Kəndin dərdi daha böyük…

7-08-2015, 19:18
0
Kəndin dərdi daha böyük…

 

Bəzən şəhərlilər rayon camaatını qınayır ki, “niyə işsizlikdən şikayətlənirsiniz, niyə əkin-biçinlə məşğul olmursunuz?” Sadə rayon adamı da çox vaxt ya fikirlərini çatdıra bilmir, ya da məsələni doğru şərh etməyi bacarmır. Əvvəla, kəndlinin ən böyük düşməni inhisarçı hakimiyyətdir. Bu hakimiyyət olmasaydı, rayon camaatı iş üçün şəhərə axın etməzdi. Daha doğrusu, iş üçün yox, fəhləlik üçün. Görün hansı vəziyyətdir ki, öz rayonunda fəhləlik etməyə də qoymurlar bu camaatı. Kəndli siyasətdən nə qədər uzaq olsa da, anlamır ki, hakimiyyət onu çirkin siyasətinə alət edib…

Belə ki, kəndli ən baha qiymətlərlə toxum alır və əkin əkir. Hər kəs yaxşı bilir ki, əkinin tez bəhrə verməsi üçün ona dərman vurmaq lazımdır. Və onu da yaxşı bilirik ki, əkinə vurulan dərmanlar kəndliyə hansı qiymətə satılır. Xülasə, kəndli əkdiyini becərib satışa çıxarana qədər, inhisarçılar həmin məhsulları xaricdən gətirib baha qiymətə satışa çıxarır. Kəndlinin məhsulu da o zaman bazara çıxır ki, artıq maya dəyərindən aşağı satılmalı olur.

Kəndlini bu yolla aldatdılarmı? Indi ikinci prosesə diqqət verin. Yəqin xəbəriniz var ki, hər rayona ən azı bir meyvə-tərəvəz soyuducusu yerləşdirilib. Həmin bu soyuducu onun üçündür ki, kəndlinin məhsulu əlində qalan zaman onu zibilliyə atmasın, gətirib soyuduculara təhvil versin. Bəlkə də inanmayacaqsınız. Ancaq mən gözlərimin şahidiyəm ki, əkinçilər bu soyuducuların rəhbərliyinə müraciət edir ki, gəlin bu malları sahədən çıxarın (çox vaxt pulsuz), qalıb sahədə iylənir. Onlar da nə edir, bilirsinizmi? Həmin məhsulları qəbul edir və bir-iki ay gözləyirlər. Bazarda qıtlıq yaranan kimi həmin məhsulları aldıqları qiymətdən beşqat bahasına camaata satırlar. Həmin o camaata ki, o məhsulları bir qəpiksiz özləri bu soyuduculara təhvil vermişdi. Indi siz deyin, siyasətə qarışmayan kəndli siyasətə qarışmaq məcburiyyətində deyilmi? Axı bu qədər Allahsızlıq olmaz. Xaricdən almaqdansa, həmin məhsulları ikiqat ucuzuna kəndlidən ala bilməzsinizmi? Heç deyilsə, pulsuz və yalvara-yalvara sahələrdən toplatdırmaqdan yaxşıdır… Ən aşağı “vəzifə” fəhləlikdir, bunlar onun da üzərinə oturub, onu da öz caynaqlarına keçiriblər. Heç deyilsə, ildə bir dəfə məhsul vaxtı rayonlara bir baş çəkin. O zaman anlayacaqsınız ki, vəziyyət hansı həddə çatıb və hakimiyyətin ömrünə nə qədər qalıb…

Orxan Valehli

скачать dle 12.1