Ölkədə vəziyyət belədir qanunsuzluq və monopoliya.

3-05-2021, 10:59
1 768
Ölkədə vəziyyət belədir qanunsuzluq və monopoliya.

Monopoliya ölkə iqtisadiyyatının inkişafına mane olan başlıca səbəblərdən biri və bəlkə də birincisidir. Çünki monopoliya birbaşa, həmçinin dolayı yollarla bu və digər dövlətdə rüşvətin, korrupsiyanın əhatə dairəsini genişləndirməyə səbəb olur. Təəssüflər olsun ki, məhz bu mərəzin yayıldığı və gün keçdikcə bir qədər də şiddətləndiyi ölkələr sırasında Azərbaycanın da adı var

İndiyədək bununla bağlı mətbuatda çox yazılıb, müxtəlif səpkili araşdırmalar aparılıb, sözügedən məsələyə dair bir sıra ekspert, iqtisadçı və politoloqların fikirləri ictimaiyyətə təqdim olunub. Lakin nədənsə hələ də heç kim inhisarçılığın kökünün kəsilməsinin konkret yollarını göstərməyib. Belə ki, bəziləri məlumatsız olduğundan, digərləri isə inhisarçı qüvvələrdən və onların əlaqələrindən ehtiyat edərək monopoliya ilə bağlı səthi, hamıya məlum olan açıqlamalarla çıxış edirlər. Odur ki, ekspertlərin, eləcə də müxtəlif rəsmi qurumların bəzi nümayəndələri mövzu ilə bağlı geniş şərh verməyi, problemin həlli yollarından danışmağı məqsədəmüvafiq hesab etmirlər.

Diqqət yetirsəniz görərsiniz ki, bu gün ölkədə inhisarçılığa qarşı mübarizə də istənilən səviyyədə aparılmır. Bu işə nəzarət etməli olan müvafiq dövlət qurumları monopolist qüvvələrin əsas hədəfinə çevrilməkdən, sonra isə müxtəlif ad və bəhanələrlə "vurulmaq"dan qorxduqları üçün iqtisadiyyatın inkişafının əsas konturu olan ədalətli rəqabət mühitinin yaradılmasında bir o qədər də maraqlı görünmürlər. Məhz elə bu səbəbdən də hazırda Azərbaycanda inhisarçılığa və inhisarçılara qarşı aparılan mübarizə görüntü xarakteri daşıyır.

Hazırda ölkədə rüşvət və korrupsiya ilə yanaşı, inhisarçılığın da olmasının əsl təzahürləri ortadadır. Heç kimə sirr deyil ki, bu gün müxtəlif sahələr ayrı-ayrı şəxslər, əsasən də bəzi kiçik, orta və iriranqlı məmurlar tərəfindən nəzarətə götürülüb. Kartof, soğan, yumurta, banan, avtomobil və tikinti materialları biznesi, bank və sığorta sektoru, tütün məmulatları, ət və ət məhsulları, un və çörək istehsalı, hətta uşaq bezləri belə monopoliyadadır. Bu isə onu deməyə əsas verir ki, qüvvədə olan bəzi qanunların, məsələn, "Haqsız rəqabət haqqında", eləcə də "Antiinhisar fəaliyyəti haqqında" Qanunun tələblərinə bir sıra şəxslər tərəfindən əməl olunmur. Nəticədə inhisarçıların nəzarətində olan məhsulların qiyməti bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yox, məhz həmin monopolistlərin şəxsi istəklərinə əsasən hər ötün gün bir qədər də qaldırılır. İş o yerə çatıb ki, artıq bu gün adı müxtəlif biznesdə hallanmayan, hansısa ticarət obyektilə bu və digər formada əlaqəsi olmayan çox az sayda məmur qalıb.

İnandırım sizi, əgər istək olsa, qısa zaman çərçivəsində bu problemi kökündən həll etmək mümkündür. Bunun üçün isə cəzaları maksimum sərtləşdirmək, heç kimin gözünün yaşına, nüfuzuna və çəkisinə, eləcə də kiminlə qohumluq əlaqəsinə malik olmasına baxmadan hamıya adı Azərbaycan, dadı isə İlham olan dövlətin gücünü göstərmək lazımdır.

Zərifə Acalova

 

скачать dle 12.1