Susdurulmuş ölkənin susan inkişafı

14-04-2015, 15:35
0
Susdurulmuş ölkənin susan inkişafı
Mübahisəsi çoxdan bitmiş və cavabı tapılmış sualların müzakirəsi bizim ölkəni yorub heydən salmaqdadır. Nəinki siyasi mövzularda, hətta iqtisadi problemlərə münasibətdə də eyni durum qalmaqdadır...
Nəzəri olaraq da qəbul olunub ki, vətəndaşları susdurulmuş ölkənin dayanıqlı inkişafı ola bilməz. Orada rifaha yalnız bir qrup çata bilər. Onların da taleyi sual altında olur həmişə. Inkişafın özülü azadlıqlardır, azadlıqların da təməli söz azadlığıdır. Biz isə hələ də bunu müzakirə edirik...
Çox təəssüf ki, bizim hakimiyyət söz azadlığını boğub, onun oyuncağını yaradıb. Daha pisi odur ki, söz azadlığını cəmiyyətin gündəmində jurnalistlərin azadlığı kimi, yaxud mətbuat problemi kimi saxlaya biliblər. Halbuki söz azadlığı iqtisadi inkişafın da təməlini təşkil edən vacib şərtlərdəndir. Söhbət bütün cəmiyyətin ifadə azadlığından gedir...
Buyurun, bundan öncəki illərdə iqtisadçı və iqtisadçı olmayan bir çox təhlilçilər haray çəkirdi ki, ölkə neft iynəsinə oturub, iqtisadiyyatımız azacıq mənfi təsirdən çökəcək. Holland sindromu deyilən bu təhlükə ilə bağlı daha nələr söylənmədi! Əlavə olaraq deyildi ki, bu cür iqtisadiyyat inkişaf etmiş sayıla bilməz, bunun gerçək adı neft gəlirləri ilə problemləri pərdələməkdir. 
Lakin həqiqəti söyləyən səslər nəinki eşidilmədi, indi də təqib edilir, boğulur, nəticə isə acıdan acı olur. Boğazacan varlanmış, tək ölkədə deyil, xaricdə də gəlir mənbələri əldə etmiş məmur tayfasının, idarəçilərin vecinə deyil bu durum. Onlar bütün hallarda karlı yaşayırlar. Bəs ölkə hara gedir?
Buyurun, dünən Mərkəzi Bank valyuta ehtiyatlarının aprelin 1-nə olan həcmini açıqlayıb. Mart ayında ehtiyatın həcmi 13,9% və ya 1,5 milyard dollar azalaraq 9,47 milyard dollara düşüb. Bu, son 41 ayda ən aşağı həddir. Başqa cür ifadə etsək, 2015-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 4,29 milyard dollar (31,2 faiz) azalaraq 13,76 milyard dollardan 9,47 milyard dollara enib. 
Böhran vəziyyəti deyil? Yaxşı böhran olmasın, yeni və ağır situasiya deyil? Niyə planlar açıqlanmır, niyə müzakirələr aparılıb yollar aranmır? Çünki qərarı bir nəfər verə bilər. Planı da, qərarı yalnız Ilham Əliyev açıqlaya bilər.  Başqalarının söz azadlığı, təklif vermək, tənqid və təhlil etmək hüququ tanınmır. 
Halbuki ölkədə söz azadlığı olsaydı, problem TV-lərdən səslənsəydi, parlamentdə gur müzakirələr aparılsaydı, azad və savadlı kadrlar idarəetmədə olsaydı, artıq şaxələnmiş Azərbaycan iqtisadiyyatı yaranmışdı və bu duruma gəlinməzdi. Yaxud bundan sonrakı dövr üçün planlar və yollar aranardı indi. Amma əks cinahdan bunların tərəfinə keçmiş deputat da bir az doğru və fərqli söz deyəndə parlamentdə ona hücuma keçir, ironiya edirlər. Belə bir idarəçilik hansı doğru yolu tapa bilər? 
Doğru yolu tapmaq üçün çox ciddi həqiqətləri söyləməlisən. Ən yüksək səviyyədə idarə olunan inhisardan danışmalısan! Korrupsiyadan, talandan söz açmalısan! Və bunları etiraf  etməlisən! Bunlar mümkündürmü? Bunlarsız da inkişaf mümkün deyil!
Nazirlər Kabinetinin növbəti “inkişaf” toplantısında Ilham Əliyev sadəcə onunla kifayətləndi ki, bizim iqtisadiyyat heç kimdən asılı deyil. Amma bu gün hamı hər yerdə manatın dollardan asılı olduğundan danışır. Bəs həmin iclasda, yaxud ondan sonra kimsə fərqli fikir söyləyə bilərdimi? Doğru yolu kim tapacaq bəs?! 
Indi görürsünüz ki, iqtisadiyyat da söz azadlığına bağlıdır! Ağzı zorla bağlanmış, vətəndaşları susdurulmuş ölkələrin həqiqi inkişafa yetməsi müşkül məsələdir. Açın dünya xəritəsini, dayanıqlı inkişaf və rifah içində yaşayan ölkələr yalnız söz azadlığının tam qorunduğu coğrafiyalardır. Hətta sərvətə, vara, neftə də baxmır...

 Şahvələd Çobanoğlu

скачать dle 12.1