Ağır cayıl iqtidar

4-04-2015, 18:56
0
Ağır cayıl iqtidar
Sizə demişdim ki, arada bir yazılarımda əsas mövzuya keçməzdən əvvəl ekran, efir və mətbuatda tez-tez işlədilən çox yersiz ifadələrdən də yazacam.  Bu dəfə ingiliscə “başlamaq” mənasi verən “start” ifadəsindən danışmaq istəyirəm. 
Bu ifadəni bir idman termini kimi işlətməkdə heç bir problem yoxdur, belə də olmalıdır. Ancaq “taxıl yığımına start verilmişdir”, “dəmiryol xəttinin çəkilişinə start verilmişdir”, “bayram hazırlıqlarına start verilmişdir” və s. kimi ifadələrdə bu sözü işlətməyin yeri yoxdur. Çünki öz şirin-şəkər türkcəmizdə bunu daha aydın və rahat ifadə edə bilərik. Bizə “taxıl yığımına başlanılmışdır”, “bayram hazırlığı başlanıldı”, “dəmiryol xəttinin çəkilişi başlayıb” şəklində deməyə nə mane olur? Birdəfəlik qərara almaq lazımdır ki, yalnız dilimizdə qarşılığı olmayan sözləri əcnəbi sözlərlə əvəz edə bilərik. Mən hətta bir dəfə televizordan belə bir ifadə eşitmişdim: “Təqaüdlərin verilməsinə başlanmasına start verilib”. Görün, necə əcaib səslənir. Deyirdilər ki, KİV-də dilimizin düzgün işlədilməsinə nəzarət edən hansısa dövlət qurumu yaradılıb. Təəssüf ki, hələ ortada yaxşı nəticə görünmür.
Hər kəs yaxşı yaşamaq istəyir. Kim bahalı maşını, 3-4 mərtəbəli villası, gözoxşayan yaxtası, ən bahalı paltarı olmasını, dünyanı gəzməyi, lüks restoranlarda nahar etməyi istəməz? Tək-tük insanları nəzərə almasaq, yəqin ki, hamı sadaladıqlarıma məmnuniyyətlə razı olardı. Birinə yaxınlaşıb ondan niyə ucuz paltar geyindiyini, daxmada yaşadığını, tez-tez dünya səyahətinə çıxmadığını, özünə avtomobil almadığını və s. soruşsaq, adam ələ salındığını düşünər və bizə ağır cavab qaytarar. Çünki məsələ çox bəsitdir. Adam lüks həyatı çox arzulayır, sadəcə olaraq buna imkanı yoxdur. İmkan - vəssalam! Amma elə şeylər də var ki, lüks şeylər hamı üçün eyni dərəcədə əlçatandır, ancaq adam gedib ən keyfiyyətsizindən yapışır. Belələrinə nə deyəsən? Fikir vermişəm, belələrinin əksəriyyəti lüks həyat yaşamağa imkanı olmayanlardır. Dediklərimi misalla izah edim. Götürək musiqi DVD-ləri satılan dükanı. Baxırsan ki, aşağı-yuxarı qiymətlər eynidir. Adam yüzlərlə ciddi musiqiyə, incəsənətə dəxli olan musiqi albomunu qoyub İbrahim Borçalı və ya Üzeyir Mehdizadə kimilərinin diskini alır. Halbuki pula hətta şedevr sayıla biləcək başqa bir disk almaq olardı. Qətiyyən bunu zövq məsələsi adlandırmayın. Zövq məsələsi Rəşid Behbudovumu, yoxsa Müslüm Maqomayevimi üstün tutmaqdır. Bu, adicə savadsızlıq və səviyyəsizlikdir. Bu, nəyi oxumaq, TV-də nəyə baxmaq, internetdə hansı sayta girmək məsələsində də belədir. Hamı üçün eyni dərəcədə əlçatan olan şeylərdən ən pisini seçmək xəstəliyidir bu. Demək istəyirəm ki, belə vəziyyət yalnız bizdədir. Amma vəziyyətin düzəldilməsi üçün bizdə heç bir iş aparılmadığını dəqiq deyə bilərəm. Məsələn, qonşu Gürcüstanda və Türkiyədə əhalinin elliliklə zay musiqiyə qulaq asması halı yoxdur. Hara firlatsan məsələ gəlib günümüzün ən güclü təbliğat və sunma vasitəsi olan TV-lərin üstünə çıxır. TV-lərdə ki, hakimiyyətin ciddi nəzarəti altındadır və onların necə olmasını məhz o müəyyənləşdirir. Sual olunur, ölkə pəhalisinin siyasi maariflənməsinin, öz haqlarını tələb etməsinin, azad sahibkarlıq fəaliyyətinin qarşısını alan iqtidar, onun heç olmasa ciddi musiqiyə qulaq asmağını niyə istəmir? Bu da onun hakimiyyətinə təhlükə yaradır? İnanmıram ki, İbrahim Borçalıya yox, Müslüm Maqamayevə qulaq asanlar meydanlara axışıb “İstefa” şüarları hayqıracaqlar. Deməli, hakimiyyət həm də çox savadsızdır. Yolların qırağına mərmər bordur, sanki qızıldanmış kimi bahalı işıq dirəkləri düzməklə deyil ha! Bu adicə korrupsiya layihəsidir! Onun kimliyini Space TV-də “Mikayıl-şou” göstərir. Əgər bir məhlə cayılı gedib DVD dükanında Üzeyir Mehdizadınin diskini sifariş verirsə, bu onun səviyyəsini göstərir. TV-lər isə onundur, onlar ancaq onların sifarişlərini yerinə yetirir. Regionun cayıl iqtidarı! Özü də ağır cayıllardan e. Yeri gəlmişkən, “cayıl” sözü ilə “cahil” sözünün oxşarlığını unutmayın.
скачать dle 12.1