Faktiki prezidentlik gərəyi

19-02-2015, 18:29
0
Faktiki prezidentlik gərəyi
Prezident! Iki cür prezidentlik var: formal, faktiki. Formal prezidentlik elə-belə prezidentlikdir. Faktiki prezidentlik Konstitusiya normalarına, içdiyi anda uyğun olaraq QANUNÇULUĞU qoruma, ona qarantiya olma görsənişidir. Azərbaycan Toplumu, Azərbaycan Ölkəsi, Azərbaycan Dövləti faktiki prezidentlik gərəyindən bütün parametrlər üzrə dağıntı-aşınma içindədir. Son 11 ilin çoxsaylı qanunsuzluq faktlarını bir qırağa qoyub, lap yaxın çağların üç faktı üzərində dayanıram. Lamiyə Quliyeva, Elşad Babayev, Elman Şahverdiyev faktları. Sosial baxımdan ayrı-ayrı kateqoriyadan olan bu üç faktı birləşdirən bir faktor var: qanunsuzluğun DÖVLƏT SIYASƏTINƏ çevrilməsi!
Lamiyə Quliyeva
Lamiyə Quliyeva adında bir qız 14 yaşında, məktəb divarları arasında zorlanıb. Onu ordudan, polisdən, bütövlükdə, Şəmkir IH başçısı olan atasının administrativ resurslarından yararlanmaqla cinayət törədəni Lamiyə öldürməklə cəzalandırıb. Buna görə Administrativ Resurs bütün yaxınları ilə birlikdə Lamiyəni cəzalandırıb, faktiki olaraq onun bioqrafiyasını biryolluq türmə bioqrafiyasına çevirib. Administrativ Resurs dustağına çevrildiyini, buna görə dustaqlıqdan qurtula bilməyəcəyini, praktik olaraq bütün qanunların Administrativ Resura bağlandığını, Administrativ Resursdan asılı oluğunu görən Lamiyə analıq duyğusundan gələn istəklə türmədəcə ana olmağı kəsdirir. Bu istəyi gerçəkləşdirməklə də o, türmədən qurtulmaq üçün özünə işıq ucu yarada bilir. ANALOQSUZ ölkənin ANALOQSUZ qadın dustağına çevrilməklə Lamiyə bütün ölkədə böyük ilgi doğuran olduqca çəkici bir filmə çevrilir. Hamı hər gün bu “filmi” izləyir. Ölkəmizin son 22 ili belə “filmlərlə” doludur. Onların arasında bundan qat-qat artıq kəsişən, toqquşan, çəkici süjetləri ilə seçilənlər var. Ancaq nəyə görəsə “Lamiyə” filmi hamısından önə çıxdı, ən azı virtual “Oskar” düzəyinə yüksələ bildi. 
Hamının yaxşı tanıdığı Mirşahin bunu ölkədəki “seksual çatışmazlıq” sindromu ilə bağlamağa çalışdı. Başqa bir yandan o, bu işin gündəmdə olmasını “xarici qüvvələrin Azərbaycan prezidentinə qəsdi” adlandırdı. Göründüyü kimi, bir Mirşahinin iki Mirşahinliyi: Lamiyədən yazanlarda “seksual çatışmazlıq” sindromu var; Lamiyədən yazanlar prezidenti istəməyənlərdir. Bunun hər ikisi, ən azı, gerçək jurnalistika prinsipləri baxımından absurd yanaşmadır. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla Mirşahin nəyə görəsə bir arada, ideya-xarakter baxımından üst-üstə düşən çıxışlar etdilər. B.Sadıqov Lamiyədən yazanları “mənəviyatsızlıqda”, bu yazıları kimlərdənsə “pul almaqla” yazmaqda suçladı (güzgüyə baxırmış kimi!). Qəzetində R.Mehdiyevin ardınca gedərək “Mənəviyat manifesti” kimi yazılara geniş yer verən bu rejim bəxtiyarı aldığı tapşırığa uyğun olaraq, gerçəkdən mənəviyat savaşına qalxanları “mənəviyatsız” adlandırdı. Nə dəyişmişdi? Göstəriş! Qabaqkı göstərişə uyğun olaraq o, (eləcə də Mirşahin) bəlli “mənəviyat” yazı-göstərişinə, indilikdəsə, Administrativ Resursa bağlı mənəviyatsızlığa arxa durmalı idi. Baxanların bildirdiyinə görə, Mirşahinin o çıxışınadək ANS dönə-dönə Lamiyə olayına toxunubmuş. Birdən, bu olay siyasi sifarişə uyğun olaraq, birgə-ortaqlı “seksual mənəviyatsızlığa” çevrildi. 
Ən başlıcası, Lamiyə olayı BUMERANQ EFFEKTI doğuraraq “prezidentə qəsd” olayına çevrildi. Bax, bu yerdə Mirşahin gerçəyə yaxınlaşmış olur. Daha doğrusu, bu gerçəklik Mirşahinlə Bəxtiyara göstəriş verənlərə başqa gözlə, başqa sözlə danışdırmağa sürükləyir. Onlara QAŞ düzəltmək tapşırığı verilir, onlarsa min illərin oxşar praktikasına uyğun olaraq QAŞ düzəldən yerdə vurub gözü də çıxarırlar. Necə? 14 yaşından bu yana Lamiyənin başına gətirilənləri MƏNƏVIYATSIZLIQ adlandırmaq yerinə, bu qızın, bu qızla birlikdə bir qrup suçsuz adamın, sonra da böyük bir bölgənin başına gətirilənlərdən yazanları MƏNƏVIYATSIZLIQDA suçlayırlar. Hanı məntiq? Üstəlik, “prezidentə qəsd”! Bir qızın (Lamiyə Quliyeva), bir oğlanın (Vüqar Əliyev), onların yaxınlarının, sonra da böyük bir bölgənin faciələri, itkiləri bir yana qalır, bunlar yox yerdən “prezidentə qəsd” nağılı uydururlar! Mirşahinin leksikonuyla danışsaq, faktiki olaraq burada prezidentə deyil, Xalqa QƏSD olub! QƏSDI kim edib? Şəmkir IH başçısı Aslan Aslanovdan tutmuş, polis, prokurorluq, məhkəmə orqanları! Bəs Aslan Aslanov kimin işçisi olub? Birbaşa prezidentin! Üstəlik, özünün bildirdiyi kimi, Aslan Aslanov başında prezidentin durduğu YAP siyasi şurasında yer tutur. 
IH başçısı, bölgə “qubernatoru2 Aslan Aslanovla bağlı Prezident Administrasiyası başda olmaqla yüksək dövlət qurumlarına illərlə Xalqın ağrı-acı dolu gileyləri axıb, baxan olmayıb. Aslan Aslanov törətdiyi çoxsaylı qanun pozuntularına görə IH başçılığından birbaşa türməyə göndərilməliykən, prezident onu Kənd təsərüfatı nazirliyində yüksək posta gətirib. Partiya baxımından isə o hələ də prezidentin yanında duranlardandır! Bütün bunlar Xalqa QƏSD faktları deyil, nədir? Prezident ailəsinin QANUNSUZ biznes imperiyası ilə bağlı gizlinləri açıb ortaya qoyduğu üçün jurnalist Xədicə Ismayıla yox yerdən, açıq-aydın qondarma ”cinayət" işləri açan rejim Lamiyənin faciəsindən, Aslan Aslanovun cinayətlərindən yazanlara Mirşahinlərinin, Bəxtiyarsadıqovlarının dililə “seksual çatışmazlıq”, “mənəviyatsız” damğaları vurur. Burada QƏSD obyekti kimlərdir? Gerçəyi yazan jurnalistlər!
YAP hakimiyətinin başlıca mandatdaşıyanlarından, eləcə də sözçülərindən olan Aydın Mirzəzadədən Lamiyə olayına “münasibətini” soruşurlar. Nə desə yaxşıdır: “Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Bu məsələlər mənim maraq dairəmdə deyil. Hər halda Azərbaycan cəmiyəti tək o şəxsdən ibarət deyil”. Sayğılı oxucular, yazılarını sevə-sevə oxuduğunuz Xaliq Bahadır belə, Lamiyə olayına bu sayaq baxış sərgiləsəydi, sizin jurnalist olaraq, siyasətə uğraşmış kimsə olaraq, yurddaş olaraq onu cinayətkar saymaq hüququnuz vardı. A.Mirzəzadəyə gəlincə, o, uzun illərdən bəri Mingəçevirdən deputat mantatını məngirləyib “parlament” adlanan yerdə kef çəkən birisidir. Onun buradakı sonuncu cümləsinə qalanda, doğrudan da “Azərbaycan cəmiyəti tək Lamiyədən ibarət deyil”, bu gün bu ölkədə QANUNSUZLUĞUN DÖVLƏT SIYASƏTINƏ çevrilməsi üzündən Lamiyə kimi namusu-mənliyi, üstəlik, konstitusion hüquqları tapdanan minlər, milyonlar var - görünür, Aydın Mirzəzadə bir deputat olaraq onların hamısından yazmağı gərəkli sayır. Alqışlayırıq! Jurnalistlər, haydı, irəli!
Lamiyə olayının geniş işıqlandırılması ilə bağlı bir çox başqaları kimi A.Mirzəzadəni də sıxıntıya uğradan nəsnələr var. Bilindiyi kimi, Şəmkirlə Mingəçevir bir-birinə çox yaxındır. A.Mirzəzadə isə uzun illərdir Mingəçevirin deputatı mandatını daşıyır. Deyilənə görə, onun Mingəçevirdə böyük biznesi var. Istər deputat, istərsə də böyük biznes yiyəsi, üstəlik, YAP siyasi şurasında yer tutan biri, bundan başqa, bəlli bir bölgənin yetirmələri kimi Aslan Aslanovla Aydın Mirzəzadəni bir-birinə bağlayan çoxlu tellər var. Buna görə Lamiyə olayı başda olmaqla Aslan Aslanovla bağlı qanunsuzluq açılımları A.Mirəzadənin, eləcə də bir çox başqalarının işinə yaramır. A.Mirzəzadə ən azı deputat olaraq A.Aslanovun rayon sınırlarını aşan qanunsuz işdəklərinə göz yummamalı, saxta mandatlılar yığını olsa belə “parlament”də xalqın hüquqlarının qorunmasına çalışmalı idi. Bunları etməyəndən, gözünün qabağında baş verən cinayətlərin üstünün açılması serialları gündəmləşəndən sonra, ən azı, özünüqoruma instinkti işə düşməlidir. Indi bu instinkt Aslan Aslanovla bağlı Şəmkirdən, Gəncəbasardan, Bakıyadək çoxlarında böyük işləklik qazanıb. Hansısa ortaqlıqlar bir yana, ən azı, ortada çoxsaylı cinayətləri bilib deməmə faktları var...
Elşad Babayev
Avropada hansısa yanlışa yol vermiş adamları tutuqlamır, yüngül cəriməylə boşlayırlar, gedir. Bizdə yalnız özünə gərəkli olan yerdə, deyək, hansısa qiymət artımlarında Avropa standartlarına üstünlük verən rejim topluma gərəkən yerdə yalnız öz standartlarını uyğulamağa üstünlük verir. Elşad Babayev faktında olduğu kimi. 32 yaşlı E.Babayev tutulub, yanlışını başa düşdüyünü, bağışlanmağını istəsə də, ona 1 il, 2 ay iş verilib. Sonra da onu “əlindəki ÇAY stəkanı” suçlaması ilə döyüb öldürüblər (Lamiyəni “ÇAYdan-ÇAYniklə” suçlayıb, dustaqlığını 6 ilədək uzatmışdılar!) Elşad idmançı, sağlam birisiymiş. Deyilənə görə, Elşad az bir arada dustaq yoldaşları arasında böyük sayğı qazanıbmış. Kim bilir, bəlkə, elə bu böyük sayğı da onun döyülərək öldürülməyinin başlıca nədənlərindən olub. 
Elşad 2014-cü il dekabrın 22-də öldürülüb. Dustaq yoldaşları bu qanunsuzluğa qarşı çıxaraq qalxımda bulunublar. Buna qarşılıq olaraq 14-cü kolona (ağlınıza “beşinci kolon” gəlməsin) Zakir Həsənovun bir çağlar müxalifəti qorxuzmağa çalışdığı SÜMÜKQIRAN itlərlə birgə Iç qoşun döyüşçüləri yeridilib. Görənlərin dediyinə görə, qan su yerinə axıb! Adına dövlət deyilən məhkəmə-soruşdurma yoluyla cəzalandırma yerinə, quldurcasına metodlardan yararlanmaqla qanlı qırğın törədir! Bu nə dövlətdir belə?! Elşad Babayevin bacısı Simuzər Babayeva ötən ilin dekabrından bu yana Penitensiar xidmətdən tutmuş, üzüyuxarı bir çox dövlət qapılarını döyə-döyə gedir. Hamısı gərəksiz, hamısı boşuna. Içiboş dövlət qapılarından hansı səs çıxası, hansı yarar olasıdır?! 
Simuzər xanım indi itirilmiş qardaş ağrısıyla dövlət başçısına - prezidentə üz tutur: “insanları özbaşına tətbiq etdikləri qanunla cəzalandıran, onlara işgəncə verən, haqq-hüquqlarını heçə sayan, öz cəngəllik qanunları ilə idarəçilik edən məmurların” cəzalandırılmasını istəyir. Simuzər xanım dustaq qardaşı ilə görüşlərdən bildiklərini, “Penitensiar xidmət” adına baş verən gündəlik cinayətləri prezidentə çatdırmağa çalışır: “Mən xidmət rəisinə müəssisə rəhbərliyinin rüşvətxorluğundan, özbaşınalığından, müəssisədə VAR OLAN RÜŞVƏT otağından, müəssisə işçilərinin kobud rəftarından danışdım”. Simuzər xanıma elə gəlir, Penitensiar xidmət sistemində baş verənlər qapalı bir sistem görsənişidir. Düzdür, bu, qapalı sistem görsənişidir, ancaq Penitensiar xidmət boyda yox, Azərbaycan boyda! 
Azərbaycanın hər yerindən illərlə, il uzunu prezidentə ağrı-acı dolu giley məktubları gedir. Bu faktın özü ölkədəki yerə-göyə sığmaz qanunsuzluğun-özbaşınalığın parlaq göstəricisidir. Ən aşağılardan ən yuxarılaradək bütün hakimiyət qapıları üzünə çırpılan Xalq hamılıqla prezidentə üz tutmalı olur. Bu isə indiki dövlət hakimiyəti sisteminin başdan ayağa yararsızlığı, çürüklüyü deməkdir. Bütün ölkə son instansiya olaraq prezidentə üz tutur, ancaq bu gün Azərbaycanda son instansiya, faktlardan göründüyü kimi, prezident, Prezident administrasiyası deyil, “Azadlıq” qəzetidir - prezidentdən də əli üzülən Xalq “Azadlıq” qəzetinə üz tutur. Bu isə bütöv bir dövlətin faciəsidir. Özünün dediyinə görə, Beynəlxalq universitetin rektoru Elşad Abdullayev KQB mayoru olan qardaşının oğurlanması ilə bağlı prezidentə 500 məktub yazmış, bunların birinə də cavab almamışdı. Cavab lap sonra, E.Abdullayev bir sıra gizlinləri anlayıb ölkədən qaçandan sonra oldu - ona cinayət işi açıldı!
Deyilənə görə, E.Babayev cinayətini ört-basdır etmək üçün  ortaya ondan yüngül görünən Lamiyə olayı atılıb. Ancaq... ola bilsin, milli mentalitet nədənlərindən Lamiyə olayı daha böyük, daha etkili reaksiya doğurub. Buna görə də Mirşahinlə B.Sadıqovu “seksual çatışmazlıq”, “mənəviyatsızlıq” axarında danışdırma gərəyi yaranıb!
Elman Şahverdiyev 
“Milli” Elmlər Akademiyası Fizika institutunun əməkdaşı Elman Şahverdiyev Akademiyada keçirilən saxta seçki ilə bağlı ötən ilin yayından “Azadlıq” qəzetindən yararlanmaqla prezidentə səhifə-səhifə məktublar yazır. Ötən ilin yayından! Yazır, yazır, yazır! Faktlarla, yerli-yataqlı Akademiyadakı qanunsuzluqlardan, özbaşınalıqlardan bilim-elm adıyla bir yerə sığmayan dələduzluqlardan, arxası yuxarılara bağlı mənəmliklərdən, quldurcasına yönətim görsənişlərindən yazır. Azərbaycan elminin, “Milli” Elmlər Akademiyasının faciəsinə güzgü tutan bu yazıları mən yarım ildi əlimdə ayrıca qələm tutaraq oxuyuram. Mən bu yazıları ürək ağrısıyla oxuyuram - bir Elman Şahverdiyevin, bir Elmlər Akademiyasının faciəsi kimi deyil, bütöv bir Dövlətin faciəsi kimi: elmin bu sayaq ayaqlar altına atıldığı, parazitcəsinə kommersiya-biznes obyektinə çevrildiyi dövlət ölümə yüklənmiş dövlət deməkdir! Bizdəki bilim adamlarında görünməyən Dönməzliyinə, Yenilməzliyinə görə Elman bəyi alqışlayır, ona uğurlar diləyirik! Bir də mən satılmayan jurnalistlərimizi, eləcə də Milli Şuranı Elman bəyə arxa durmağa, apardığı sağlam çarpışmada onunla bir olmağa çağırıram!
P.S.Hərəsi bir sosial kateqoriyadan olan Lamiyə Quliyeva, Elşad Babayev, Elman Şahverdiyev - bunlar hamısı birlikdə bütöv bir Ölkənin faciəsi deməkdir: korrupsioner-repressiv rejim cinayətlərinə bağlı faciəsi! Bu faciələrdən biz yalnız birgə çalışmalarla, əl-ələ, çiyin-çiyinə qurtula, sığortalana bilərik!

XALIQ BAHADIR

скачать dle 12.1