ƏSRİN ZARAFATI VƏ YA RAFİQ ƏLİYEVİN SAMURAY QILINCI

19-04-2012, 16:44
0
ƏSRİN ZARAFATI VƏ YA RAFİQ ƏLİYEVİN SAMURAY QILINCI

Azərbaycanın tanınmış elm xadimi, xalqın vicdan və ləyaqət simvolu sayılan professor Rafiq Əliyevə qarşı qarayaxma kampaniyası başlayandan bu yana, hörmətli akademiklə bağlı ortaya bir sıra cəfəng ideya və bötanlar atıldı ki, onların da bir çoxu öz qeyri-adi əcaibliyi ilə yadda qaldı. Mövcud rejimin eybəcərliklərini ayna kimi əks etdirən, onu incə, həssas, anlayışlı bir dillə gözəlliyə, nəcibliyə, ədalətə səsləyən R.Əliyevin adı cəmi bir neçə həftə ərzində onlarla saxta ittihamda baş rol qismində hallandı. Kimisi tanınmış alimin Ə.Vəzirovla işlədiyini, həmin dövrdə ideoloji işlər üzrə katib vəzifəsində çalışdığını bildirərək onun demokratiya və insan haqları ilə bağlı fikir bildirməyə haqqı olmadığını söyləyir, kimisi R.Əliyevin elmi fəaliyyətinə öz kiçik və məhdud dünyasından baxaraq bu fəaliyyətin önəmini kiçiltməyə səy göstərir, kimisi isə daha ciddi ittihamlar üçün səssiz-səmirsiz axtarışlarını davam etdirirdi.

Lakin bugünlərdə R.Əliyevlə bağlı "Səs" qəzetində dərc olunan bir ittiham hörmətli professorla bağlı bugünə qədər irəli sürülən ən gülünc ittiham kimi yadda qaldı. Belə ki, müəllif imzasının olmadıgı bu yazıda R.Əliyevin ailə bağlarını və şəgərəsini bilinməyən mənbələr əsasında "araşdıran" "tədqiqatçı" Azərbaycan ictimaiyyətinin xəbərsiz olduğu sensassyon bir "yeniliyi" aşkara çıxardır.

Gərgin araşdırmalar nəticəsində bəlli olur ki, sən demə öz qeyri-adi sadəliyi və təvazökarlığı ilə tanınan R.Əliyev "mal-dövləti, varidatı sayılmayacaq dərəcədə çox olan" məşhur ərəb şeyxlərindən birinin kürəkəni imiş. Açığı məlum araşdırmanın qəribə nəticəsi ilə tanış olandan sonra ağlıma gələn ilk şey yeni bir həyata başlamaq üçün R.Əliyevdən bir neçə yüz min dollar almaq fikri oldu. Çünki bütün hallarda ABŞ, Fransa, İngiltərə kimi nəhəng ölkələrə borc və kredit verən, dünyanın maliyyə ürəyinə məxsus bir regiona bağlı olan, ərəb dünyasının tanınmış şeyxlərindən birinin yaxın qohumu olan bir insanda azı bir neçə milyon dolların olacağı şəksiz idi. Ancaq yenə də hər ehtimala qarşı bütün bu deyilənələri "yerindəcə araşdırmağı" qərara aldım və birbaşa hörmətli akademikin evinə yolandım. R.Əliyevlə bir neçə dəqiqəlik kəşfiyyat xarakterli söhbətdən sonra "Səs" qəzetində yer alan məlumatın reallıqdan uzaq olduğu qənaətinə gəldim. Məlum oldu ki, insanların gülüş hədəfinə çevrilən bu "həqiqət" əslində əsrin zarafatından başqa bir şey deyilmiş. Odur ki, gəldiyim qənaətin məyusedici təəssüratı altında ayağa qalxdım və dərin peşmanlıq hissi ilə qapıya yaxınlaşan zaman birdən gözümə divardan asılan, üzərində qəribə yazılar həkk edilən Samuray qılıncı sataşdı.

Bəli, yanılmamışdım. Bu, əsl Samuray qılıncı idi. Buna heç bir şübhə ola bilməzdi. Və birdən ağlıma maraqlı bir fikir gəldi. Madam ki, R.Əliyev bu qılıncı öz evinin divarından asıb, madam ki, onu hər gün hər saat görməkdən məmnunluq hiss edir, deməli, burada hansısa gizli və ciddi bir səbəb mövcuddur. Daha dəqiq desək, çox güman ki, R.Əliyevin yapon samurayları ilə hər hansı bir bağlılığı, qohumluq əlaqəsi mövcuddur. Yoxsa niyə dünya miqyaslı bir elm xadimi öz divarından başqa bir şey deyil, məhz Samuray qılıncı assın?

Doğrusu, bu böyük tapıntıya nail olandan sonra əsla rahatlıq tapa bilmirəm. Şəxsən mən belə hesab edirəm ki, R.Əliyevlə bağlı bu şübhənin ciddi şəkildə araşdırılmasına çox böyük ehtiyac var. Bəlkə də R.Əliyevin mübarizliyinin, dəyanət və cəsarətinin kökündə məhz bu amil dayanır. Bəlkə də biz R.Əliyevin genetik kodundakı bu mühüm şifrəni aça bilsək, onu bu və ya digər şəkildə geri oturda, hansısa formada neytrallaşdıra bilərik. Lakin şübhəsiz ki, bu, yalnız mənim bacara biləcəyim bir iş deyil. Ona görə də mövcud rejim bütün inzibati resursları, hərbi kəşfiyyat sistemindən tutmuş elmi-tibbi tədqiqat institutlarına kimi bütün kontingenti ilə bu "problemin" üzərində işləməli, Qarabağ problemindən heç də az önəm kəsb etməyən R.Əliyevin kimliyi ilə bağlı "sirri" aşkara çıxartmağa çalışmalıdır. Zənnimcə, mən bu məsələdə üzərimə düşəni etdim. Qalanı hakiimiyyət və ona yaxın qurumların işidir.

Gəlim araşdıraq, dediklərimizə kimsə inanarsa, ittihamımız doğru çıxarsa, bu, hörmətli professora qarşı çox gözəl təzyiq vasitəsinə çevrilə bilər. Yox, əgər bundan öncəki ittihamlar kimi bu ittihamın da sabun köpüyü olduğu ortaya çıxsa, o zaman buna da kobud zarafat donu geyindirər, bunu R.Əliyəvə qarşı duyduğumuz sevginin yeni bir örnəyi adlandırar və ən pis halda üzr istəyərək vəziyyətdən çıxmağa çalışarıq. Ancaq hələ ki, fakt göz qabağındadır. Bir yanda elmi, intellekti və ləyaqəti ilə  özü təkbaşına bir xalq, bir dövlət sayıla biləcək R.Əliyev, digər tərəfdə isə üzərində əsrlərin nisgil və sehrini gəzdirən möhtəşəm Samuray qılıncı. Boş qalan isə bir yar var. Tədqiqatçı yeri...

 

Seymur Əliyev

скачать dle 12.1