İlham Əliyev keçmişə dönüşünü rəsmiləşdirdi

6-01-2015, 15:54
0
İlham Əliyev keçmişə dönüşünü rəsmiləşdirdi

2015-ci il “Azadlıq” radiosunun Bakı bürosunun qapadılması ilə başlayır. Bu radio uzaqdan işləməyi bilir, uzaqdan da işləyir, amma Azərbaycanda qapadılmışdır artıq. Ona qalsa, uzaqda çox radiolar, çox qəzetlər var, nəticə budur ki, “Azadlıq” radiosunin işi Azərbaycanda qadağan edilib. Redaksiyanın ofisi möhürlənib, hesabı bağlanıb, işçilər, onunla əməkdaşlıq edənlər istintaqa çəkilib. Yəni buna Bakı bürosu bağlandı kimi nəticə vermək bəs etmir, təkrarən deməliyik ki, bunun adı radionun bizim ölkədə fəaliyyətini dayandırmaqdır.

Başlanılan cinayət işi ilə bağlı dindirilən, adım prokurorluğun hay-küylü açıqlamasında və guya sızan məlumatlarında hallanan şəxs kimi deyirəm, bu, şoudur. Bu böhtanlar şousunun arxasında yalnız bir məqsəd var. “Azadlığ”ı qapamaq, azad jurnalistləri, fərqli düşünənləri susdurmaq.  

“Azadlıq” (radio) müstəqillik dövründə genişlənmiş Bakı redaksiyasına sahib olmuşdu. Onun rəngarəng verilişlər yaymaq, plüralizmi yaşadan yaradıcılıq qurmaq, peşəkar müxbir heyəti ilə çalışmaq potensialı var. FM dalğası kəsilsə də, bu potensial yeni media dövrünə uyğun istifadə edilirdi. Videolar, foto sessiyalar, canlı yayım, info-qrafiklər, xəbərlər, reportajlar, araşdırmalar, ən müxtəlif kontentlər yayır, azad sözün böyük dayağı idi. Məqsəd bu dayağı yox etməkdir.

Adətən bu radioya dəyəri Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrlərdəki müstəsna roluna görə verirlər. Kim dana bilər? Bu radio azadlıq mübarizəmizin dünyaya açılan ruporu idi. Hətta uzun müddət ölkə daxilinə müraciətlər bu radio ilə mümkün olurdu. Müstəqil KIV-lər yox idi, olanların da hər evə, hər kəsə çatacaq yayını yox idi. Bəlli saatlarda Azərbaycan toplumu bu radionun dalğasına köklənirdi. Bəli, təkcə xəbərlər almırdı, həm də bu radio ilə bir ideyaya toparlanır, təşkilatlanır, hərəkata çevrilirdi. 

“Azadliq” radiosunun dəyəri indi də təkcə xəbərlər deyil. Təkcə haqlı tənqidlərdə də deyil. Müstəqillik elan olunduqdan sonra da bizim ölkə Rusiyanın qabağında müstəqilliyini itirəcək hala düşə bilərdi. Xalq mövcud ədalətsizlikdən bezib qorxulu Rusiya (SSR) nostaljisi ilə ölkənin müstəqilliyinin itirilməsinə yol verərdi. Cəmiyyət xəbərsizlikdən hansı yanlış yola sürükləndiyini bilməz və Azərbaycan böyük hiylələrə qurban gedərdi. Söz azadlığına tənqid təhlükəsi kimi baxanlar anlamırlar ki, söz azadlığı müstəqilliyin, azadlığın, dövlətçiliyin dayağıdır. Yalançı vətənpərvərlər də bunu qəbul etmir, urpatriotlar isə bunu dərk etmək istəmirlər.  

Söz azadlığı və insan haqlarının qorunması həm də müstəqilliyin qorunmasıdır, güclü toplum, doğru yol deməkdir. “Azadlıq” radiosunun dəyəri həm də bundadır - söz azadlığını yaşatmaq üçün verdiyi faydada. Ona yalnız Amerika qurumu kimi baxanlar Azərbaycanı şəxsi faydalarına qurban verənlərdir, onlar isə ölkə insanlarını təkcə zülm və pisliklərlə üz-üzə qoymurlar, həm də böyük təhlükə ilə üzləşdirirlər. Nəticə budur. 

Sonuc olaraq söz azadlığını yox etmək mümkün olmayacaq, çünki internet dövründə həqiqətin ağzını bağlamaq boşa çıxacaq cəhdlərdir. Keçmişə qayıtmaqla gələcəyə getmək mümkün deyil. Indi təsəvvür edin, “Azadlıq” radiosunu insanlar sovet qadağaları dövründə olduğu kimi çətin dalğalarda, internetdə - uzaqdan izləməlidir. Keçmişə qayıtdıq. Əslində, “Azadlıq” radiosunun Azərbaycandakı fəaliyyətini dayandırmaqla Ilham Əliyev keçmişə qayıtmasını rəsmiləşdirmiş oldu.

 

 Şahvələd Çobanoğlu

скачать dle 12.1