R.Səfərovun mənzili qarşısında növbə çəkir?

10-09-2012, 16:42
0
R.Səfərovun mənzili qarşısında növbə çəkir?

Avqustun 31-də Milli Ordunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi və ölkə başçısı tərəfindən əfv edilməsi bütün xalq tərəfindən coşqu və sevinclə qarşılandı. 8 il yarım qürbət ölkənin həbsxana divarları arasında qalan, bu müddət ərzində hər cür psixoloji və mənəvi basqı ilə üzləşən R.Səfərova qayğı və diqqət əlaməti olaraq mayor hərbi rütbəsi və mənzil verilməsi də cəmiyyət tərəfindən təqdirəlayiq bir addım kimi alqışlandı. Lakin R.Səfərovun gəlişindən sonra məlum olaylarla bağlı ölkə və dünya arenasında baş verən proseslər hadisənin görünməyən tərəflərinin görünəndən qat-qat çox olduğunu sübut etdi.
Gecikmiş təəssüfkeşlik
R.Səfərovun azadlığa buraxılması özlüyündə nə qədər mütərəqqi bir addım olsa da, zabitimizin niyə məhz indi azadlığa buraxılması məsələsi günün ən aktual sualı kimi diqqət çəkir. Məlumat üçün qeyd edək ki, R.Səfərov həbs ediləndən bu günə qədər həbsdəki zabitimizin müdafiəsinə qalxan ictimai-siyasi təşkilatlar, cəmiyyətin müxtəlif təbəqələri bu istiqamətdə ciddi cəhdlər ortaya qoysa da, hakimiyyətin bu gün qəhrəmanlığını göylərə qaldırdığı zabitini göz önündəcə unutduğu, onun azadlığa buraxılması üçün heç bir addım atmadığı hər kəsə məlum olan həqiqətlər sırasındadır. R.Səfərovun onu macar həbsxanasından azad edə biləcək səriştədə olan vəkil  heyəti ilə təmini prosesini belə həyata keçirməyən, öz zabitini taleyin ümidinə buraxan hakimiyyət onun Azərbaycandakı ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də heç bir addım atmadı. Hakimiyyətin bu gün sərvət və şöhrətə boğduğu R.Səfərovu boya-başa çatdıran valideynlər ayrı-ayrı fərdlərin köməyinə möhtac qaldı. R.Səfərovun atası Sahib Səfərovun  ötən il KİV-ə verdiyi müsahibəsində bu misralar yer alır: "Mənə yardım edən sadə vətənpərvər insanlardır. Qeyrətli Azərbaycan oğlanlarıdır. Bayramdan bayrama, lazım olanda Ramilə kömək edirlər. Ramil bizimlə nə qədər danışırsa, hesabın hamısını Ramil özü verir. Ayda iki dəfə ərzaq filan alır, danışanda kart pulunu özündən verir. Elə dolanırıq".
Maraqlıdır ki, R.Səfərovun dövlət və bayraq uğrunda göstərdiyi fədakarlığa görə məhkum edilməsinə baxmayaraq, zabitin atası dövlətdən heç bir qayğı ummur, ümumiyyətlə dövlətin bu məsələdə heç bir məsuliyyət daşımadığını bildirir: "Dövlət mənə nə ayırmalıdır, nə etməlidir? Ummamışam, fikirləşməmişəm ki, mənə nə isə etsinlər. Çalışdığım odur ki, dövlətin nə imkanı, nə gücü varsa, prinsipə erməniyə gücümüzü sübut etsinlər".
Göründüyü kimi, S.Səfərov dövlətdən heç nə ummadığını qeyd edir. Halbuki, belə bir münasibət nə qədər kübar və ağayana bir yanaşma olsa da, bütövlükdə dövlət-vətəndaş münasibətləri baxımından anormaldır. Çünki vətəndaşın dövlət və bayraq qarşısında öhdəliyi olduğu kimi, dövlət və bayrağın da vətəndaş qarşısında öhdəliyi mövcuddur. Əgər R.Səfərov erməni cəlladını qətlə yetirməklə öz bayraq və dövlətinin şərəfini qorumağı özünə borc bilibsə, dövlət də öz qəhrəmanının ailəsini göz bəbəyi kimi qorumağı özünə borc bilməli, bu yolda heç bir fədakarlıqdan çəkinməməlidir. Lakin təəssüf ki, ötən 8 il yarım müddətində biz belə bir münasibətin şahidi olmadıq. Məhz bu səbəbdən də bu gün R.Səfərovun atası S.Səfərovun dövlət və ölkə başçısına minnətdarlığının nə dərəcədə səmimi olduğunu yəqin ki, ətraflı şərh etməyə heç bir ehtiyac yoxdur. Hakimiyyətin gecikmiş təəssübkeşliyinin arxasında hansı məqsədlərin dayanmasına gəlincə, bu barədə danışmağa dəyər.
Ramil Səfərov İlham Əliyevi xilas edə biləcəkmi?
Maraqlıdır ki, son 8 ildə R.Səfərovun azad edilməsi üçün nəinki heç bir səy göstərməyən, ümumiyyətlə ölkə telekanalları və iqtidaryönlü mətbuatda onun təbliğinə qadağa qoyan hakimiyyətin birdən-birə öz zabitinə havadar çıxması, onun təbliğinə başlaması müəyyən suallar doğurur. R.Səfərovun 8 il yarımdan sonra azad edilməsi kimə, nə üçün lazımdır? Niyə R.Səfərovu ağır bir suç, dəhşətli bir günah kimi gizləyən, ondan quru dillə belə söz açmayan hakimiyyət indi onu dövlətin və xalqın şərəfini qoruyan xilaskar kimi göylərə qaldırır, millət vəkilləri, hökumət təmsilçiləri R.Səfərovun mənzili qarşısında növbə çəkir?
Bütün bu sualların təhlili göstərir ki, əslində hakimiyyətin R.Səfərovu azad etməkdə məqsədi 2013-cü il seçkilərində iqtidar təmsilçisinin qələbəsini və mövcud hakimiyyətin vətənpərvər obrazını təmin etməkdən ibarətdir. İqtidar ideoloqları yaxşı bilir ki, R.Səfərovun Azərbaycana gətirilməsi və azad edilməsi başda ölkə başçısı olmaqla hakimiyyətin nüfuzunu yüksəldəcək, geniş xalq kütlələrində İ.Əliyev və ali siyasi elitaya qarşı rəğbət hissi formalaşdıracaqdır. Bu isə  beynəlxalq təşkilatların hesabatlarında davamlı tənqid olunan, istər ölkə daxilində, istərsə də ölkə xaricində heç bir nüfuza malik olmayan hakimiyyət üçün çox böyük avantajdır. Əslində hakimiyyət bu addımla İ.Əliyevi R.Səfərova olan ümumxalq sevgisi ilə ortaq edir ki, bu da son dərəcə hiyləgərliklə atılan siyasi addımdır. Əminliklə demək olar ki, iqtidar ideloqlarının məsləhəti ilə ölkə başçısının atdığı bu addım prezident seçkilərində özünü hakim partiyanın maraqlarından yana müsbət mənada hiss etdirəcək, iqtidar təmsilçisinə az və ya çox dərəcədə səs qazandıracaqdır.
R.Səfərovun niyə 2013-cü ilin əvvəli və ya ortasında azad edilmədiyinə gəlincə, iqtidarın bu məsələni də diqqətlə ölçüb-biçdiyi göz önündədir. Heç şübhə yoxdur ki, iqtidar R.Səfərovu seçkilərə təxminən bir il qalmış azad etməklə bu bir ili R.Səfərovu yenidən öz azadlığına qovuşduran ölkə başçısının təbliğinə sərf etməyi düşünür. Əminliklə demək olar ki, R.Səfərovun azad edildiyi gündən  2013-cü ilin prezident seçkilərinə kimi bu məsələ ölkə televiziyaları və iqtidaryönlü mətbuatın diqqətində olacaq, R.Səfərovun azadlığı fonunda İ.Əliyevin qəhrəman və vətənpərvər ölkə başçısı obrazı formalaşdırılacaqdır.
İqtidar prezident seçkilərin 3 milyard dollar yatırım etdi
R.Səfərovun azad edilməsindən dərhal sonra baş verənləri öz səhifələrində əks etdirən dünya mətbuatı erməni mətbuatının iddiaları əsasında R.Səfərovun azad edilməsinin pərdəarxası səbəbi ilə bağlı maraqlı iddia ortaya qoydu. Dünya mətbuatında yer alan iddialara görə, Azərbaycan tərəfi R.Səfərovun azad edilməsi müqabilində Macarıstan iqtisadiyyatına 3 milyard dollar  məbləğində yatırım etmiş, məhz bunun sayəsində macar hökumətini həbsdəki zabitin Azərbaycana gətirilməsinə razı salmışdır. Şübhəsiz, bu iddianın nə qədər gerçək və reallığa uyğun olduğu hələ bəlli deyil. Lakin Macarıstanın R.Səfərovu təmənnasız surətdə azad etmədiyi şübhəsizdir. Bu mənada rəsmi Bakının Macarıstana R.Səfərovun Azərbaycana gəlişi müqabilində 3 milyard dollar verə bilməsi tamamilə mümkündür. Şübhəsiz, R.Səfərovun Azərbaycana gətirilməsini təmin etmək üçün dövlət büdcəsindən 3 milyard dollar məbləğində vəsaitin ayrılması başadüşüləndir və gərəkirsə bu rəqəmi on dəfə daha artırmaq olar. Lakin əsas məsələ bu vəsaitin R.Səfərovun Azərbaycana gətirilməsinə deyil, qarşıdakı prezident seçkilərinə kapital kimi qoyulması ilə bağlıdır. İqtidarın R.Səfərovun azad edilməsindən öz seçki kampaniyasında geninə-boluna istifadə edəcəyini nəzərə alsaq, o zaman bu vəsaitin R.Səfərova deyil, mahiyyət etibarilə iqtidarın seçki kampaniyasına sərf edildiyi məlum olar. Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun "Ramil Səfərov Azərbaycan Prezidentinin qətiyyəti və əzmi sayəsində Azərbaycana gətirildi" fikri qarşıdakı təbliğatın koordinatlarını müəyyənləşdirmək baxımından yetərlidir.
Ölkə gəncliyinin riyakarlığı və ya saxta vətənpərvərlər toplusu
Məlum olduğu kimi, R.Səfərovun gəlişi geniş xalq kütlələri, xüsusilə də ölkə gəncliyinin coşqusu ilə müşahidə edildi. Gənclərin R.Səfərova olan sevgisinin xalqın milli-vətənpərvərlik ruhunun aşıb-daşması kimi ictimaiyyətə təqdim edən ölkə telekanalları ermənilərin ünvanına hədə-qorxu dolu bəyanatlar səsləndirmək fürsətini də əldə vermədi. Halbuki, bu gün R.Səfərovun mənzili qarşısında dayanan, Azərbaycan zabitinə olan sevgisini hərarətli bir şəkildə dilə gətirən gəncliyin 8 il yarım müddətində R.Səfərovun ailəsini yada salmadığı, onlarla mənəvi həmrəylik nümayiş etdirmədiyi aydın həqiqətlərdən biridir. R.Səfərovun atası S.Səfərovun məlum müsahibəsində yer alan aşağıdakı fikirlər də, bu gün R.Səfərovun mənzili qarşısında vətənpərvər donunda zühur edən minlərlə gəncin əslində saxta vətənpərəvərlər toplumundan başqa bir şey olmadığı göstərir. Ölkə gəncliyinin R.Səfərova olan bağlılığının qeyri-səmimiliyi S.Səfərovun müsahibəsində bu cümlələrlə öz əksini tapır: "Ramilin anası 2009-cu ilin oktyabr ayında rəhmətə gedib. Hamı kimi o da bildi. Amma Ramilin anasının yasına gənclər gəlmədi. Keçən dəfə Gənclər Təşkilatından 20-30 gənc gəlmişdi, mən də onlara dedim ki, əgər siz Ramili belə vətənpərvər, qəhrəman hesab edirsinizsə, niyə anasının yasında bura gəlmədiniz?"
Əslində S.Səfərovun bu sözləri qəhrəmanlıq və qəhrəmana ruhi-mənəvi bağlılıq anlayışının Azərbaycan cəmiyyəti, ölkə gəncliyi tərəfindən lazımınca dərk edilmədiyini göstərir. Halbuki, həqiqi vətənpərvərlik, vətən və onun qəhrəmanına gerçək bağlılıq çətin gündə, dar məqamda, təmənnasız şəkildə ortaya qoyulan fədakarlıqlardan, mənəvi dözüm və həmrəylikdən ibarətdir. Bu gün bir vətənpərvər kimi R.Səfərovun şəklini maşınında deyil, ürəyində gəzdirən, onu sözü ilə deyil, əməli ilə sevən insanlar öyünə bilər.
R.Səfərovla şəkil çəkdirmək, ona sarılmaq, onunla bağlı ölkə mətbuatına müsahibələr vermək, sosial şəbəkələrdə ucuz qəhrəmanlıq təbliğatı aparmaq hələ vətənpərvərlik demək deyil. Ümumiyyətlə, vətənpərvərlik nümayişkaranə təbliğat və reklamla tərs mütənasibdir və o yerdə ki, mənəm-mənəmlik, o yerdə ki, özünü göz soxmaq, kiməsə və ya nəyəsə qəbul etdirmək istəyi var, orada əsla həqiqi qəhrəmanlıq və vətənpərvərlik ola bilməz. Eynilə bu gün Azərbaycanda olduğu kimi.

Anastasiya Soldousova 

 

скачать dle 12.1