olmaqda davam edir, minlərlə əsirin taleyi haqda heç bir məlumat yoxdur. Buna baxmayaraq, Ermənistan, eyni zamanda, Iran üçün Cənubi Qafqazda ən etibarlı və ən dost dövlətdir. Erməni politoloqları belə hesab edirlər ki, Gürcüstanın Qərbpərəst mövqeyi, Azərbaycanla Iran arasında hələ rəsmi iddialara çevrilməyən ərazi mübahisələri Ermənistan və Iranı ən etibarlı iki dosta çevirib. Bir çox Iran rəsmiləri və politoloqları da bu qənaətdədirlər. Məsələn, iranlı politoloq Bəhmən Şaib özünün iri yazılarının birində əsaslandırır ki, “Iran Ermənistanın yeganə qonşusudur ki, onunla heç bir problemi yoxdur və tarixi-mədəni birlik bu mehribanlığın daha da dərinləşməsini şərtləndirir”.
Iran bütün vasitələrlə təsir etmək istədiyi şiə Azərbaycanın qonşuluğu şəraitində belə, “Ermənistanla indiki münasibətlərin maksimal həddə qədər inkişaf etdirilməsində heç bir problem görmür” (Ifadə Iran prezidenti Əhmədinejada məxsusdur). Nəinki Iranın rəsmi dövlət dini olan şiə təəssübkeşliyi, hətta Islami birlik belə, “heç bir problem” deyil. Azərbaycan da, Iran da Islam Konfransı (IKT) təşkilatının üzvləridir. 2011-ci il yanvarın 19-da IKT-nin Parlamentlər Birliyi Xocalı soyqırımının insanlığa qarşı cinayət olaraq qiymətləndirilməsi üçün IKT-yə daxil olan 51 ölkəyə müraciət etdi. Bundan bircə həftə sonra Iranda dövlətin dəstəyilə fars dilində “garabgh.org” saytı yaradıldı və orada azərbaycanlıların ermənilərə qarşı davamlı soyqırım siyasəti barədə, “müsəlman təəssübkeşliyi”nə əsaslanan cəfəngiyyatlar yayılmağa başladı.
Iran və Ermənistan münasibətləri barədə çox arqumentlər irəli sürmək olar, amma bütün bu təfərrüat Azərbaycanda hər kəsə bəllidir.

Romantik və praktik Islam inqilabı

Azərbaycanda çoxlarına o bəlli deyil ki, Iran faktiki olaraq, baş tutmamış Islam dövləti modelidir və buna görə də Azərbaycanın perspektivi üçün örnək model ola bilməz. 
Iran Islam Inqilabının bətnində romantik Islami birlik ideyaları mövcud olub və bu romantika olmadan milyonlarla insanı inqilaba səfərbər etmək mümkün olmazdı. Amma bu romantika Islam inqilabının qalib gəldiyi günə qədər mövcud olub. Inqilabın səhəri gün isə həmin romantika öz yerini praqmatik dövlət siyasətinə verib və ədalət naminə demək lazımdır ki, inqilabın rəhbərləri bu problemin öhdəsindən çox rahatlıqla və ustalıqla gəliblər. Mən qətiyyən onu nəzərdə tutmuram ki, romantika ilə vidalaşmaq qaliblərin repressiya maşınında məhv edilən on minlərlə insan həyatının, yüz minlərlə insan taleyinin acı xatirələri hesabına başa gəlib. Bu romantika həm də qələbəyə hesablanan Inqilabi hərəkatla qalib gələn inqilabın nəzəri əsasları arasında heyrətamiz ziddiyyətlərin uzlaşdırılması hesabına baş tutub.

200 illik polemika

Əslində, bir sıra ziddiyyətlər Iran üləmalarının mühitində bir neçə yüz il idi ki, mövcud idi və Islam inqilabı da həmin bir neçə yüz illik ziddiyyət tərəflərdən birinin hesabına həll olunmasıyla başa çatandan sonra baş vermişdi.
Islam alimlərindən olan Kalim Sidikki (Pakistan) şiə alimlərinin mühitində olan bu mübahisəni detallı şəkildə təsvir edir. (Təbii, bu xüsusda başqalarının da ciddi araşdırmaları var). XVIII əsrin ortalarında şiə alimləri arasında bir sıra texniki sayılacaq məsələrlərə, o cümlədən siyasi hakimiyyət məsələsinə münasibətdə elmi-teoloji mübahisələrin növbəti mərhələsi qızışmışdı. Bu mübahisənin bir tərəfini “üsulilər”, o biri tərəfini “əxbarilər” adlanan elmi-nəzəri məktəblər təşkil edirdilər. Əxbarilər iddia edirdilər ki, ayrı-ayrı məsələlər, o cümlədən şəri məsələlər üzrə hökm çıxarılarkən hədislərə istinad etmək zəruridir. Üsulilər isə iddia edirdilər ki, ayrı-ayrı adamlar, daha doğrusu, yüksək ərkan sahibi olan müctəhidlər xüsusi rəy əsasında hökm çıxara bilərlər, digər müsəlmanlar isə bu müctəhidlərin hökmlərinə riayət etməlidirlər. Bu, “təqlid” adlanan dini prinsipin meydana gəlməsi demək idi və üsulilərin qələbəsi də bunu meydana gətirdi. Islam inqilabının lideri olan ayətullah Xomeyni də XVIII əsrdən bəri Iran teoloqlarının üstünlük təşkil etdiyi bu üsulilər məktəbinin davamçılarından və təmsilçilərindən biri idi.
Iranda siyasi hakimiyyət, yurisprudensiya, dövlət və cəmiyyət işlərinin bütün məcmusu bu məcmə-e-təqlid sisteminin daxilində aparılır.
Yeri gəlmişkən qeyd edək ki, ortodoksal Islam məzhəbi olan sünnilik bu mübahisəni X əsrdə həll etmiş və şəri və dövlət işlərində öz mülahizələrinə görə kimsənin hökm çıxarmaq qüdrətində olmadığını qəbul etmişdir: yəni, prinsipal məsələlərdə hər hansı müctəhidin mülahizələrinə yox, hədislərə istinad edilməlidir.
Amma Iranda XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən başlayaraq, üsulilərin dünyəvi hakimiyyəti sıxışdırmaq və dini hakimiyyəti genişləndirmək istiqamətində davamlı səyləri olmuşdur. Hələ 1892-ci ildə müctəhid Mirzə Həsən Şirazi Iran ərazisində ingilis tütününü yasaqlayan bir fitva vermişdi və maraqlıdır ki, həmin fitva ilk növbədə saray aristokratiyası tərəfindən icra edilməkdəydi.

“Islam dövləti” bunlara görəmi lazım idi?

Iranda üsulilərin tarixi qələbəsinin baş verdiyi 250 il ərzində onların əlinə yalnız bir praktik imkan düşüb: Iranda Islam inqilabı baş verib və ruhanilər hakimiyyətə gəliblər. Amma həmin “xalis dini dövlət” nəzəriyyəsinin daşıyıcıları bu yeganə praktik imkanı “xalis praqmatik dövlət” anlayışları ilə dəyərləndirməkdədirlər.
Əslində də “Transparency Internatioanl”ın siyahısında 120-ci yeri tutmaq, müsəlmanları kütləvi şəkildə qətlə yetirən bir dövləti özünün strateji müttəfiqi elan etmək, başqa bir xristian dövlətini (Rusiya) özünün qlobal təhlükəsizliyinin qarantı saymaq, Islam dünyasında mövcud olan bütün ziddiyyətlərin tərəfi olmaq,.. üçün Islam inqilabı adı ilə hakimiyyətə gəlməyə ehtiyac yox idi.

Bizim Irandan öyrənəcəyimiz nə var?

Iran Azərbaycana hansı dini normativləri ixrac edə bilər? Məgər Azərbaycan dindarlarının təqlid edəcəyi müctəhidlərin hökmən iranlı olması şərtdirmi? Hətta bu sualın özü belə, yayğındır və bu qədər kateqorik şəkildə qoyula bilməz. Məsələ burasındadır ki, bütövlükdə Islam dünyası, eləcə də, xüsusi olaraq, şiə məzhəbi ciddi daxili islahatlara getməlidir. O cümlədən, bu mərcə təqlid institutunun da ciddi islahata ehtiyacı var.
Bu müzakirələrdən qorxmaq lazım deyil. Bəşəriyyətin inkişafı yeni həyat və təfəkkür normativləri yaradıb və dinin əsaslarına toxunmadan onun yeni gerçəkliklər kontekstində həyatı, insanları, məişəti, hətta ibadət elementlərini əhatə edən islahatlara getməsi zəruridir. Islamın müqəddəs kitabı olan Quranda oxumaq və elm öyrənmək israr edilən hökmlərdəndir. Bu hökmlər qətiyyən ona görə edilmir ki, elm dini, məzhəbi ziddiyyətləri dərinləşdirmək üçün istifadə edilməlidir. Əksinə, elm insanların həyatını asanlaşdırmaq və Allahı daha asan dərk etmək üçündür. Buna görə də, Iran müctəhidlərinin XI,.. XVIII əsrdə ilişib qalmış teoloji düsturlarını əzbərləməyin mənası yoxdur. Hətta onların özləri belə, vəz etdiklərini əsas tutaraq dövlət qurmadılar. Heç şübhəsiz, Irandakı hakimiyyət müasir dünyada mövcud olan avtoritar rejimlərdən biri olaraq qeyri-legitimdir, onun siyasi sistemi də “respublika”nın (Cümhuriyyətin) praktik olaraq əsaslandırılmayan “imamət” adı ilə uzurpasiyasıdır.

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1