Tanrını öldürənləri tutun!

19-01-2014, 21:13
0
Tanrını öldürənləri tutun!

12-13 yaşında bir uşaq üçün maraqlı hadisələr idi. Onlar Allahı insanlardan qoruyurdular. Talibanlar Əfqanıstanda Buddizmin abidələrini yerlə bir edirdilər. Bu daş abidələr Allah üçün təhlükəli idi...

O günlərdə həm də Eynşteynin atomu parçalaması haqqında oxuyurdum. Nəhəng dağları parçalayıb tökən adamlarla, gözə görünməyəni parçalayan adam arasında qalmışdım. Tanrının təhlükə altında olduğu şübhəsiz idi, amma düşmən hardan həmlə edəcəkdi?

Onu tapmaq, zərərsizləşdirmək lazım idi. Bütün dünyanı dağıtmaq bahasına başa gəlsə də. Dünya isə dağılırdı. Iranın nüvə söhbətləri ortaya çıxanda aydın oldu ki, mən daha sərt dilemma qarşısındayam. Bu dəfə də Iran üstümüzə Eynşteynlə gəlirdi. Israil mətbuatı Iranın nüvə projesinə “Qiyamət günü silahı” adı vermişdi. Ürpədici səslənirdi. Nisbilik nəzəriyyəsi ilə sağımızı-solumuzu təzə öyrənmişdik ki, qaldıq dünyanın ortasında - fikir məngənəsində - nə fərqi var ki, ya o bombanı kəşf elədin, ya da onunla haranısa dağıtdın?

Kimdir günahkar: bir qılınc düzəltməkdən o tərəfə keçməyən adamlar, yoxsa bu dəvədən təzə düşənlərə atom bombasının sirlərini verib gedən?

Bax, beləcə, düşünə-düşünə seçim etmək çətinliyi ilə böyüdüm. Eynşteyn gözəgörünməyəni parçalayıb. Bəlkə də Tanrını öldürən odur. O zaman Talibanlar düz deyirdilər, bütün bu kəşflər küfrdür. Bu necə ola bilərdi ki, insan gözə görünməyən nəyisə parçalasın, bu da bütün dünyaya təhlükə olsun? Yoxmu bu işdə bir ilahi hikmət? Varsa, bu niyə küfr olsun ki? Bu hikmətin çözümünü biz Talibanlardan ala bilmədik, onlar dünyanı beləcə dağıdıb, sonra qələbələrini uçqunlar altında axtarmağı seçdilər.

Illər sonra əlimə düşən bir kitabda Eynşteynin Freydə məktubunu oxuyuram və bu qocaman fizik (əslində, insan ustası) görün nə yazırdı: “Necə olur ki, söz açdığımız vasitələr, yəni mətbuat, kilsə (məscid də demək olar) və məktəblər belə bir böyük kütlənin fitilini alışdırıb, onları dəlilik və həyatlarını qurban vermək mərhələsinə gətirə bilir? Ağlıma sadəcə, tək cavab gəlir - insan nifrət və yox etmək ehtiyacını öz içində daşıyır. Bu təbii durumlarda özünün sabit halını qoruyur və görünmür, amma fürsət tapan kimi, spontan olaylardan təsirlənib asanlıqla kütləvi şüur halına keçmək riski daşıyır. Elə görünür ki, savaşa səbəb olan ən tragik faktor insan daxilindəki ehtirasdır.

Nəhayət, ustad özü bizi aydınlatdı ki, insanın içindədir ən böyük silah, ən böyük təhlükə. Nifrətin olduğu bir yerdə pambıq da silahdır. Sevginin, şüurlu yanaşmanın olduğu yerdə isə ən iti bıçaq cərrah əlində həyat xilas edir. Insan bütün bunları edərkən dünyanın beynini qazır, onun sinir sistemini korlayır, qan (su) dövranını pisləşdirir, təbiətini zəhərləyir. Tanrı Əfqanıstan dağlarındakı savaşdan da, atom silahının təhlükəsindən də qoruna bilir. Amma insan öz içində onu öldürmək istəsə, Tanrının gedəcək yeri qalmır. Bax belə, Tanrını içimizdə öldürüb, onu göylərdə gəzirik.

SEYMUR HƏZI

скачать dle 12.1