İlham Əliyev özünə qarşı

23-02-2015, 20:52
0
İlham Əliyev özünə qarşı

Abel Məhərrəmovun rüşvətxoru müdafiə etməsi dövlət başçısının iradəsi idi

Rüşvətdən şikayət edən tələbə hədələndi. Rektor Abel Məhərrəmov tarix fakültəsinin tələbəsinə dedi ki, səni bu dəfə elə qovaram ki, bir də buralara ayağın dəyməz. Gözəl, əla, Ilham Əliyevin korrupsiya ilə mübarizəsi amansızlaşır.

Rüşvət vermək istəməyənlərin axırına çıxmaq bir məqsəd kimi hakimiyyətin qarşısında durur və bu amaldan geri çəkilmək istəyən yoxdur. Abel Məhərrəmovun tələbələrə görüş verməsindən kim nə gözləyirdi? Əlbəttə, mümkün cavablar var. Məntiqin özü də bəzi versiyaları irəli sürməyə yardımçı ola bilir.

Məsələn, Abel Məhərrəmov tələbələri yığıb deyə bilərdi ki, bir müzakirə edək, təklifləri göndərək Nazirlər Kabinetinə, məsələyə yenidən baxsın. Ya da deyərdi ki, ölkənin sahibi, bütün qulların və ağların ağası Ilham Əliyevə müraciət edək, bir sərəncam versin, Nazirlər Kabinetinin qərarını ləğv eləsin, özü olsun yaxşı oğlan, günahı yıxsın başqaısının üstünə, sizin də işiniz düzəlsin. Və s. və i. Bunlar olmadı, ona görə ki, əyri yolla olsa belkə, haqlı tələb yerinə yetirilmiş olacaqdı. Bu hakimiyyətin isə belə şeylərə heç vaxt nə fikri olub, nə də marağı. Üstəlik, bu şikayəti edən şəhid övladıdırsa, vəziyyət daha da qəlizləşir. Çünki bu hakimiyyətin ermənilərlə savaşmış insanlarla ulduzu bir türlü barışmır. Buna xeyli misal çəkmək olar. Təkcə onu demək olar ki, Qarabağda savaşan heç bir briqada komandiri indi yaşamır və hamısı müəmmalı şəkildə dünyasını dəyişib. OMON komandiri Cavadovu isə tələyə salıb bütün xalqın gözü qarşısında güllələdilər. Bir sözlə, haqlı olmağının üstünə bir də vətən, millət sevgisi gəlirsə, səni çaya atıb üzü yoxuşa axtararlar. 

Düz demək qorxuludur 

Bir ölkədə ki vətəndaş doğrunu danışanda, düzü tələb edəndə həyatı təhlükəyə düşsün, burada vəziyyət çox çətindir. Bir ölkənin ki ən böyük ali təhsil ocağında tələbələr rüşvət alanlara etiraz edəndə həbs edilsinlər, burada yaxşılığa nədən danışmaq olar? Sadəcə və sadəcə bu etirazdan başqa heç nə pozitiv deyil. Rüşvət özü bir yağmalamadır, soymaqdır insanları, zülmdür, qısacası. BDU tələbələri Abel Məhərrəmovu özlərinə necə rəhbər bilsinlər ki, o hətta yüzlərlə adamın içində özünə rəva bilir ki, rüşvətxoru dəstəkləsin. Belə bir elm ocağında elm ancaq külə dönə bilər. Yalan deməyin, yalana əl çalmağın fəzilət olduğu yerdə ən böyük yalan insanı ən böyük “zirvəyə” daşımazmı. Bir məmləkətdə ki ən ali vəzifə saxtalaşdırıla, ora işğal oluna, daha kimdən nə gözləyək? Kimdən nə istəyək? Belə baxanda, Ilham Əliyev niyə o müəllimi, Abel Məhərrəmovu müdafiə etməsin ki? Biz niyə o tələbəni müdafiəsiz qoyaq. Nahaq nahaqqın yanında olduğu kimi, haqq da öz yerində olsa, inanın belə olmaz. Zülm bu həddə gəlməz. 

Zindan qorxusu varmı? 

Bu iqtidar, onun başbilənləri, əl-ayaq adamları dünyadan, həyatdan, məntiqdən əlaqəni tamam kəsiblər. Meydana çıxan zindanı gözə almışdır, əfəndirlər. Mən yeniyetməliyindən meydanlarda olan biri kimi deyirəm bunu. O meydana çıxan biri üçün zindan sadəcə bir müddətlik dincəlmək yeridir. Bu hakimiyyət zehnini itiləsə və görsə ki, Qubadan, Ismayıllıya, Astaradan Imişliyə, “Sovetski”dən BDU-ya insanlarımız meydanlarda olmaqdan çəkinmirlər, onların tələbini yerinə yetirmək lazımdır, bəlkə xoşluqla bir şeylər oldu. Yoxsa, bütün ölkəni zindana çevirib, camaatın evini başına uçurdub, hansı türmə ilə insanları qorxudursuz? Siz anlamalısız ki, bu dəqiqə insanlar yaşamaq uğrunda mücadilə verirlər, harda yaşamaq artıq önəmli deyil. Onların yaşamağına isə siz mane olursuz. 

Yollar açılacaq! 

Gəncliyin həyəcanı və etirazı əsassız deyil. Bu hakimiyyət təhsili (ağıllı gələcəyi) o günə salıb ki, əvvəlcə tələbəni imtahandan saxlamaq, sonra ondan pul almağı da rəsmiləşdiriblər. Bu o deməkdir ki, gələcəyə gedən yollar tıxanıb. Və bu hal uzun davam etsə, ya cəmiyyət ciddi sosial infakt yaşamalıdır, ya da sosial partlayış. Görünən odur ki, Ilham Əliyev bütün komandası ilə birlikdə özünə qarşı işləyir və cəmiyyəti yaşamaq uğrunda mübarizə ilə məhv olmaq seçimi qarşısında qoyur. Gənclər isə cəmiyyətin beyni olan unverstetlərə gedən damarlardakı tıxanmanı təmizləməyi qarşılarına məqsəd qoyublar. Bir gələcək naminə! 

Seymur Həzi

скачать dle 12.1