Dünyanın aşağı pilləsi

17-09-2015, 22:59
0
Dünyanın aşağı pilləsi

 

Görürsünüz, “analoqsuz inkişaf”ın təntənəsi gündən-günə özünü daha artıq hiss etdirir. Dənizin dibindəki “qara qızıl” tükənir, qara kürü dəyərdən düşür, manatın məzənnəsi “üzür”, büdcələr, ciblər boşalır, borc dəftərləri qalınlaşır, insanların həyat səviyyəsi endikcə enir, intiharların sayı qalxdıqca qalxır? Vicdan məhbuslarının sayına görə də heç, dünyada rekord vururuq. “Analoqsuz inkişaf” deyilən şey buymuş demək ki. “Analoqsuz inkişaf” qısa zaman arasında “yarımazad” ölkələr sırasından “azad olmayan” ölkələr sırasına düşüb, uçurumun dibinə yuvarlanmaq imiş. Hər açıqlanan reytinq hesabatında üz qarası ilə tənqid hədəfi olmaq imiş. Geriləyə-geriləyə keçmiş sovet məkanının ən sərt rejimli ölkəsi sayılan Belarusdan 23 pillə geri qalmaq imiş…

Bəli, “The Economist” jurnalı 2014-cü il üzrəÿaçıqladığı “Demokratiya indeksi” göstəricisində ölkəmizə belə qiymət verib. Indi yəqin ki, biz tərəfdən ənənəvi qaydada “cavab atəşi” ilə “düşmənlər”in susdurulmasına başlanacaq. “Paxıllığımızı çəkirlər”, “gözləri götürmür”, “liderimizi qısqanırlar”, “inkişaf göstəricilərimizə görə ürəkləri partlayır!” Günümüzə bax! Belə olsaydı, dərd nəydi ki?.. Dərd ağır dərddir. Odur ki, deyilənlərdə heç bir yalan-filan yoxdur. Min kilometrlərlə uzaqda oturub işində-gücündə olan adamların bizimlə bir dərdi, qərəzi də yox. Elə olsaydı, siyahıda yer alan 167 ölkə arasında ən aşağı göstəriciləri olan Afrika ölkələrindən biri fərqlənib yüksək pilləyə çıxmazdı. Botsvananın 28-ci sırada yer almasını deyirəm.

Məlum indeks üzrə ən yüksək bal Norveç, Isveç, Islandiya, Yeni Zelandiya vəÿDanimarkaya verilib. Nüfuzlu ingilis jurnalının xüsusi məqsədi olsaydı, o beşliyə elə öz ölkəsini – Ingiltərəni də salardı. Belə baxanda, demokratiya, inkişaf, qanun-qayda sarıdan kimdən geri qalır ki? Amma Azərbaycana bənzər rejimlərdə bu gerçəyi anlatmaq çox zor məsələdir. Adamlarda beynəlxalq imic və nüfuz, dünyəvi dəyərlərə hörmət, prinsiplər, keçilməz hədlər kimi anlayışları qavramaq problemi var. Çığırırsan, bağırırsan, yazırsan, xülasə, nə illah edirsən, inandıra bilmirsən ki, bəlli sərhədləri keçmək, hədləri aşmaq olmaz. Bununla tək başqalarına deyil, özünə də zərər vura bilərsən, ziyanın içində özün də ziyana düşərsən. Görünür ki, məlum qavrayış qüsuru düşünməyə əngəl yaradır. Bu, hardasa “gəmi batacaqsa, hamı batsın” məntiqinə bənzəyir. O məntiqlə də uzağa gedə bilməzsən ki. Uzağı gedib çıxarsan azad olmayan avtoritar rejimlər sırasına, yəni 167 ölkəÿarasında 148-ci yerə…

Bizim demokratiya sarıdan ən pis ölkələr siyahısına layiq olduğumuzun bariz nümunəsi Milli Məclisin son yığıncağında baş verənlərdir. O yığıncaqda işlənən sözləri, ifadələri, ittihamları, nifrinləri duydunuz hamınız. Indi baxın ki, millət vəkili mandatı daşıyan bu ağılda, bu düşüncədə, bu çəkidə adamlar on illərdir bizim taleyimizi həll edir. On illərdir bu düşüncə çərçivəsində qərarlar verilir, hesablar kəsilir, qanunlar qəbul olunur. Və o hesabların çanağı da dönüb gəlib ölkənin başında çatlayır. O qanunların əzab-əziyyətini ölkə insanı çəkir, ağırlığı onun boynuna yüklənir. Bütün yarıtmaz işlərin hesabı onun maaşından, güzəranından, cibindən tutulur, əyər-əskiyi onun canından çıxır. Əslində, o ağılla məclisdə oturub, zövq-səfa sürənlərə dəyən heç bir ziyan yox, arada aşağı pillədə dayanan ölkə insanının canı çıxır…

Səadət Cahangir

скачать dle 12.1