"Sovetski getdi"

15-09-2015, 02:48
0
"Sovetski getdi"
Bu yaxınlarda, Sovetski haqqında yığcam xatirələrimi yazdım. Köhnə bir tanışım e-mailimə Sovetskidəki söküntülərin fotolarını göndərmiş və altına belə bir qeyd düşmüşdü: “Sovetski getdi”. 
Bu qısa cümlə acı hökm kimi gəlmişdi mənə. Bir epoxanın doğrudan da “getdi”yini, yoxa çıxdığını dərindən hiss etdim və yazmağa qərar verdim. 
Sovetski, Kubinka, Papanin kimi antisanitariya, narkomaniya və tüfeyli həyat tərzinin hökm sürdüyü məkanların yox edilməsinin; onların homogen əhalisinin bütün yarımadaya yayılmasının prinsipcə əleyhinə deyiləm. Buralardakı subkulturanın da xiffətlə anılacağına, yönlü bir romantikasının olduğuna inanmıram. 
Xatirələrimdə nəcis içindəki çiçəkləri göstərməyə çalışdım. Dramaturgiyası tapılsa, əsaslı oturulub işlənilsə, rahat üç yüz min işarəlik roman alınar. Sovetskidə, Kubinkada təsadüfən yaşayan, çox alicənab adamlar da vardı. Təsadüfən deyəndə ki, onlar oralarda yaşamağa başlayanda, yəqin vəziyyət elə də pis deyildi. Sovetskinin Kolya dayı kimi işıqlı personajlarından biri haqda yazdım. Başa düşürəm ki, bu romantikanı başqalarına çatdırmaq, inandırmaq mümkün deyil. Orada doğulmamısansa, böyüməmisənsə çətin. Sovetskinin ən yüksək bədii təsviri belə, qeyri-bakılıya, qeyri-sovetskiliyə toxunmayacaq. 
“Azadlıq” radiosunda Sovetski xatirələrinə gələn şərhlərə baxdım. Öz aramızda, dostlarla Azərbaycanda memuar janrının nə üçün inkişaf etmədiyi haqda çox danışmışıq. Mən özüm memuar janrına meylli adam deyiləm. Manaf Süleymanov və uzağı 4-5 əcnəbi müəllifin memuarını oxumuşam. Üç hissəlik “Sovetski xatirələri”, bəlkə nə vaxtsa yazacağım yaddaş kitabının məşqi, “zip format”da prezentasiyası idi. 
Çox dərinə getmədim, on dörd yaşıma qədər gördüklərimin cüzi bir hissəsini yazdım. Şərhlərdən də anladım ki, insanlar çox gərgindir. Bunlara elə gəlir ki, təsvir olunan dövrdə gördüklərini, yaşadıqlarını hiss etdiyin kimi yazırsansa, provokasiya ilə məşğulsan. Çox savadsız şərhlər oxudum. 
Bakıdan ermənilərin çıxarılmasını necə görmüşəmsə, olduğu kimi də yazmışam. Konyuktur korrektələr etmək, publikaya oynamaq nəyə lazımdır? Şərh yazanların bir hissəsi “erməni” məsələsində ilişib. Deyirlər, “Yaxşı yazmısan, amma o hadisələri gərək “status-kvo”-ya uyğun qələmə alaydın”. 
Ermənilərin Bakıdakı “macəralarını” Əkrəm Əylisli yazdı və payını aldı. Nədənsə mənə elə gəlir ki, Əkrəmə və ümumiyyətlə, bu mövzunu gündəmə gətirən istənilən adama etiraz edənlərin çoxu, elə həmən hadisələrin canlı şahidləridir. Ermənilərin Bakıdan “gül-çiçəklə yola salındığını” düşünən bixəbərləri qınamaq olmaz, onlara belə danışıblar, adamlar belə eşidib və haqlı olaraq sənə etiraz edirlər. Amma o hadisələri gözləri ilə görənlərin “elə şey olmayıb” demələri, bağışlanmaz əxlaqsızlıqdır.
Doxsanıncı il hadisələrinin bədii həllində hansısa siyasi mesaj, xəyanət görənlər, ədəbiyyatdan anlayışı olmayanlardır. Təsəvvür edin ki, mağazalarda nə süd, nə qatıq, nə ət, nə yumurta, nə şəkər, nə yağ – heç nə yoxdur. Heç nə! Rəsmən aclıq çəkirik, acından ölürük. Amma Vidadi küçəsində, elə düz küçənin ortasındaca, bir erməni qarının başında yüz dənə yumurta sındırıblar. Üzü-gözü, üstü-başı yumurta sarısına boyanıb, əlləri ilə gözlərini ovuşdurmağa çalışır, amma faydası yoxdur, çünki o sildikcə, çevrəsinə toplaşmış “qara kurtkalı” adamlar, əllərindəki yumurtaları arvadın başına çırpmağa davam edirlər. Təsəvvür edin, mağazalarda yumurta yox, amma erməninin başında sındırmağa yüz yumurta var! Bu hadisənin özü yazıçıya gəl-gəl deyir, “yaz məni” deyir. Belə qiymətli bir səhnəni “ellər nə deyər” qorxusu ilə gözardı etmək, yazmamaq günah deyilmi? Əlində belə “yağlı” material olan yazıçını “politkorrektliyə” dəvət etsən və yazıçıdan ağır bir təhqir eşitsən, gərək günahı özündə axtarasan. Yazıçı hara, politkorrektlik hara? 
“Sovetski xatirələri”nə belə şərhlər də gəlmişdi: “Sənin yazdıqlarında qeyri-adi nə var ki? Hamının uşaqlığı olub də”.  
Çox dəyərli informasiyadır – “hamının uşaqlığı olub”muş. Bax, bunu bilmirdim. 
Bizim yazıçılar, oxucunun səviyyəsini bildiklərindən, cəsarət edib memuar janrında heç nə yazmayıblar. Söhbət, həqiqətən də yazmağa xatirəsi və adamlığı (vacib şərtdir) olan yazıçılardan gedir. Çünki, içindən gəldiyi kimi yazsan, oxucu səninlə dava eləyəcək. Deyəcək ki, “səmimiyyətin də bir həddi var”. Qəribədir, inanılmazdır, amma adamlar yazıçıdan səmimilik istəmirlər, gözləmirlər. Rəsmən deyirlər ki, “gopa bas, bizə belə xoşdur”. 
 Oxucunun istədiyini yazan, oxucuya yaltaqlanan, oxucunun nazı ilə oynayan yazıçı qədər miskin varlıq yoxdur. 
скачать dle 12.1