Xana Xanabadda qonaqlıq

17-09-2015, 18:30
0
Xana Xanabadda qonaqlıq
Razılaşdığımız kimi arada bir KVD-də tez-tez işlədilən və dilimizi kor qoyan ifadələrdən söz açacam. Bu dəfə TV və radioda vaxtla bağlı məlumatların verilməsi haqda danışıram. Ekran və efir zəhmətkeşləri tez-tez təxminən belə ifadə işlədirlər: “Saat on beş sıfır-sıfırdan saat on yeddi sıfır-sıfıradək...” Çox əcaibdir. Əslində belə işlənməlidir: “Saat on beşdən saat on yeddiyədək...” Nə olsun ki, yazıda vaxt 15:00, 16:00, 17:00 və s. kimi göstərilir?! Başa düşmək lazımdır ki “saat 16-da” ifadəsi elə “16:00" deməkdir. Belə çıxır ki, ”on altı sıfır-sıfır" ifadəsini işlədən ekran və efir zəhmətkeşləri oxuduqları mətndəki nöqtənin, vergülün, sual işarəsinin də adını deməlidirlər. Vaxtla bağlı daha bir biabırçılıq “radə” ifadəsi ilə bağlıdır. “Radə” ərəfəni, təxmini vaxtı göstərən ifadədir. Lakin saat “on altı sıfır-sıfır radələrində...” ifadəsi çox yersizdir. Bir halda ki, vaxt bu qədər dəqiqliklə bilinir, onda “radə” ifadəsinin bura pərçim edilməsini anlamaq olmur.
Ola bilsin ki, kompüterdən istifadə edən indiki gənc nəsil disketlərin nə olduğunu bilmirlər. CD, DVD disklərini, fleş-kartların olmadığı vaxtlarda, məlumatı köçürmək üçün tutumu olduqca az olan disketlərdən istifadə olunurdu. Sonradan onların yerini disklər tutdular. Disklərin ölkəmizə yenicə ayaq açdığı dövrlərdə Bakının sərnişindaşıma yükünün önəmli hissəsini “QAZel”lər çəkirdi. Hansı “QAZel”ə minirdin, baxırdın ki, sürücü salonun 4-5 yerindən disk asıb. Kompüterlə heç bir əlaqəsi olmayan, onun nəyə lazım olduğunu bilməyən sürücülər həmin diskləri yaraşıq kimi maşınlarından asırdılar. El arasında adına Milli Məclis deyilən rejimin notariat kontoru insan haqları, azad seçkilər, məhkəmələrin müstəqilliyi haqda xeyli sayda qanunlar qəbul edib. Həmin qanunlar “QAZel” salonundan asılmış disklər kimi iqtidar salonlarının ora-burasından yaraşıq üçün asılmaqdan ötrüdür, başqa heç bir torta (ifadə Samir Sarıya məxsusdu) dərman deyil. 
Amma mən bu avropalıları heç cür başa düşmürəm. Gözəl-göyçək, aydan arı, sudan duru iqtidarımızın üstünə düşüblər ki, sən Şərq Tərəfdaşlığı Proqramını yerinə yetirmirsən. Deyirlər ki,  guya Moldova, Gürcüstan və Ukrayna bu proqramı lap yaxşı yerinə yetiriblər. Nə qədər iyrənc yalandır! Yenə də ikili standart, yenə də uğurlarımızı gözü götürməməzlik və yenə də ermənilərin sifarişi ilə danışmaq. Həqiqət isə belədir ki, məhz Azərbaycan həmin proqramı nöqtəsinə-vergülünə qədər yerinə yetirib, həmin üç respublika isə ora sadəcə olaraq tüpürüblər. 
 
Nə dediyimi və niyə dediyimi izah etmək üçün əvvəlcə Şərq Tərəfdaşlığı Proqramının nə olduğunu araşdıraq. Adından göründüyü kimi, bu proqram şərqlə əlaqələri və tərəfdaşlığı genişləndirməyi nəzərdə tutur. Şərqin isə nə olduğunu hamımız bilirik, amma bir də xatırlatsam pis olmaz. Şərq tiranlıq, despotluq, avtoritarlıq, korrupsiya, başqa cür düşünənlərin ağır şəkildə cəzalandırılması, sülalə hakimiyyəti, saxta seçkilər, total yaltaqlıq, şaha itaətkarlıq deməkdir. İndi deyin görüm, Şərq Tərəfdaşlığı Proqramını bizmi yaxşı yerinə yetirmişik, yoxsa o üç dövlətmi? Əlbəttə ki, biz! Buna bir daha əmin olmaq üçün iqtidarın son günlərdəki görüşlərinə fikir verin. Əvvəlcə BƏƏ-nin vitse-prezidenti, Dubayın meri, dalınca BƏƏ-nin rəhbəri gəlir. Onları yola salan iqtidarımız ertəsi günü Səudiyyə Ərəbistanına geniş tərkibli heyətlə rəsmi səfər edir. Daha bundan artıq Şərq tərəfdaşlığı olmaz ki! AB zəhmət çəkib proqramın adını Qərb Tərəfdaşlığı qoyaydı, iqtidarımız da ölkəni ora dartıb aparaydı.
Yeri gəlmişkən AB-nin Şərq Tərəfdaşlığı Proqramına cavabdeh olan əvvəlki komissarının soyadı Fule idi. Yəni fil-filo. Ona görə də o, heç nəyə nail ola bilmədi. Səhvini başa düşən AB bu vəzifəyə yeni komissar təyin edib. Bildiyim  qədər onun soyadı Han olmalıdır. Bizim dilə çevirsək “Xan” alınır. Orada başa düşürlər ki, Azərbaycan xanı ilə danışmaq üçün xandan yaxşı elçi tapmaq olmaz. Gələndə onun şərəfinə Xanabadda xanı balığından qonaqlıq versələr yerinə düşərdi.
скачать dle 12.1