Amma yol oradan keçir

5-03-2015, 15:42
0
Amma yol oradan keçir
Milli Şura mitinq qərarı verdi. Martın 15-də  Bakının “Məhsul” stadionunda “Talana son!” şüarı ilə keçiriləcək mitinq qərarı hakimiyyətin xalqı aldatması ilə bağlıdır. Əvvəl toplumun başının altına yastıq qoydular ki, manat ucuzlaşmayacaq, sonra da bir gecədə bunun tərsini çox ağır şəkildə həyata keçirdilər. Bu dəfə sözdə də aldatdılar, təkcə əməldə deyil...
Mitinq qərarından sonra sosial şəbəkələrdə, mətbuatda və canlı görüşlərdə bu addımı bəyənənləri görməmək mümkün deyil. Amma onu gecikmiş, ya ümumiyyətlə gərəksiz sayanlar da oldu. Kim səmimi və taleyimizə yanaraq deyirsə bunları, fikrinə yalnız hörmətlə yanaşmaq gərəkdir. Mitinq qərarı verdikdə onsuz da müxtəlif  yanaşmaların hamısı dartışıldı, sonucda müxalifətdən addım gözləyənlərin tələbləri və qınaqları əsas götürüldü. Bəlkə doğrudan da gec verilmiş qərardır, amma hər kəs anlamalıdır ki, Azərbaycan siyasəti bu qədər basqılardan sonra dərhal qərarlar verməyə və ona əməl etməyə imkan yaradan resurslardan məhrum olub. Amma baxın, yalan-gerçək şəhərin mərkəzində bir aksiya quruldu, şou olsa da belə, o hadisə sübut etdi ki, gec və ya tez olmağına baxmayaraq, cəmiyyət tanıdığı, etibar etdiyi qüvvəni gözləyir bu cür reaksiyalarda.
 Bu mitinqin tələblərindən biri də “Siyasi məhbuslara azadlıq!”  şüarıdır. Bu şüarı səsləndirməlyik! Üstəlik, mitinqlər bəzən qədərincə böyük alınmaya bilər, buna baxmayaraq, o, cəmiyyətin reaksiyasının və ictimai müraciətin bir üsuludur.  Və bu cür aksiyalar  gözlənildiyinin tam əksinə olaraq, cari olmaya da bilər. 
Bu isə bizdən  asılıdır, mitinqlərdə fayda axtaranların özünə bağlıdır, nəhayət cəmiyyətin özündən asılıdır. “Məhsul” stadionuna kənardan ironiya da eləmək olar, onu Azadlıq meydanı ilə müqayisə edib gülmək  və qapalı bir məkanda keçirilən bir mitinqi mənasız da saymaq olar.
Buna baxmayaraq, başqa bir müqayisə sizin yanıldığınızı göstərər. Həmin məkan olsun - elə həmin “Məhsul” stadionu, fəqət gəlin onu ağzınacan dolduraq, çöldə də çox yox, bir neçə min adam qalsın və  meydan dolduğundan içəri keçə bilməsinlər. Nə olacaq bu zaman?
Demirik ki, dərhal inqilab olacaq! Xalqın narazılığından çəkinərək marketlərə, şirkətlərə qanunsuz göstəriş verib, bazar qiymətlərinə müdaxilə edən hakimiyyət bunun fərqində olmayacaqmı? Xalqın iradəsi görünməyəcəkmi? Cəmiyyət fərqi hiss edib ümidlənməyəcəkmi?
“Çıxış yolu nədir?” deyə hey düşünürük, dartışırıq, axtarışdayıq. Amma bəzən o balaca, qapalı “Məhsul”dan götürəcəyimiz faydanı da ağlımızdan keçirmirik. O qədər çətin deyil də - bir istirahət günü gülərüzlə ölkəmiz və özümüz naminə bunu edib mənəvi borcdan çıxa bilərik.
Tək bir adamın düzgün və səmərəli etirazı da diqqətləri çəkir, öz müsbət təsirini yaradır, faydasını verir. Ona görə də etiraz aksiyalarına münasibəti sadələşdirmək, onda iştirakı da adidən adiyə çevirmək gərəkdir. Konstitusiya bizə bu hüququ verir   və şəhərin parklarında adi gəzintiyə haqqımız olduğu kimi, mitinqə qatılmaq hüququmuz da adi və toxunulmazdır. Yol oradan keçir. Ölkəni də, onun insanlarının rifahını da, manatı da qorumaq bundan asılıdır. Yol xalqın öz səsini ucaltmasından keçir. O səs istənilən hakimiyyəti durdura bilir. Bu isə bir pafos yox, çağımızın reallığıdır.
Bizim çağımızı Olimpiya oyunları xarakterizə etmir, belə oyunlar qədimdə də olub, onun qarşısına birinci yazmaqla, onu Avropa sözü ilə təqdim etməklə nəsə dəyişmir. Olimpiya oyunları Avropada yaranıb və birincisinin tarixi bizdən çox uzaqdır. Məsələ bunda da deyil. Bizim çağımız əsas olaraq insan haqları ilə dəyərləndirilir. Avropa da buna can atıb tarix  boyu, bu gün biz Avropanın qədimdə nail olduğuna indi sahiblənməklə öyünüb, haqq və hüquqları arxa palana atmalıyıq? Yox, biz öncə haqlarımızı istəməliyik. Inkişaf və rifah da bundan keçir, hətta oyunlara baxmaq ovqatı da.  

 Şahvələd Çobanoğlu

скачать dle 12.1