Kriminal sabitlik rejimi

24-02-2015, 18:26
0
Kriminal sabitlik rejimi
Manatın üstündən azacıq, özü də ötəri yel əsməklə ölkədə tufan qopdu! Beləcə, bütün ölkə “neyləyəcəyik?” deyə, qızdırmalı titrətməyə tutuldu. Internetdən, qonuşmalardan göründüyü kimi, azacıq manat - qiymət dəyişikliyi ölkədə böyük dəprəm-zəlzələ yaşantısı doğurdu. Bir daha vurğulamaq gərəkir: birdən-birə hamı bir “neyləyəcəyik?” sualına büründü. Bu isə istənilən toplumu elektrikləndirib böyük aqressivliklə istənilən səmtə yönəldəcək sualdır! Görünür, nə baş verdiyini, necə bir qorxu ilə üzləşdiklərini yuxarıda tez anladılar. Buna görə də tez-tələsik toplumdakı “neyləyəcəyik?” sualını neytrallaşdırmağa yönəlik addım atdılar. Ancaq bu, “bundan Fatıya tuman çıxmaz” seriyasından olan, prinsipcə yalançı-yarımçıq addımlardandır. Neftin qiymətinin durmadan düşdüyü bir sürəcdə arxasında gerçək ekonomika dayanmayan manat supergücün - dolların qarşısında çökməyə yükümlüdür!
Beləcə, ata-bala Əliyevlərin çoxillik “sabitlik” nağılları bircə anda darmadağın oldu. I.Əliyev çoxdan yox, yaxınlarda demişdi: “Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var”, - biz bu sayaq söyləmələrin bütünlüklə yalan olduğunu bilir, xalqı da belə yalanlara inanmamağa çağırırdıq. Ancaq Administrativ faktor başda olmaqla AzTV-lər öz işini görərək gecə-gündüz xalqın beynini belə yalanlarla doldururdu. Yaşam gerçəyi öz işini gördü: xalq birdən-birə, hamılıqla yalançı, kriminal rejim gerçəyi ilə üzləşdi. I.Əliyev ölkənin ayrı-ayrı yerlərində özünün, hansısa oliqarxın obyektinin açılışını edərkən bunu xalq üçün etdiklərinə xalqı inandırmaq üçün deyir: “Azərbaycan dövləti sosial dövlətdir, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. Bunların hamısının yalan olduğunu Azərbaycan “vətəndaşı” bir anlıq qiymət dəyişikliyindən yaranan instinktiv yaşantılarında gördü: “neyləyəcəyik?”
Gerçək sosial dövlət olan yerdə güclü, dayanıqlı sosial qarantiya üzündən adamlar xırdaca bir geriləməylə “neyləyəcəyik?” sualına qapılıb qalmır, dövlətə sarsılmaz güvənc içində, gələcəklərindən arxayınçılıqla “ötəri çətinlikdir, dövlətimiz aradan qaldırar”, deyirlər. Indilikdə ortada belə bir dövlət olmadığından, bunun tərsinə, dövlət deyilən 93-dən bu yana bit-birə təki xalqın canına daraşıb, qanına yeriklədiyindən, xalq azacıq manat geriləməsindən arxasız - yardımsız qalacağını, bu üzdən də qaçılmaz olaraq uçuruma yuvarlanacağını bütün varlığıyla duyur, anlayır.
Çoxillik Əliyevlər hakimiyəti boyunca “ekonomika” adına bütünlüklə bir ailəyə, o ailənin hakimiyətini oluşduranlara bağlı MONOPOLIYA sistemi yaradılıb. Xalqın hər an üzləşdiyi polis, vergi, gömrük soyğunçuluğundan uzaq bir sistem. Başqa cür desək, dövlətüstü sistem! Dönə-dönə yazdığımız kimi, rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya 93-dən bizdə DÖVLƏT SIYASƏTIDIR. Bu kriminal dövlət siyasətinə uyğun olaraq da bizdə Əliyevlər ailəsi başda olmaqla monopolist-kapitalistlər vergiverənlər, polis, gömrük soyğunçuluğuna uğraynalar sırasında deyil, tərsinə, polisdən, gömrükdən, lap elə vergidən qazananlar sırasındadır. Tək elə Sumqayıtda 17 zavodu ailəsinin adına özəlləşdirib əlaltı parlamentdən keçirməklə vergidən yayındıran bir rejim başçısının soaial dövlətdən danışmasını yalnız fantastika janrında çıxış kimi dəyərləndirmək olar!
Dediklərinə, Azərbaycanın ANALOQSUZ “inkişafı” yönündə söylədiklərinə I.Əliyevin özünün azacıqsa da inandığına inanmaq olarmı? Yox! Özünün “inkişaf” nağıllarına inanan dövlət başçısı gerçəyi yazan jurnalist-qəzet, qanunçuluğa bağlı hüquqçu-siyasətçi düşməninə dönüşməz. Dövlət başçısı söz özgürlüyündən, qanunçuluqdan qorxursa, belə qorxu üzündən siyasi repressiyalara dönməz aktuallıq qazandırırsa, onda dəyərsiz dövlət, dəyərsiz dövlətçilik kimi manatın dəyərsizləşməsi də qaçılmaz olacaq!

XALIQ BAHADIR

скачать dle 12.1