Qərbə ünvanlanan təhqirləri davam etməkdədir

17-09-2015, 14:02
0
Qərbə ünvanlanan təhqirləri davam etməkdədir

«Sanksiyalar nəticəsində Azərbaycan oliqarxlarının Avropadakı sərvətlərinin milliləşdirilməsi məsələsinə baxıla bilər»

«Azərbaycanın sahib olduğu resurslar dünyanın aparıcı gücləri ilə qarşıdurmada iqtisadi və təhlükəsizlik problemlərinin qarşısını almaq üçün yetərli deyil»

Azərbaycan hakimiyyətinin sərt ritorikası, Qərbə ünvanlanan təhqirləri davam etməkdədir. Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlardan ona ünvanlanan iradlara məhz bu cür cavab verir. Avropa Parlamentinin son qərarından sonra isə hakimiyyətin ritorikası bir qədər də sərtləşdirib. Bəs bu cür aqressiv siyasət hakimiyyətə nə vəd edir? Hakimiyyətin bu siyasətinə cavab olaraq beynəlxalq aləmdən gələcək sanksiyalara ölkə iqtisadiyyatı duruş gətirə biləcəkmi? Çünki onu nəzərə almaq lazımdır ki, Qərbin sanksiyaları ilə üzləşən Iran və Rusiya Azərbaycandan fərqli olaraq güclü iqtisadiyyata və maliyyə resurslarına sahib idilər. Məhz bu faktor Rusiyanı Qərbin sanksiyaları qarşısında duruş gətirməsinə imkan verir. Iranın üzərindən hazırda sanksiyalar götürülsə də, Tehran rejimi də daxili potensialı hesabına sanksiyalara qarşı dayanmışdı. Amma eyni sözləri Azərbycan haqqında söyləmək olmaz.

Dünyanın aparıcı ölkələri ilə Azərbaycan arasında yaranan qarşıdurma dövlət maraqlarının təmin olunmasında ciddi maneə yaradır: “Müasir dövrdə ölkələrin təsir imkanları onların təkcə daxili resursları ilə bağlı deyil. Bu, həmçinin xarici siyasətin səmərəliliyi, beynəlxalq nüfuz və əlaqələrin səviyyəsi ilə bağlıdır. Bu baxımdan Azərbaycanın özünü beynəlxalq aləmdə təcrid edərək, xarici siyasətdə Avropa Birliyi ilə qarşıdurma vəziyyətində olması ölkəmizin həm regionda təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır, həm də beynəlxalq aləmdə gedən proseslərdən kənar düşməsinə səbəb olur”. Hakimiyyət öz maraqları naminə, əslində milli maraqlarımızı qurban vermiş olur. Avropa Parlamenti və Almaniya Bundestanqı bir müddət öncə Azərbaycanın haqlı mövqeyini müdfiə edən qətnamələr qəbul etmələrinə baxmayaraq ölkəmizin ərazi bütövlüyünü müdafiə edən dövlətlərlə qarşıdurma siyasəti aparılır və bu da nəticə etibarı ilə Qarabağ məsələsinin həllində beynəlxalq dəstəkdən məhrum olmağımıza gətrib çıxara bilər”.

Neft böhranının ölkə iqtisadiyyatını olduqca çətin duruma saldığını qeyri-neft sektorunun inkişaf etmədiyi, ölkənin bütövlükdə idxaldan asılı olduğu şəraitdə Azərbaycana Qərbin diqqətini artırmağa, Qərb investitsiya və texnologiyalarını ölkəmizə cəlb etməyə daha çox ehtiyac var: Avropa Azərbaycan neftini almaqdan imtina etsə, o zaman bu iqtisadi tənəzzülün qarşısını heç kim ala bilməz. Düzdür, bu gün gündəmdə hələ ki, insan haqlarını pozan məmurlara qarşı ünvanlı sanksiyalar nəzərdə tutulur. Ancaq hakimiyyət özünü belə güzəştsiz və aqressiv aparacağı təqdirdə ölkə ilə bağlı sanksiyalar məsələsi də gündəmə gələ bilər.  “Hazırkı siyasi kursun perspektivi yoxdur. Azərbaycanın sahib olduğu iqtisadi resurslar dünyanın aparıcı güclərinə qarşı durmaq üçün yetərli deyil. Bu, çox da uzun çəkməyən zaman ərzində fəsadlarını göstərəcək. Bu qarşıdurma siyasəti Azərbaycanın həm də beynəlxalq iqtisadi layihələrdən kənarda qalması, həm regional, həm də daxili təhlükəsizlik məsələlərinin həllində ciddi problemlərlə qarşılaşması riskini artırır. Təəssüf ki, iqtidar dövlət maraqlarını nəzərə alamadığı üçün ölkəni çox təhlükəli və zərərli bir istiqamətə sürükləyir. Narahatlıq doğuran odur ki, hakimiyyətdə kimsə belə yanlış siyasətin doğura biləcəyi fəsadların dövlətçiliyimizə hansı zərbələri vuracağının fərqində deyil”.

 

Samir Həsənov
скачать dle 12.1