Allahdan yox, arvaddan qorxan

8-04-2015, 18:36
0
Allahdan yox, arvaddan qorxan
Yazar Aysel Əlizadənin “Qadın peyğəmbər” romanını oxuyub qurtardığım günü yadıma düşdü ki, bu gün dostlarımdan birinin doğum günüdür. Adi vaxt olsaydı həbsxanadaykən dostumun doğum günü yadıma düşməzdi. Məhz Aysel xanımın romanının adı və məğzi dostumun doğum gününü mənə xatırlatmışdı. Bunun necə baş verdiyini izah etmək üçün əhvalatı sizə danışmalıyam.
Üç dost arada bir Bakıxanov qəsəbəsindəki Mədəniyyət Sarayı ilə üzbəüz çayxanada oturub dərdləşirdik. Aşağı Seyid Əhmədlidən olan dostum bir müddət Tacikistanda yaşamışdı deyə, xatirələrinin əksəriyyəti bu ölkə ilə bağlı olurdu. Onun tez-tez təkrarladığı bir söz varıydı: “Mən Allahdan savayı heç nədən qorxmuram”. Bir dəfə onun bu sözlərinin üstündə möhkəm mübahisəmiz düşdü. Dedim ki, çox şeydən qorxuram, təkcə Allahdan qorxmuram. İzah etdim ki, timsahdan, pələngdən, hepatit virusundan, təyyarə qəzasından, terrorçudan, quldurdan, prokuror şərindən, seçki saxtakarlığından, hakim həyasızlığından, polis zopasından və s. bu kimi çoxlu şeylərdən qorxuram. Amma mehriban, mərhəmətli, rəhmdil, alicənab, bağışlayan və lütfkar Allahdan qorxmuram. Niyə qorxmalıyam axı? Dostum isə elə dediyini deyirdi.
Bir dəfə yenə də adəti üzrə Bakıxanov qəsəbəsindəki doğma çayxanamızda oturub söhbətləşirdik. Aşağı Seyid Əhmədlidən olan dostum futbol üzrə Azərbaycan milli komandasının növbəti dəfə böyük hesabla uduzmasının səbəblərini izah edirdi. Deyirdi ki, rəqib komandanın qolla nəticələnmiş dörd zərbəsi qapı çərçivəsinə tuş gəlməsəydi və bizimkilərin 90 dəqiqə ərzində rəqibin qapısına tərəf vurduğu yeganə zərbə yan xətdən çıxaraq tamaşaçıların üstünə yox, qapının doqquzluğuna tuş gəlsəydi bizim komanda udardı. Amma sırf təsadüf nəticəsində bunlar baş vermədiyindən sevimli komandamız uduzub. Yəni sadəcə olaraq, bəxt gətirməzliyi, vəssalam! Danışılan mövzuya zərrə qədər dəxli olmadığı halda, birdən dostum yenə də Allahdan başqa heç nədən qorxmadığını deməyə başladı. 
Təbii ki, yenidən mübahisəmiz qızışdı. Dostum səsinin yoğun yerinə salıb, əlini ölçə-ölçə üstümə hücum çəkmişdi. Çayxanada bizdən başqalarının da olduğunu nəzərə alaraq, ondan bir az alçaqdan danışmağı xahiş edirdim, amma yenə də xeyri olmurdu. Dostum əməlli-başlı qızışmışdı. Elə bu dəmdə onun telefonuna zəng gəldi. Displeydəki adı görən kimi dostum bir an içində səsini kəsdi, üzünə hədsiz mülayimlik, hətta mən deyərdim mütilik ifadəsi gəldi. Mənə elə gəldi ki, o “Yes” düyməsini qorxa-qorxa, həm də udquna-udquna basdı. Əslində mənə elə gəlməmişdi, həqiqətən də belə oldu. O, “eşidirəm” kəlməsini elə dedi ki, biz onu “qabağında ölüm, nə buyurursan” kimi eşitdik. Xəttin o başından ona nəsə deyildi. Dostum başladı acizanə surətdə izah etməyə ki, səhər evdən çıxanda qapının ağzına qoyulmuş zibil torbalarının ikisini də götürüb, ancaq orada üçüncü olmayıb. Bu izahatın qabağında xəttin o başından 10-15 saniyə ərzində daha nələrsə deyildi. Dostumun bunun müqabilində cavabları “baş üstə”, “bundan sonra daha diqqətli olaram”, “bir də belə iş tutmaram” və s. şəklində oldu. Yenidən danışmaq sırası əks tərəfə keçdi. 
Bu dəfə dostumun cavabları çox qısa və konkret olurdu: “Baş üstə”, “çatdırdım”, “verdim”, “almışam”, “götürmüşəm” və s. Ancaq xəttin o biri başından verilən sualın nə haqda olduğu dərhal başa düşdük. Çünki dostumuz bir az diksinən kimi oldu və bütün ölmüş əzizlərinin goruna, sonra da həyatda olanlarının canına and içdi ki, araq içmir, heç pivə də içməyib, zəng gələndə artıq o yerindən durub evə getmək üzrəymiş. Halbuki bayaqdan “hərəmizə yüz-yüz pis olmazdı” deyib, qonşuluqdakı kafeyə işarə edirdi. Nəhayət, telefon danışığı bitdi. Amma onun rənginin özünə gəlməsi üçün bir az gözləməli olduq. O, bir-iki rabitəsiz və dəxilsiz söz mızıldandı və saatına baxdı. Guya ki, ertədən planlaşdırdığı bir şey qəfil yadına düşdü və dedi ki, görəcəyi vacib iş var, təcili getməlidir. Əlbəttə ki, biz bunun yalan olduğunu başa düşdük. Sadəcə olaraq, bayaq telefondan deyilmişdi ki, tez evə gəl. Dostum içdiyimiz çayların pulunu verib (insafən əliaçıqlığına söz ola bilməz) bizimlə sağollaşıb düz çayxananın yanında dayanmış taksiyə minib getdi. Gedəndən sonra o biri dostum dedi ki, siz mübahisə edəndə sənin tərəfindəydim, ancaq indi onun tərəfindəyəm. Onun danışdıqları doğrudur, o, həqiqətən də Allahdan başqa heç nədən qorxmur. Sadəcə olaraq, onun Allahı evdəki “qəməndiridir”. Yəni qadın Allah.
скачать dle 12.1