Mən diktatorlar haqqında çox yazmışam və indi də yazıram...

22-12-2014, 16:38
0
Mən diktatorlar haqqında çox yazmışam və indi də yazıram...

Avstriyada maraqlı dövlətlərin Suriyadakı prosesləri müzakirə edərkən prezident Bəşər Əsədin məsələsinin bir qədər arxa plana keçirməsi ziddiyyətli və bir qədər də narazı reaksiyalar doğurdu...

Səudiyyə Ərəbistanının xarici işlər naziri elə orada bəyan etdi ki, Əsəd bütün hallarda hakimiyyətdən gedəcək. Amma İranı da müzakirələrə qatmağa nail olan Rusiya hər halda özünün məqsədinə çatdı - aparıcı dövlətlər istəməsələr də Əsəd məsələsi haqda hələlik susmağa qərar verdilər...

Suriyadakı prosesləri araşdıran ABŞ strateqləri bütün hallarda haqlıdırlar - nə qədər ki, Əsəd hakimiyyətdədir, Suriyada yaxşını pisdən, normal müxalifəti isə radikal avantüristlərdən ayırmaq çətin olacaq, bu, bütün qüvvələri İŞİD-ə qarşı yönəltməyə imkan verməyəcək. Amma nə etmək olar? Rusiya Əsəddən çox möhkəm yapışıb, bütün vasitələrlə onu müdafiə edir. Fəqət, ABŞ-ın Suriyaya məhdud sayda quru qoşunlar göndərmək haqda bəyanatı reallaşarsa, ola bilsin, çox şeyi yerbəyer etmək mümkün olacaq...

O ki qaldı Əsədə, Moskva hələ də israr edir ki, Suriyada hakimiyyət məsələsini bu ölkənin cəmiyyəti həll etməlidir. Fəqət, sual olunur: bəs dörd il ərzində həlak olan yüz minlərlər insan necə, onlar Suriya cəmiyyətinə aid deyilmi? Və yaxud ölkədən didərgin düşmüş milyonlarla insan necə, onlar da Suriyanın vətəndaşı deyillərmi?..

Nə qədər qəribə olsa da, adam hətta xarabalığa çevrilmiş Suriyanın yaxın gələcəyini proqnozlaşdırmağa çətinlik çəkir. Amma düşünürük ki, Əsədin özü üçün Suriya xalqından istəyə biləcəyi yeganə şey hakimiyyəti təhvil verib başqa ölkəyə yaşamaq üçün getməyə cəmiyyətin razı olmasıdır. Ərəb ölkələri ona qarşı çox acıqlıdır. Amma onu müdafiə edən İran kimi dövlət, Əsədi siyasi dalandan xilas edən Rusiya var. Əsəd bu ölkələrdən istədiyi birini seçə bilər...

Biz diktatorlar haqqında çox yazmışıq və indi də yazırıq. Məqsədimiz də bu adamların siyasi portretini cızmaqdır. Gəl ki, bu gün bunu etməyəcəyik. Ən azı ona görə ki, hamıya hər şey aydındır...

B.Əsəd və onun kimilər ölkələrini elə bir vəziyyətə gətirib çxarırlar ki, artıq bundan o tərəfə yol görünmür. Suriya dörd ildir ki, vətəndaş müharibəsi yaşayır və dörd ildir ki, Əsəd öz xalqına qarşı vuruşur, ölkə darmadağın edilib və xarabalığa çevrilib. Elə ona görə də yazının başlığına belə bir sual çıxardıq. Doğrudan da adam soruşmaq istəyir ki, B.Əsəd ölkəsinə və xalqına qarşı daha hansı pisliyi edə bilər?..

Bəzən deyirlər ki, aparıcı dövlətlər gözləyir və hər şey dağılandan, məhv ediləndən sonra, necə deyərlər, əl-ayağa düşürlər. Nə demək olar? Tamamilə olmasa da, belə sözlərdə müəyyən qədər həqiqət var...

Amma hamı gözləyir ki, bəlkə bu diktator deyilən zümrədə sağlam, rasional məntiq baş qaldırar, necə deyərlər, onlar ağıllarını başlarına yığarlar. Amma o qədər qəliz vəziyyət yaranır ki, aparıcı dövlətlərin müdaxilə etməkdən savayı çarəsi qalmır...

Təbii ki, aparıcı dövlətləri tamamilə təmizə çıxarmaq fikrindən uzağıq. Amma öz təqsirlərini etiraf etməyənlər onu həmişə başqalarının üstünə atır və belə bir fikir də formalşadırırlar ki, guya ki, hər şey məhz ölkələrin xaricində həll olunur...

Həqiqətdə belədirmi? Əlbəttə ki, yox. Düzdür, zəiflərin daha güclülərin şikarı olması təkcə biologiyada israr olunmur... 

Elə beynəlxalq siyasətdə də qismən belədir - zəiflər özlərinin də xəbərləri olmadan bir gün şikara çevrilirlər...

Amma güclü cəmiyyətləri, güclü xalqları heç kim öz maraqlarına tabe edə bilməz. Sadəcə, ona görə ki, onlar güclüdürlər... 

Baxın. Ötən əsrin birinci yarısında Rusiya imperiyasında yaşananları da indi o vaxtın böyük dövlətlərinin gizli sövdələşməsi kimi yozurlar. Bəli, böyük bir imperiya çökdü və parça-parça oldu, ölkə, onun iqtisadiyyatı dağıldı. Amma sonra nə oldu?.. Bir vaxt böyük bir ölkəni dağıtdıqları iddia edilən bolşeviklər onu addım-addım bərpa etməyə, ayağa qaldırmağa başladılar. Onu da nəzərə alın ki, o vaxt bolşevik Rusiyasına heç kim kömək etmirdi. Amma bolşeviklər Rusiyanı əvvəlki hüdudlardan da geniş hüdudlarda bərpa etdilər. Niyə? Ona görə ki, bu, güclü xalqdır...

Düzdür, güclü xalq haqqında təsəvvürlər bir az başqa cür olur. Amma hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Xalq istəyəndə çox şey edə bilir... 

 

Hüseynov Vüsal

 

 

скачать dle 12.1