Bu da sizə çox acı nümunə

23-04-2015, 15:31
0
Bu da sizə çox acı nümunə
Bəzən yazılmış mövzunu davam etdirməmək olmur. Dünən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimiÿ Mürsəl Həmidovun 6-7 ay öncə mətbuata verdiyi açıqlamanı oxudum. Doktor qətiyyətlə deyib ki, Bakı şəhərində təcili yardım helikopterlərinə ehtiyac yoxdur. Səbəbini də çox ciddi cəhdlə əsaslandırmağa çalışıb. Amma bu gün TV-lər və mətbuat fəxrlə Avropa Oyunları üçün gətirilən 100 yeni təcili tibbi yardım maşınını göstərir və ən başlıcası odur ki, oyunlar zamanı xidmət edəcək təcili tibbi yardım helikopterlərinin texniki göstəricilərini elan edirlər. Ən müasir, ən bahalı helikopterlərdən söhbət gedir, bu haqda ötən yazıda qeyd etmişdim, həmin maşınlardan birinin qiyməti 10 milyon avrodan bahadır və ən yüksək səviyyədə təchiz olunublar.
Bəs Bakıda təcili yardım helikopterlərinə ehtiyac yox idi?! Nə dəyişdi? Xarici idamançıların tələbi, hörməti, çəkisi ayrıdır, ya Bakının halı dəyişib? Yüngül sakitləşdirici həblərdən və ya damcılardan atıb siz bu amansız təzadın təsirini adlamağa çalışın, mən isə başqa bir olaya diqqət çəkim...
“Əgər oğlum normal bir xəstəxanaya yerləşdirilsəydi, yardım göstərilsəydi və bundan sonra dünyasını dəyişsəydi, ürəyim rahat olardı ki, lazım olan edilib”- bu sözləri azərbaycanlı ata deyib yaxın günlərdə. Iş adamı, ölkədəki “Mc Donald”s restoranlarının şefi, oğlu qəzada ölən Maqsud Mirzəyev söyləyib məhkəmədə.
“Normal xəstəxanaya yerləşdirilsəydi, bəlkə də indi sağ idi. Mən hadisədən sonra 3-4 dəfə o xəstəxanada olmuşam, orada xəstəyə yardım etmək üçün normal avadanlıq yoxdur...” Bu da həmin atanın sözləridir.  
“Oğlumu təcili yardım maşınında aparıblar. Bildiyimə görə, maşında heç nəfəs aparatı da olmayıb. Əgər normal diqqət olsaydı, övladım sağ qalardı. Hadisə baş verəndən sonra oğlum şok vəziyyətində olub, küçədə, asfaltın üstündə qalıb”. Bu da oğlunu itirən Maqsuz Mirzəyevin sözləridir. 
Maqsud Mirzəyevin oğlu Səbail rayon Icra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlunun idarə etdiyi maşında həyatını itirib. Başçının oğlu sürücüdən sükanı alıb və yolda elə sürət qoparıb ki, yolçuluq faciə ilə bitib. Mətbuatda bu olayın detallarını oxuya bilərsiniz, işin ürək ağrıdan tərəfi odur ki, icra başçısının oğlu üçün gələnlər Maqsud Mirzəyevin oğlunu olay yerində qoyub gediblər, hadisə yerinə çox-çox sonra yuxarıda atanın təsvir etdiyi təcili yardım maşını gəlib və yaralı gənci yuxarıda söhbəti gedən Sabunçu xəstəxanasına aparıb, gənc də orada ölüb...
Indi isə ən vacib məqama diqqət edin. Olayla bağlı məhkəmədə şahid qismində çıxış edən “Howo” markalı yük maşının sahibi Nizami Aslanov deyib: “Mən gələndə yaralıları çıxarmışdılar. Biri lap ağır idi. Onu yolun kənarına uzatmışdılar. Ətrafda adamlar vardı. Təcili Yardım gec gəldiyi üçün yaralıları özümüz maşına qoyaraq xəstəxanaya aparmaq istəsək də polislər icazə vermədi ki, təcili yardımı gözləməliyik”. 
Diqqət etdiniz: “Təcili yardım gec gəldiyi üçün...” Indi bu sözlərdən və bu olaydan sonra görəsən Bakıda təcili yardım helikopterlərinə ehtiyac yoxdur deyən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimiÿMürsəl Həmidov nə hisslər keçirir? Oğlunu itirən Maqsud Mirzəyevin qarşısında durub ona necə təsəlli verərdi? Insanların gözünə necə baxardı?
Yəqin ki, “cənab prezidenti” tərifləyib, analoqu olmayan inkişafımızdan danışıb üstündən keçərdi. Hərçənd hər şeyin günahını onun üzərinə yıxmaq düşüncəsindən çox uzağam və ondan böyüklərin məsuliyyəti qat-qat böyükdür. Onlara görə isə, əsas Avropa Oyunlarıdır, azərbaycanlılar yolda ölsələr də olar! 
***
Bu sözləri isə öz yaxınlarımdan birini itirdikdə yazmışam:
“Adamı yandırır axı... 200 il öncə aydın diaqnozu verilən xəstəliyi sənin ölkəndə 2 il həkimlərin qapılarında dolaşdıqdan sonra görə bilirlərsə, yaşadığın həyatın acısı ölümün acısını üstələməyə başlayır. ”Ölüm haqdır" deyirik, bəs bu ölümlərin hamısı haqdırmı? Ölüm bir yana qalsın, həyatımızdakı acıların hamısı haqdırmı? Biz onlara haqq edirikmi?ÿ
Insan hansı ölkədə yaşamasından asılı olmayaraq, üzülə bilər, şəxsi uğursuzluğa, talesizliyə, qəzaya tuş gələr bilər, xəstələnə, sevgilisindən ayrıla, doğmasını itirə bilər. Bunlar hər zaman var, hər yerdə var, olacaq da.
Amma elə dərdlər var ki, onlar müasir toplumun, müasir həyatın problemi ola bilməz. Elə problemlər var onlar çoxdan keçmişdə qalmalı idi. Onlar bizim həyatımızda olmalı deyil. Insan yaramaz idarəçiliyin, korrupsiyanın, ədalətsizliyin nəticəsi kimi meydana çıxan həyat acıları ilə üz-üzə gəlməli deyil. Insan dövlətindən qorxmalı deyil, ondan qayğı görməlidir. Insan səhiyyəsinə inanmalı, ondan şəfa tapmalıdır, əksinə, onun qurbanı olmalı deyil".

 Şahvələd Çobanoğlu

скачать dle 12.1