Başsağlığı verməyə nə var ki...

28-04-2015, 15:30
0
Başsağlığı verməyə nə var ki...
Qısa həyatını və gənc ömrünü ailəsinə və ölkəsinə edilən zülmlərlə yaşayan Nərgiz Yaqublunun ölüm xəbərini aldığımız o dəhşətli gün başqa bir gəncin ölümündən yazmışdım. Bundan öncəki yazımdır qəzetimizdə, kim istəsə oxuya bilər.
Nərgiz sevimlimizdir, əqidə və mübarizə yoldaşımızdır, böyük dəyər verdiyimiz atanın övladıdır, ondan yazmağımız qəlbimzin ağrısı kimi, öz dərdini ağlamaq kimi də görünə bilər. Dana bilmərəm, həm də bu var Nərgizlə bağlı sözümüzdə. Mən doğma bir adamı itirmiş kimiyəm, öz qızım Nərgizin üzünə əvvəlki kimi baxa bilmirəm hələ də. Amma həmin gün yazımda mən tanımadığım, məndən çox uzaq olan, özü icra başçısının oğlu ilə oturub-duran, atası uğurlu iş sahibi olan bir gəncin vaxtsız və faciəvi ölümündən ürək ağrısı ilə söz açmışdım. O gəncin atası indi məhkəmədə ədalət tələb edir, ürəyi parçalanır, böyük dərdi ilə xəbər tutan hər kəsi dərdə salır.
Həmin ata heç vaxt Nərgizin, onun atasının, bizim, konkret olaraq mənim apardığım mübarizəni saya salmayıb, əminəm ki, heç vaxt qiymətləndirməyib, bəlkə qınayıb da. Məhkəmələrin bu ölkəyə ədalət istəyən adamlara nə sitəm etdiyini heç vaxt düşünməyib də. Məsələn, məhkəmə ədaləti uğrunda mübarizənin simvolu olan Intiqam Əliyevin həbsi barədə bəlkə heç xəbərləri də oxumayıb. Təkcə ona görə yox ki, başı böyük biznesinə qarışıb, həm də ona görə ki, bizim ölkənin hansı bataqlığa sürükləndiyinin fərqinə varmayıb. Keşkə faciədən keçməyəydi ədalətsziliyi və haqsızlığı görmək, fəqət bütün bunlara da baxmayaraq, ölümün və ədalətsizliyin ağrısı çox böyükdür, başı sağ olsun, keçmiş olsun! Dərdinə şərik çıxırıq.
Amma Nərgizin dəfni günü bir daha anladım ki, başsağlığı vermək, ağlamaq, dərdi anlamaq çox asandır, çətin olan yaşadığın həyatı faciələrə bürüyən səbəbləri görmək, onlara bulaşmamaq, onlara qarşı çıxa bilməkdir.
R.Taqorun bir hekayəsi var, yanılmıramsa, adı “Vərəsə”dir. Varlı ata oğluna öz həyat yoldaşını həkimə aparmağa pul ayırmır ki, məgər indiyəcən insanlar həkimə gedirdi, dərmanlar içirdi. Oğlu isə ona deyir: “Ata, ola bilsin insanlar əvvəllər həkimə getmirdi, amma indi insanlar öləcəyini bildikdə belə həkimə gedir və bu çox vacibdir. Əksər hallarda bununla ölümdən yan ötüb normal ömür sürmək olur”.
Cənablar, çağımızda tibb bu qədər inkişaf etmişkən, biz bu qədər bacarıqsız və qeyri-insani səhiyyə ilə yaşa bilmərik.  Illərdir yazıram ki, bu cür təcili yardımlar, bu cür xəstəxanalar toplum ilə düşmənçilikdir. Park salıb başımızı yozmaq istəyən rejim bizi dütdülü ilə aldadır və məhvə aparır. Illərdir şəxsən mən yazıram ki, Almaniya Səhiyyə Nazirliyi federal hökumətə müraciət edib ki, Azərbaycan adlı ölkədən gələn xəstələrdə Hepatit virusuna yoluxmanın çoxluğu onları narahat edir və bu ölkə biz yaşadığımız ölkədir.
Illərdir deyirik ki, bu ədalətsiz məhkəmələrin ağrısı hamıya çatacaq, hamını vuracaq bu pislik. Illərdir deyirik ki, bu ağalıq, bu talan, bu yalan birbaşa və dolayısı ilə taleləri məhv edir, öldürür, sağalmaz yaralara vurur. Illərdir deyirik ki, bu təhsillə biz nadanlar və yaltaqlar ölkəsinə çevrilir, çürüyürük...
Və bu bəla təkcə onu anlayan Tofiq Yaqublu kimi aydınların başında deyil. Bax, çətini də elə bunu anlamaqdır, bunu bilməkdir. Başsağlığı verməyə nə var ki...
Hələ haqq uğrunda mübarizəyə qara yaxmaq, arxadan, yandan, sağdan, soldan, aşkarda, gizlində badalaq atmaq var. Şəxsi və qrup maraqlarına bir ölkəni təhlükələrə atmaq var! Bunlar hara, mələk kimi gənclərin ölümünə başsağlığı vermək hara! 
Keşkə hamı anlaya ki, cinayət xarakterli siyasəti, durumu, təntənəni, təbliğatı müdafiə etmək, ona azacıq, cüzi yardım etmək nə qədər ağır əməldir!

 Şahvələd Çobanoğlu

скачать dle 12.1