Pul yeyintisi stereotipi

28-03-2015, 19:02
0
Pul yeyintisi stereotipi
Deyirlər ki, manatın ucuzlaşması hökuməti yaman narahat edib. O, indi çox dilxordur. Yalan söhbətdir. İnanın ki, manatın qiymətdən düşməsinə hökumətdən çox sevinən yoxdur. Doğrudur, o, üzdə bundan xoşlanmadığını, qayğılandığını göstərə bilər. Amma bu heç nəyi dəyişmir. 
Axı o, niyə sevinməməlidir ki? 
Bahalaşmanın əhalini ayağa qaldıracağından narahat olmağa dəyməz. Onlar bu xalqı müxalifətdən yaxşı tanıyırlar. Bir də ki, dünya bazarında neftin qiymətini onlar ki, aşağı salmayıblar. Bunlar hamısı müxalifətin güvəndiyi məlun Qərbin əməlidir. Neft ucuzlaşmasaydı, manat da ucuzlaşmazdı. Bir halda ki, manat ucuzlaşır, deməli, emissiyaya ehtiyac yaranır. Emissiya isə təzə pulların çapını nəzərdə tutur. Təzə pullar çap  olunmalıdırsa, Avstriyanın pul çap edən şirkəti də yerində durur, ölkənin baş bankiri Elman Rüstəmov da. Deməli, növbəti 14 milyon avronu çırpışdırmaq üçün əla fürsətdir. Nə olsun ki, Vyana məhkəməsi sübut edib ki, əvvəlki dəfə manatın çapı üçün ödəniş zamanı Azərbaycan tərəfi cəmi on dördcə milyon avro qatlayıbmış. Əsas günahkar ABŞ başda olmaqla, məlun Qərbdir. Neftin qiymətini ucuzlaşdırmayaydılar, manat da buna görə ucuzlaşmayaydı və nəticədə yeni manat kütləsi çap etməyə ehtiyac yaranmayaydı. Hökumətin burada günahı nədir? 14 milyon avro kimi qəpik-quruş üçün donquldanan xalq üçün deyim ki, “bal tutan barmaq yalayar” məsəlini sən özün quraşdırmamısan? İndi dediyin nədir? 
Ümumiyyətlə, maliyyə cinayətlərinə bizim hüquq-mühafizə orqanlarının qəribə münasibəti var. Məsələn, Vyana Məhkəməsinin manatın çapı zamanı Elman Rüstəmovun 14 milyon avro qatlaması haqda qərarını bizim hüquq-mühafizə orqanları lətifə kimi qarşılayıblar. Baş Prokurorluğun kabinetlərində və dəhlizlərində o ki var danışıb-gülürlər, “ay sənin oyunun olsun, Elman müəllim” deyib, ağızlarından selik axa-axa qəşş ediblər. Amma ölkəmizdəki hansısa bulvar qəzetinin 16-cı səhifəsində mikroskopik şriftlə yazılsa ki, ehtimal var Arif Hacılı ilə Cəmil Həsənli xaricdən pul alırlar, ailəm bir-birinə dəyər. Bayaqdan əlləri ilə qarnını tutaraq qəşş edən prokurorluq işçiləri dərhal ciddiləşər, gözlərindən qəzəb qığılcımı saçar, Baş Prokurorluq DİN-lə birlikdə bəyanat yayar və istintaq hərəkətinə başlayarlar. Hüquqi əsasları da belə olacaq ki, prokurorluq haqqında qanuna görə KİV-də getmiş cinayət xarakterli informasiyalar mütləq yoxlanılmalıdır. Əlbəttə ki, hakimiyyətdəki məmur-oliqarxlar barədə yerli və xarici KİV-lərdə çap olunmuş yazıları bura aid etmək olmaz. Çünki həmin yazılar əsasən müxalifət qəzetlərində gedir, o qəzetlərsə qəzet sayılmaz! Bilin, müxalifət qəzetləri qəzet yox, zəhər tuluğudur. Zəhərdən də nə qədər aralı dursan, o qədər başın salamat olar. Ona görə də bizim hüquq-mühafizə orqanlarımız öz sağlamlıqlarını qorumaq naminə bu cür zəhər tuluqlarından aralı dururlar. Bir halda ki, aralı dururlar, deməli, həmin yazıları oxumurlar. Yazıları oxumurlarsa, binəvalar ehtimal edilən cinayətlər haqqında haradan xəbərdar ola bilərlər. Bizim hüquq-mühafizə orqanlarında qəribə stereotip formalaşıb. Lap Brejnev haqqında lətifədəki kimi. Leonid İliç Puşkinin heykəlinin önündə durur və deyir: “Çox qəribədir. ”Mumu"nu Turgenev yazıb, amma heykəli Puşkinə qoyublar!" Xalqın pullarını hökumət fırladır, amma pul yeyintisinə görə müxalifətçiləri tuturlar. Xədicə İsmayıl, Anar Məmmədli, İntiqam Əliyev, Leyla Yunus və s. onları ittiham edirlər ki, siz xaricilərin pulunu yeyibsiniz. Əşi, bu pul donuz əti deyil ki, xaricininki haram ola, öz xalqınınkı halal. Əlbəttə ki, mən müxalifətçilərin pul yediyinə inanmıram, sadəcə olaraq hirsimdən belə yazıram. Bir tanışım var idi. Bir dəfə danışanda “ağdamlı yeraz” ifadəsi işlətdi. Adamda belə stereotip yaranmışdı ki, qaçqına “yeraz” deyirlər. Bizim hüququ-mühafizə orqanlarında belə stereotip yaranıb ki, pulu müxalifət yeyir, hökumətlik bir şey yoxdur.
скачать dle 12.1