İnsanın əsl təbiəti necədir?

20-09-2021, 19:26
1 756
İnsanın əsl təbiəti necədir?

Natiq Güləhmədoğlu

İnsan daima aramlıq, stabillik həvəsindədir. Səhvən belə düşünür ki, rahatlıq və xoşbəxtlik onlardadır. Halbuki, tam əskinə. Aşağıdakı fotodakı kimi, döyüntü, çalxalanma, fələyin çarxında oyan-buyan olmaqdır yaşamaq. İşlərin, gərdişin, düppədüz getməsi ölümə işarədir.

Xeyli dərəcədə skeptik yanaşmağıma baxmayaraq, Petersonun öyüdü ilə tam razıyam: o valideynlərə məsləhət görür ki, balacaların üstündə az əssinlər. Buraxsınlar, onlar yıxılsın, əzilsin, qollarını-qıçlarını zədələsinlər. Bu həm fiziki, həm psixoloji olaraq fərdin yetişməsi, formalaşması üçün əvəzsiz məşqdir.

Bu söhbəti sizlə bir dəfə etmişdim; liseyin son günlərində, düzxətli bərabərsürətli getdiyim anda rus dili müəllimimizin sualı badalaq kimi ayağıma ilişdi. O sakit və etinasız şəkildə bizdən soruşdu:
Uşaqlar, xoşbəxtliyi nədə görürsünüz?
-Tibb unversitetinə girməkdə! Əksəriyyətin cavabı çoxdan hazır olduğundan belə xorla qışqırıq alındı.
“Belə çıxır, Tibb Universitetində oxuyanların, həkimlərin hamısı xoşbəxtdi?”-müəllimə mövzuya bir daha qayıtmadan laqeydliklə bunları deyib içinə çəkildi. Bu qısa mükalimə bilmirəm, yoldaşlarımın yaddaşına, ömrünə hansı izi qoydu, mənim üçün isə böyük məna kəsb edirdi.

İnsanın həyatda qarşısına hədəflər qoyub ona doğru can atması, başadüşülən, təqdir olunası haldı. Lakin, böyük bir ömrü (böyük ömür uzun ömür deyil, insanın dərin yaşadığı bir gün belə böyükdür) ixtiyarı hədəflə müqayisədə olduqca sanballıdır. Buna görə hansısa diplomu qazanmaq, hardasa iş tapmaq, ev tikmək, avtomobil sürmək və s bu kimi şeyləri həyatın təməlinə, hədəfinə çevirmək gülüncdür. Bu qeydlərim xüsusən, tələbə adını qazananlar, yaxud tələbələr üçündür. Arzum budur heç olmaya bir nəfər bu yazını oxusun.

Əziz tələbələr, kütləvi təhsil dövrü son canını yaşayır. Heç bir universitet sizə həyatda lazım olan şeyi öyrətməyəcək. Nə orta məktəbdə, nə universitetlərdə insan üçün ən vacib olan mövzular, məsələn pul qazanmaq, ləyaqətli, mənəviyyatlı ömür sürmək təlim edilir. Bəli, müəyyən istiqamətlər, instrumentlər verilir. Fəqət, bunlar çox azdır, üstəlik o qədər qatmaqatışıq təqdim olunur ki, onları ayırd edib tapmaq, mənimsəmək zəhmət tələb edir. Ümidi yalnız özünüzə bağlayın: ən böyük müəlliminiz özünüz olun. Özünüzü yetişdirməkdən əl çəkməyin. Bu sonsuz, intəhasız prosesdir. İnsan hər gün dünənindən hürkməlidir, dünənki cahilliyi onu heyrətə gətirməlidir. Əks halda, bu yaşamaq yox, papağı günə yandırmaqdır.

Aramlıq, düzxətlibərabərsürətli həyat axtarmaq lazım deyil. Həyatın badalaqları lütfdür, insan üzü üstə düşüb qalxmalıdır. Təlatümlərdən başqa bizi yetişdirən başqa nə ola bilər?! Heç nə. Özünü tərbiyə (banal mənada tərbiyədən danışmıram) ta qədimdən ağırlı, əzablı iş olub. Platonun “Mağara” alleqoriyasını yadına sal. Orda zülmətdən işığa çıxan insan kefdə deyildi. Addımını atmaq, irəli getmək, işığı görmək ona məşəqqət idi. Həmişə belə olub, olacaq.

скачать dle 12.1