24 saatın düşmənçiliyi

18-03-2015, 19:05
0
24 saatın düşmənçiliyi
Qərara gəlmişəm ki, yazılarımın əvvəlində, mövzuya keçməzdən əvvəl doğma dilimizi korlayan ifadələr haqda yazım. Əlbəttə ki, yeri gələndə. Bu dəfə “təxliyə” ifadəsi haqda yazmaq istəyirəm. Ekranı, efiri və qəzetlərin səhifələrini zəbt etmiş bu ifadənin dilimizdə belə dərin kök salmasını heç cür başa düşə bilmirəm. Tez-tez eşitdiyimiz və oxuduğumuz bu ifadələri xatırlayın: “Sel ərazini basdığına görə əhali təhlükəsiz yerə təxliyə edilib”, “binada çatlar əmələ gəldiyinə görə sakinlər təxliyə edilib”, “zavodda kimyəvi maddənin sızmasına görə işçilər təxliyə ediliblər” və s. Məgər bu cür situasiyalarda “insanlar həmin yerdən köçürülüb” və ya “fəhlələr zavoddan çıxarılıb” kimi öz dilimizdə olan və çox uyğun ifadələri işlədə bilmərik? Dilimizə qarşı həqarət və haqsızlıq edirik.
Yazının əsas mövzusu isə yenə də siyasi məhbus məsələsidir. Bu məsələdə kimin udduğu, kimin uduzduğuna bir daha aydınlıq gətirmək istəyirəm. Əlbəttə ki, heç kim azadlıqdan məhrum olmaq, həbsxana həyatı yaşamaq istəməz, ancaq nəzərə alsaq ki, siyasi məhbusların mütləq əksəriyyəti bu yola çıxanda, onu gözləyən hər cür məhrumiyyətləri, riskləri gözaltına almış və psixoloji cəhətdən hazır olur. Ona görə də məhbəs həyatı onlara başqaları kimi ağır və dəhşətli gəlmir. Burada əsas olan odur ki, siyasi həbslər hakimiyyətdən çox siyasi məhbusun işinə yarayır və məqsədlərinə xidmət edir. Siyasi məhbusun azadlıqda olarkən fəaliyyətinin məğzi nədən ibarətdir? Əlbəttə ki, mövcud rejimi hakimiyyətdən kənarlaşdırmaq! O, buna necə nail olmaq istəyir? 
O yerli və uluslararası toplumun diqqətini iqtidarın mahiyyətinə cəlb edərək, onun neqativ olduğunu izah etməklə və özünə dəstək qazanmaqla buna nail olmaq istəyir. Sizcə, o, bunu azadlıqda olduqda yaxşı bacarır, yoxsa həbsxanada olduqda? Əlbəttə ki, həbsxanada olanda. Bir var deyəsən ki, bu antidemokratik hakimiyyətin mahiyyəti mürtəcedir, o, rəqiblərini repressiya edə bilər, bir də var ki, ona rəqib olduğun üçün səni şərləyib həbsxanaya atırlar. Birinci halda sənə inanmayanlar tapıla bilər, ancaq ikinci halda bunu hamı qəbul edəcək və nəticədə də iqtidarın çox qorxduğu yerli və uluslararası toplumun basqıları artacaq.
Yazı üslubumun xarakterinə uyğun olaraq yenə də, obrazlı ifadədən yararlanacam. Tutaq ki, bir iş adamının əlində 100 min dollar pulu var. O, bu pulları işə yatırıb gəlir əldə etmək istəyir. Ancaq onun işi o qədər də rəvan getmir. Gah ziyana düşür, gah “aldım qoz, satım qoz” nəticəsizliyi ilə üz-üzə qalır, gah da umduğu qədər qazanc götürür. Bütövlükdə çox çətin və riskli işdir. Çünki stabil gəlir götürməsi qarantili deyil. Bir də var ki, həmin iş adamı həmin pulları yüksək faiz verən çox etibarlı banka qoyub. O, daha gecəsini gündüzə qatıb ora-bura tüyünmür, uğursuz sövdələşmə riski aradan qalxıb, bütün günü arın-arxayın yatıb-dincəlir, əylənir, yeyib-içir, ancaq ona çatacaq pulları aybaay rahatca götürür. Bax, siyasi məhbus məsələsi də eynicədir. Sən burada yatırsan, ancaq “yüksək bank faizləri” nizamlı şəkildə gəlməkdədir. Bir Azərbaycan iqtidarına dünyadan gələn basqıların sərtliyinə və çoxluğuna diqqət edin. Duruş gətirmək çox çətindir, baxmayaraq ki, canlarını dişə tutub birtəhər dözürlər. Həbsdə olan siyasi məhbuslar azadlıqda olsaydılar belə situasiya yarada bilərdilərmi? Qətiyyətlə deyirəm ki, onlar bunu bacarmazdılar.
Bir dəfə biri gecə saat 3-də dostuna zəng edir. Dostu yuxulu-yuxulu saata baxır, niyə zəng etdiyini soruşmamış “saat 3-dur, belə gec zəng eləməkmi olar?” deyib onu danlayır. O da “bağışla, mən elə bilirdim ki, biz bütün 24 saatı dostuq” deyib dəstəyi asır. Bizi hakimiyyət özünə düşmən hesab edir. Ona görə də həbsxanaları doldurub. Hərçənd ki, bizim heç kəslə düşmənçiliyimiz yoxdur. Bir halda ki, iqtidar belə hesab edir, elə olsun. Biz azadlıqda olanda “düşmənçiliyimiz” gündə bir-iki saat (bəzən heç o da olmurdu) davam edirdisə, indi 7/24 davam edir. Bayaq dediyim səbəbə görə. Necə deyərlər, istədiyimiz yar idi, yetirdi pərvərdigar. 
 
Tofiq YAQUBLU
скачать dle 12.1