Biz zəmanəyə deyil, zəmanə bizə diktə edirsə…

18-09-2015, 11:22
0
Biz zəmanəyə deyil, zəmanə bizə diktə edirsə…

 

“Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə”.

Bəxtiyar Vahabzadə

Mənim ola bilər ki, yaxın gələcəkdə yalnız magistr dərəcəsi olan şəxslərin işlə təmın olunması barədə açıqlamam və testin ləğv olunacağı ehtimalına dair səsləndirilən fikirlərə münasibətim, son günlər yazılı və elektron mediada əməlli-başlı rezonans doğurmaqla yanaşı, “bakalavrlara bəd xəbər”, “maraqlı fikirlər”, “fantastik təklif” kimi də “dəyərləndirilib”.

Birinci açıqlamanın bəd xəbər kimi qəbul edilməsi ilə tamamilə razılaşıram. Bunların maraqlı fikirlər kimi qiymətləndirilməsi də təbiidir. Lakin bu ehtimallar təklif deyil, nə vaxtsa reallığa çevrilə biləcəyinə dair bir siqnaldır. Mən bakalavrların bir neçə ildən sonra işə götürülməyəcəyi barədə qəti hökm verməmışəm və bu məsələ heç mənim səlahiyyətim daxilində də deyil. Sadəcə olaraq, hesab edirəm ki, cəmiyyətimiz buna doğru irəliləyir. Belə getsə, gec və ya tez bu hal baş verə bilər. Artıq indinın özündə belə, nəinki bakalavrların, hətta magistrlərin əlavə kurslara, təlimlərə, treninqlərə cəlb olunmadan işə götürülməməsi halları var və bu proses getdikcə daha geniş vüsət almaqdadır. Nə qədər acınacaqlı olsa da, bu bir həqiqətdir. Hər şey vəziyyətə uyğun dəyişə bilər. “Ola bilər ki, yaxın gələləcəkdə yalnız magstr dərəcəsi olan şəxslər işlə təmın olunsun” ifadəsi hec də o anlama gəlmir ki, bakalavrlar bundan sonra işə götürülməyəcək. Bununla belə, proseslərin bəhs etdiyim yöndə inkişaf etməsi qənaətinə gəlməyim əsaszız da deyil.

Qüvvədə olan təhsil Qanunvericiliyinə əsasən, ali təhsıl bakalavriat və magistratura olmaqla, iki pilləlidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bakalavr-bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi, magistr-magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsı kimi müəyyənləşdirilib. Yənı bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssıs hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi (TQ-1.0.8 ), magistratura – ali təhsilin ikinci səviyyəsidir (TQ-1.0.34 ). Yəqin ki, bir çox müəssisə, idarə, şirkət rəhbərləri, digər işə götürənlər bakalavrları, yənı təhsilin birinci mərhələsini bitirənləri natamam ali təhsilli, təhsilin ikinci pilləsini bitirən magistrləri isə tam ali təhsilli mütəxəssis kimi qəbul edir və qiymətləndirirlər.

Bir də ki, axı işə qəbul əsasən CV-lər, müsabiqə və müsahibələr, bizə məlum olan və olmayan digər prosedurlarla həyata keçirilir. Bu mənada magistr olduğu halda bakalavrların işə götürülməməsi başa düşüləndir.

Digər tərəfdən, istəsək də, istəməsək də razılaşmalıyıq ki, biz daha çox epitet və etiketə meylliyik. Bəlkə də, bu xüsüsiyyət mentalitetimizdən irəli gəlir. Əksəriyyətimiz üçün təhsildən və peşədən dərəcə daha önəmlidir. Magistratura isə ali təhsilin ikincı səviyyəsi olub, ali elmi-ixtisas dərəcəsi verir. Magistr elmi fəaliyyət olduğundan bir çox idarələr tərəfindən daha aktual qəbul olunur. Halbuki, Almaniya və Yaponiya kimi olkələr məhz peşə-ixtisas səviyyəsi üzrə yüksək inkişafa nail olublar. Orta məktəblərimiz tədris planlarında cüzi dəyişiklik aparmaqla, kütləvi surətdə lisey və gimnaziyalara çevrilir. Ali məktəblərdə çeşidləmə əsasında “Sabah” qrupları yaradılır, uşaq bağçalarında ingilis dili öyrədilir, kiçik yaşlı məktəblilərə informatika tədris olunur, müxtəlif tipli təlim və tədris kurslarının sayı az qala umumtəhsil müəssisələrinin sayına çatıb. Orta statistikalı azərbaycanlı belə, imkanından asılı olmayaraq, cəlbedici və cəzbedici adlarla fəaliyyət göstərən bu kimi qurumlara üz tutur. Başqa sözlə, biz zəmanəyə deyil, zəmanə bizə diktə edir. Bəlkə də, bu zərərli tendensiya keçicidir, hər halda realliq belədir.

Testlə bağlı fikirlərimin birmənalı qarşılanmamasına gəldikdə isə, əski xristian dini mənbələrində belə bir deyim var: “Nəyinsə həqiqət olub-olmadığını kiməsə sübut etmək mümkünsüz dərəcədə çətindir, çünki hər kəsin öz həqiqəti var”. Bu mənada, söylənilən istənilən fikirlər heç də hamı tərəfindən birmənalı qarşılanmır. Mən testlə bağlı söylənilən fikirlərə münasibət bildirmişəm və yenə də bu qənaətdəyəm ki, test “siyasətinə” yenidən baxılmalıdır. Testin hazırkı tətbiqi vəziyyəti əvvəlki ilk illərin effektini vermir. Digər tərəfdən qəbul imtahanlarının ləğv edilməsi, vahid təkpilləli imtahan sisteminə keçilməsi barədə fikirlər səsləndirilir. Boloniya prosesinə qoşulmağımızla bağlı bir çox ali məktəblərdə yazılı və şifahi imtahanlar tətbiq edilir. Bu isə orta məktəblərdə buna alışdırılmayan tələbələrin haqlı narazılığına səbəb olur. Dövlət imtahanının hesabatla əvəz olunması ideyası ortalığa atılıb və s. Məzunların yazı və nitq vərdişlərindəki problemləri, təhsilin inlişafı üzrə Dövlət Strategiyasinda universitetlərə akademik və maliyyə muxtariyyatı verilməsi barədə müddəaları və yeni tədris ilində tətbiq olunacaq və yaxın gələcəkdə tətbiq olunacağı nəzərdə tutulmuş digər yenilikləri də istisna etmək olmaz.

Yəqin hər şey zaman-zaman öz yerini alacaq. Bəlkə bu və bu kimi digər məsələlərin nə ilə sonunclanacağını zamanın öhdəsinə buraxaq? Amma bu şərtlə ki, belə məsələlərin həllində biz də bir pay sahibi ola bilək.

Nadir İsrafilov

скачать dle 12.1