Əliyev müvəqqəti qaçdı

11-01-2014, 21:25
0
Əliyev müvəqqəti qaçdı

Amma növbəti mərhələdə dərinləşmiş böhran onun üçün siyasi mənada həyati təhlükə yaradacaq

Heç kim etiraz etməz ki, Azərbaycanda hazırkı gündəm bahalaşma olmalı idi. Bu, ölkənin siyasi-ictimai və iqtisadi həyatının analizinin məntiqidir. Kartof-soğanı, yağı xaricdən alan neft-qaz ölkəsində enerjinin qiyməti qalxıbsa, deməli, düyü şorbasının da maya dəyəri qalxıb. Yaxşı, insanlar qazanlarındakı bu dəyişikliyə niyə layiqincə reaksiya vermədilər?

Azərbaycanda sosial-iqtisadi vəziyyətin geniş təsvirinə ehtiyac yoxdur. Hər kəs öz həyatındakı dəyişikliklə ümumi durumu təsvir və təsəvvür edə bilir. Böyük artım rəqəmlərinin müqabilində insanlar gündəlik yumurta istehlakının sayını azaltmağa məcburdur. Yaşamaq mübarizəsi yeni və dərinləşmiş xarakter almalı idi, amma bu, hələ ki, ortada yoxdur. Niyə? Bu və başqa suallara cavab tapmağa çalışaq.

Nə etmək lazım idi...

Seçkidən sonra Milli Şuranın nəticələrə etiraz olaraq keçirdiyi mitinq, demək olar ki, yeni siyasi vəziyyətin başlanğıc hadisəsi idi. Amma bu addım yerindəcə boğuldu. Milli Şuranın əldə etdiyi nəticələri qoruyub genişləndirmək, saxtakarı hədəf almaq əvəzinə, bu qurum özü müzakirə mövzusuna çevrildi. Bütün bunlar əhalidə ruh düşkünlüyü yaratdı və aydın görünürdü ki, xalq seçkidən sonra gözlədiyi davamlı mübarizənin olmamasından, mənfi mənada təsirlənmişdi.

Milli Şura bütün bu məsələlərə qeyri-adekvat reaksiyalar verdi. Tutaq ki, Müsavat partiyası qurumdaxili müzakirələrin açılmasında və genişlənməsində maraqlı idi. Amma əksəriyyətin imkanı var idi ki, hətta Müsavat partiyasının da bu addımlarına real tədbirlərlə mane olsun. Bura irili-xırdalı aksiyaların, tədbirlərin keçirilməsi daxildir. Hakimiyyətin ifşasında problem yarandığı üçün müxalifətin daxilində və xalqda gərginliyin dərinləşməsi təbiidir. Strateji hədəf yaddan çıxmamalı idi. Ilham Əliyevin texnoloqları etirazlar pressinqinin altında qalmalıydı ki, müxalifətin daxilindəki zəif həlqələri işə salmağa vaxtı olmasın. Bu aşkar görünürdü ki, müxalifət hakimiyyətlə öz daxilində müharibə aparırdı. Hərbi dillə desək, Milli Şura qarşı tərəflə öz ərazisində küçə döyüşləri yaşadı. Nəticə isə başqa cür ola bilməzdi - tələfatlar və itkilər qaçılmazdır...

Hakimiyyət önə çıxmağı bacardı

Bunu etiraf etmək lazımdır ki, hakimiyyət bu ərəfədə önə çıxmağı bacardı. Vəziyyətin bu həddə çatmasının səbəblərini xeyli araşdırmaq olar. Amma bir misal yerinə düşür. Toplum Qarabağ qazisi Zaur Həsənovun başına gələnlərdən necə xəbər tuta bilərdi ki, onun dəfni günü Məclisinin toplantısını keçirən siyasi partiya, ancaq və ancaq müxalif partiyanı hədəfdə saxlamışdı... Bütün ölkə baş vermiş faciədən xəbər tuta bilmədi. Çünki xəbər kanallarında intriqa virusları tıxac yaratmışdı. Hakimiyyət isə bu durumdan istifadə edə bildi. Milli Şuranın digər təmsilçilərinin çevik qərarla yeni vəziyyətə uyğun addım atmaması hakimiyyətin ssenarisinin irəliləməsinə səbəb oldu. Bu, aydın görünürdü ki, cəmiyyət son il yarım ərzində heç vaxt olmadığı qədər gündəmə köklənə bilir və reaksiya qabiliyyətlidir. Buna görə də müqavimətin təşkil edilməməsi həm obyektiv, həm də subyektiv baxımdan məsuliyyət yaradırdı. Buna qarşı daxili maneələrə baxmayaraq, çevik qərarlara ən azı, cəhdlər edilməli idi.

Belə davam edə bilməz!

Baş verənlərə müxalifətin - Milli Şuranın çevik reaksiyasının olmaması bir tərəfdən mənfi hal kimi qeyd edilsə də, başqa tərəfdən bu, cəmiyyətin özünə təbii bir siqnal oldu. Toplum özünün qarşılaşdığı problemlərə görə narahat olmaq məsuliyyətini hiss etməyə başladı. Şübhə yoxdur ki, Ilham Əliyevin texnoloqları yeni qiymət artımı dalğasını hələ bu müəyyənləşmə bitmədiyi üçün elan etməyi məsləhət bilmirlər. Yəni, toplumun hansı reaksiyanı verəcəyi hələ tam məlum deyil. Hakimiyyət üçün qorxulu olan odur ki, cəmiyyətin reaksion qabiliyyətinin bərpası etirazların yeni keyfiyyət dalğasını yarada bilər. Çünki iqtidar özü də bu hesablamalarda iki mühüm məqamı nəzərə alır. Birincisi odur  ki, Milli Şura partiyaların koalisiyası deyil və burada iki mühüm partiyadan biri hələ də davam edir.

Bununla yanaşı, Azərbaycandakı müxalif etirazçı kəsim  istənilən haqlı etiraza qoşulan dəmir kütlədir. Yəni, bu hərəkətverici qüvvə sabit gücünü qoruya bilir. Ikincisi odur ki, cəmiyyət yenidən kütləvi etirazlar üçün çalxalanma yaşasa, bu artıq keyfiyyətdə dönüş deməkdir. Hakimiyyətin bunu görmək imkanı var, amma əngəlləmək imkanı yoxdur. Çünki proses elə istiqamət alır ki, siyasi həyatın əsas gücü  vətəndaş cəmiyyətilə həqiqi siyasi koalisiyada ifadə olunur. Siyasi rəngi isə artıq siyasi partiya yox, siyasi mövqe müəyyən edir.

Bütün bunlar o deməkdir ki, mübarizə daha təbii xarakter almağa doğru gedir. Hakimiyyət qısa arxayınçılıq yaşaya bilər. Amma görünən odur ki, müxalifət daxilindəki silkələnmə öz məntiqi sonluğuna çatmaqla, yeni mərhələni qaçılmaz edir. Bu mənada, aradakı süstlüyü Əliyevin siyasi böhrandan müvəqqəti qaçışı kimi qiymətləndirmək olar. Amma bunun sonrakı mərhələlərini idarə etmək gücü hakimiyyətdə görünmür. Çünki hakimiyyət indi öz immun sistemini gücləndirmir, qarşı tərəfi də yoluxduraraq cəmiyyətin gözündə özü ilə eyniləşdirmək istəyir. Bu da ona gətirib çıxaracaq ki, cəmiyyət itirdiklərini əvəzləmək üçün hazırkı gücünə əlavə olaraq, daha da yeni imkanlar və mübarizələr haqqında düşünəcək.

SEYMUR HƏZI

скачать dle 12.1