Azərbaycanda korrupsiya bütün sahələrdə var...

20-02-2012, 14:10
0
Azərbaycanda korrupsiya bütün sahələrdə var...

Hakerləri savaşa göndərmək üçün arxada və qabaqda nələrin olduğunu bilmək lazımdır

Azərbaycan Milli Internet Forumunun prezidenti Osman Gündüz 3-4 gün əvvəl Azərbaycanın rəsmi internet saytlarına qarşı haker hücumlarını “elan edilmiş müharibə” kimi dəyərləndirdi. Tamamilə doğru qiymətləndirmə idi, sadəcə, hücumun təşkil ediləcəyi barədə qabaqcadan heç bir açıq xəbərdarlıq olmamışdı, hücumlardan sonra isə məsuliyyəti üzərinə götürən tərəf olmadı. “Azeriyan Cyber...” kimi təqdim edilən qrup isə, görünür, izi yüngülvari, istəmədən azdırmaqdan başqa bir şey deyildi.

Elan edilmişmi, edilməmişmi savaş?

Adətən hakerlər bir dövlətin ərazisindən başqa dövlətin internet resurslarını hədəfə alırlarsa, qabaqcadan bunun hansısa simptomları, əlamətləri müşahidə olunur. Məsələn,  bu ilin yanvar ayının 15-də HAMAS liderləri Qəzza sektorundakı hakerlərə xitab edərək Israilə qarşı kibermüharibəyə başlamağa çağırdı. Bu çağırışa isə Qəzza hakerlərindən başqa Səudiyyə Ərəbistanının və başqa bir-iki müsəlman ölkəsinin hakerləri qoşuldu. Yəni, haker hücumları, daha çox, açıq elan edilmiş kiber müharibə şəklində baş verir.
Eynilə bu qaydada, dekabrın ortalarında Türkiyədən olan hakerlər Fransaya qarşı kibermüharibə elan etmişdilər və Fransada bir çox rəsmi saytları darmadağın etmişdilər. Həm də, açıq-aşkar: dağıtdıqları bütün saytlarda türk bayrağı yerləşdirməklə hücumun ünvanını göstərmişdilər. Hücumdan əvvəl isə onların belə bir savaşa başlayacaqları, həm də bu savaşın davamlı olacağı barədə müxtəlif saytlarda bəyanat yaymışdılar.

Bu müharibə “Yeni Azərbaycan”a qarşı başlayıb

Iran hakerlərinin (şübhəsiz, belədir) Azərbaycanın rəsmi saytlarına hücumu açıq bəyanatın davamı olmadı. Amma bunun əlaməti vardı. Səhv etmirəmsə, ötən il dekabrın 26-da Iran hakerləri Hakim partiyanın rəsmi qəzeti olan “Yeni Azərbaycan” qəzetinin saytını dağıtmışdılar. Həmin günlərdə problemi bir neçə saat ərzində yoluna qoyan redaksiya bunu ictimailəşdirməyə lüzum görmədi. Səbəbi aydın deyil, amma ola bilər ki, bu hadisədən bir müddət əvvəl Redaktorlar Birliyinin MTN-ə internet təhlükəsizliyi ilə bağlı ünvanladığı müraciəti aktuallaşdırmaq istəməmişdilər. Amma mövcud problemi bu şəkildə ört-basdır etmək lazım deyildi.  Çünki “Yeni Azərbaycan” qəzetinə hücum Azərbaycan hökumətinə bir xəbərdarlıq idi və bunu nəzərə almaq lazım idi. Nəzərə almamışdılar. Bəlkə də ona görə ki, Anar Mahmudoğlu demişkən, həmin günlərdə Əli Həsənov Irana “səmimi səfərini” yenicə başa vurub geri dönmüşdü.
Bizim saytlar bizim blindajlar kimi qurulubsa, onda heç nə...
Əlbəttə, Iran hakerlərinin hücumundan sonra Azərbaycanlı hakerlərin də cavab reaksiyasının olacağını gözləməmək sadəlövhlük olardı. Amma Azərbaycan bütövlükdə, belə bir savaşa hazırdırmı? Ən azı, hətta mən, internet texnologiyaları üzrə mütəxəssis olmayan bir adam olaraq bilirəm ki, Azərbaycanın rəsmi saytlarının bir çoxu “Soros” Fondundan ayrılan qrantların bir hissəsinin mənimsənilməsi hesabına qurulub və onların müdafiə mexanizmləri də həmin qrant layihələrinin mənimsənilmiş hissəsi qədər möhkəmdir. Xüsusi dövlət mühafizəsi təminatı olan saytlar da bu gündədir: Azərbaycanda korrupsiya bütün sahələrdə var, hətta milli müdafiə və milli təhlükəsizlik kimi mühüm sahələrdə daha az deyil.

Güclü haker kibermüharibəni udmaq imkanı deyil

Buna görə, Azərbaycanın kiber savaşa hazır olduğunu deyərkən, yalnız onu nəzərdə tutmaq lazım deyil ki, bizim də güclü hakerlərimiz var. Azərbaycanda yaxşı hakerlərin olduğunu mən bilirəm. Ən azı, xüsusi xidmət orqanlarının sifarişi ilə “Azadlıq”ın saytının ayda bir dəfə dağıdıldığını müşahidə etmək kimi bir təcrübə gözümün önündədir. Amma hakerlərin işi, əsasən, hücumdur, müdafiə deyil. Bizim internet məkanımızın müdafiə imkanları zəifdirsə, beş-altı, on-on beş, lap əlli-altmış peşəkar haker nə iş görə bilər ki? Özlərini prezident.az-ın linkinə çevirəsi deyillər ki?..
Üstəlik, beynəlxalq kibermüharibədə tanınmış və böyük təcrübəsi olan Iran haker korpusu kimi.
Hakerlər Iran ordusunun tərkib hissəsidir
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, 2011-ci ilin mart ayında Iran hökuməti “Islam Respublikasının bütün  düşmənlərinə qarşı kibersavaşın genişləndiriləcəyi barədə” xüsusi qərar qəbul edib. Martın 14-də “Bəsic” komandanı general Əli Fəzli Iranın rəsmi qəzetlərinə məlumat vermişdi ki, universitet tələbələrindən, müəllimlərindən, eləcə də ilahiyyatçılardan ibarət olan böyük bir qrup yaradılıb ki, kibersavaşın plan və proqramlarını hazırlasın. Bu planları daha effektiv yerinə yetirmək üçün isə briqada generalı Kamal Hadiənfarın komandanlığı altında “kiberpolis” də yaradılıb. Azərbaycan hökuməti isə Iranın bir çox rəsmilərinin, elə həmin Əli Fəzlinin dilindən dəfələrlə “Islam düşməni” adlandırılıb. (Və açıq desəm, mən bu məsələdə dini motivlərin ən sonda gəldiyini iddia edirəm). Deməli, bütün əlamətlərə görə, Azərbaycana qarşı kibersavaşın başlayacağını gözləmək lazım idi və başda ali baş komandan olan prezident olmaqla bütün hökumət bunu görməyib, nəzərə almayıb qabaqlayıcı tədbirləri müzakirə etməyiblərsə, - ki, etməyiblər, - bu, “müdrik idarəetmə-zad” deyil. 
Bizim internet məkanının xüsusi gücləndirilmiş mühafizə altında olması üçün Iranın hansısa yeni proqramlar qəbul etməsini gözləməyə də ehtiyac yox idi: qarşımızda müharibə vəziyyətində olduğumuz Ermənistan var və onlarla epizodik kibersavaş, demək olar ki, hər zaman baş verir. Cəbhə bölgəsində “atəşkəsin pozulması” kimi bir şey. Deməli, erməni hakerləri də bu vaxta qədər Azərbaycana ciddi hücumlar təşkil etməyiblər.  (Xoşbəxt təsadüf hesab edək).

Səni düşmən sayanı tanımaq zəruridir

Amma Iranın Azərbaycana qarşı kibersavaş elan edəcəyini və ya elan etmədən hücumlar təşkil edəcəyini bilmək üçün Ilham Əliyevin məxsusi olaraq, “din düşməni” elan edilməsini gözləmək də lazım deyil. Qərb ölkələri və Israillə xüsusi münasibətləri olan Azərbaycanın cənubdan belə bir təhlükə ilə üzləşəcəyini hər zaman gözləmək lazım idi. Ən azı, bunu önləmək üçün hansısa tədbirlər görmək lazım idi. Siyasi tədbirlər. Çünki, texniki tədbirlərlə Iran hakerlərinin qarşısında duruş gətirmək çətin məsələdir və mən onların imkanlarını qətiyyən şişirtmirəm. Əgər səni düşmən elan ediblərsə, səni düşmən elan edənlərin imkanlarını düzgün qiymətləndirməyi bacarmalısan. Bunun üçün çox dərinə və ya uzağa getmək lazım deyil. Ən yaxın keçmişdən bir neçə epizodu qiymətləndirmək lazımdır:
Bu yaxınlarda Iran ərazisinə ABŞ-ın bir pilotsuz kəşfiyyat təyyarəsinin düşdüyü barədə məlumat yayıldı. Hətta prezident Barak Obama xüsusi olaraq müraciət etdi ki, Iran bu təyyarəni qaytarmalıdır. Hamının bilməsi zəruridir ki, bu pilotsuz təyyarəni Iranlı hakerlər endirmişdilər.
2011-ci ilin sentyabrında Iran hakerləri “Mossad”ın, ABŞ Baş Kəşfiyyat Idarəsinin, Britaniyanın məşhur MI-6 kəşfiyyat xidmətinin və Avropanın bir sıra başqa dövlətlərinin kəşfiyyat xidmətlərinin internet saytlarını dağıtdılar. Doğrudur, hakerlər məxfi informasiyaları əldə edə bilməmişdilər, amma saytları darmadağın etmişdilər.
Iran hakerlərinin bu xüsusi əməliyyatları Iranın nüvə proqramına qarşı məşhur StruxNet adlı virusun yoluxdurulmasından sonra vüsət götürmüşdü. 2010-cu ilin iyun ayında aşkar edilən StruxNet Iranda 60 mindən artıq kompüterə yoluxdurulmuşdu və Iranın nüvə layihələrinin işə düşməsini, ən azı 2 il təxirə salıb. Həmin vaxt Iran da belə bir məlumat yaydı ki, bu virus ABŞ-ın sifarişi ilə Israildə hazırlanıb və buna görə də dövlət öz imkanlarını səfərbər edərək bu təxribata cavab verəcək.
2011-ci ilin mart ayının 28-də Iranlı haker Skype, google, Yahoo, Microsoft kimi internet nəhənglərinin online-transaksiya təhlükəsizliyinin təminatı üçün zəruri olan rəqəmsal sertifikatları oğurlaya bilmişdi və bunu Buşəhrdəki nüvə sentrifuqlarını sıradan çıxaran həmin StruxNet-ə görə qisas adlandırmışdı.

Neyləmək lazım olduğunu isə Osman Gündüzdən soruşun

Bu sadalananlar Iranın kibersavaşda çox ciddi təcrübəsinin olduğunu xatırlatmaq və dünyada kibermüharibənin yeni bir şey olmadığını yada salmaq üçündür. Hərçənd, bu vaxta qədər cəmi bir neçə ölkənin prezidentinin saytının dağıdılması faktı qeydə alınıb: Belarusun, Qayananın, Braziliyanın...
Üstəlik, Iran hakerləri ilə zəhlətökən və üzücü müharibənin bu tezliklə başa çatacağını ehtimal etmək yanlış olardı. Qarşısında belə hazırlıqlı və güclü döyüşçüləri olan bir ordunu görərək neyləmək lazımdır?
Bax, bunu Osman Gündüzdən və onun komandasından soruşmaq lazımdır...

Anastasiya Soldousova 

скачать dle 12.1