Bu ölkədə insan həyatı o qədər önəmsiz olub ki…

10-08-2015, 12:31
4 074
Bu ölkədə insan həyatı o qədər önəmsiz olub ki…

Daha bir jurnalist qətlə yetirildi. Bu ölkədə insan həyatı o qədər önəmsiz olub ki, hətta ortabab bir idmançı jurnalistin qətlinin sifarişçisi və yaxud təhrikçisi ola bilər.

Lakin cəmiyyətin nə vaxt belə hadisəyə kütləvi etiraz edəcəyi də bəlli deyil. Tunisdə də belə olmuşdu. Yüzlərlə vətəndaş özbaşınalığın qurbanı olmuşdu və cəmiyyət buna seyrçi qalmırdı. Lakin 24 yaşlı bir gəncin etiraz əlaməti olaraq özünü yandırması dünyanın mənzərəsini dəyişmiş oldu.

Öldürənin kim olmasını dilə gətirməkdənsə, o murdar ünvanı unutdurmaq, yaddaşlardan sildirmək, bəlkə də, daha məqbuldur. Amma niyə və nədən belə olmalı, nədən peşə borcunu vicdanla, ləyaqətlə yerinə yetirən jurnalist günün günorta çağı hansısa bir namərd tərəfindən qətlə yetrilməlidir?

Belə götürəndə, Rasim digər həmkarlarından fərqli olaraq siyasi proselərə aktiv müdaxilə etməyən, iqtisadi cinayətlərin araşdırılmasında, məmur özbaşımnalığının qabardılmasında, tüğyan edən rüşvət və korrupsiya faktlarının açılmasında az payı olan, yalnız formalaşdığı sahələr üzrə həqiqəti dilə gətirən bir jurnalist idi. Sosial şəbəkələrdə yazdığı statusa, bir futbol komandası və ya oyunçu haqda işlətdiyi ifadəyə görə, jurnalist ölüm hədəfinə çevrilirsə vay, vəzifəsindən sui-istifadə edib milli sərvəti dağıdan məmurlar haqda həqiqətləri dilə gətirən jurnalistlərin halına.

Qətllərə və həbslərə "dur” demək rahat kabinetlərdə bəyanatlar verməklə həyata keçirilmir. Rasim Əliyevin qətli cəmiyyəti birləşdirməlidir. Bu gün ortabab bir futbolçunu həbsə ala bilməyən dövlət öz imicini zərbə altında qoyur. Nazirlər, komitə sədrləri, icra başçıları, adi məmurlar bəd əməllərinin aşkarlanmaması üçün hərəsi yanında bir qocu dəstəsi bələyir. Dərəbəylik, özbaşınalıq bu cinayətlərə stimul verən hallardır. Deyilməsinə, cari tədbirlər görülməsinə baxmayaraq məmur özbaşınalığı, onların övladlarının qudurğanlığı, status əldə edən idmançıların qoçuluğu qarşısı alınmaz bir bəlaya çevrilib. Cəzasızlıq növbəti və daha ağır cinayətə yol açır. Qudurğanlar, qanunu, əxlaq normalarını görməzdən gələnlər etdikləri cinayətin layiqli cəzasını almadıqca ayaqları yer alır. Onlar nəinki adi vətəndaşı, peşə borcunu yerinə yetirən jurnalisti, hətta ona etdiyi cinayətə görə iş açan hakimi də öldürməkdən çəkinmirlər.

Hüseynov Vüsal

скачать dle 12.1