Duz qiymətinə ədalət

1-02-2015, 19:39
0
Duz qiymətinə ədalət
 
 

 

Dəfələrlə şahidi olmuşuq ki, ölkə başçısının danışığı ilə əməli düz gəlmir. Bunun üçün araşdırma aparmaq lazım deyil. Hər gün rastlaşdığımız, şahidi olduğumuz mənzərədir. Ortada yerli tv-lər və Kürdəxanı gerçəkləri var. Prezident söz azadlığından danışa-danışa hansısa müxalifətçinin şərlənib həbs olunduğu xəbərini eşidirik. Doğrusu, bu söhbətləri eşidən kənar adam bir anlıq da olsa, xam xəyallara qapılaraq "humanist prezidentimiz, doğurdan da, məni tənqidi fikirlərimə, həqiqəti yazdığıma görə həbs etdirməyəcək” deyə düşünər. 
Nitqlər də elə ciddiliklə səslənir deyir ki, insan bilmir gözünə inansın, yoxsa quru sözlərə. Məsələn, "mən ad günümü Ağcabədi rayonunda qaçqınlarla birgə qeyd etdim" deyib icra başçılarını kəskin "tənqid" edən prezidentin 3 gündən sonra yüz minlərlə dollar qiymətində bahalı saat taxdığı xəbərini eşidirsən. Yaxud da o familiyaya aid “mübarək” doğum günlərində insanların boğazından kəsdikləri pullarla yüz metrləri keçən uzunluqda tort sifariş edirlər. Hələ mən qondarma gül bayramını və başqa mərasimləri demirəm. 
Bir atalar məsəli var, deyirlər ki, "avazın yaxşı gəlir, oxuduğun Quran olsa". Bəzən kiçik sandığınız zərəli şeylərin üstündən də eləcə keçib getməyin heç bir halda. Ən böyük haqsızlıqlar elə kiçik sandığımız həmin məsələlərdən doğur. Bu ibrətli hekayədəki kimi… Ədaləti ilə xalqın sevgisini qazanmış bir hökmdar, adamları ilə birlikdə ölkəsini gəzirmiş. Səyahət sırasında bir yiyəsiz və dağlıq əraziyə gəlib çıxırlar. Yaxınlıqda balaca bir çoban koması belə yox imiş. Bu arada, hökmdarın aşpazı hüzuruna gələrək üzüntü ilə deyir: ” Sultanım, sizə ən gözəl yeməkləri bişirmək üçün yanınızdayam. Amma, ərzaq yükümüzdə bir atım belə duz qalmadı. Duzsuz nə yeməyin, nə də çörəyin dadı olar! Mən indi nə edim?” Sultan cavab verir: ”Ən yaxın kəndə get, orada duz satan bir ticarətçi tap. Amma sadəcə haqqı olan qiyməti ödə. Artıq tək bir qəpik belə vermə!” Aşpaz heyrət içində hökmdara baxır və dilini saxlaya bilmir: ” Sultanım! Siz ki, bu dünyada hər kəsdən artıq xəzinəyə sahibsiniz. Duza bir neçə qəpik artıq ödəsəniz nə olar? O artıq sizin xəzinənizdən nə əskildəcək ki?”
Hökmdar taxta oturduqdan sonra ölkəyə necə ədalətli hökmranlıq etmişsə, elə də müdrik cavab verir: ”Sən böyük haqsızlıqların necə meydana gəldiyini zənn edirsən? Dünyada hər kəsin şikayət etdiyi böyük haqsızlıqlara, bax belə kiçik haqsızlıqlar yol açır. Kiçik şeylər, nəticədə bir göl çuxurunu dolduran su damlalarına bənzəyir. Dünya ilk qurulduğunda haqsızlıq da bir atım olub. İnsanlar ” Kiçik haqsızlıqlardan nə olar? ” deyə-deyə onu bu qədər böyütdülər. Ona görə də, insan kiçik də olsa, böyük də olsa, nə haqsızlıq etməli, nə də haqsızlığa razı olmalıdır. İndi get və duzu haqqı olan qiymətdən al gəl! ”
İndi nə olardı ki, biz o aşpaz ,sultanımız da həmin adil hökmdar olsaydı?! Məni yanlış anlamayın, mən yanlışda doğru gəzən insan deyiləm. Yanlış elə yanlışdır. Sadəcə sizə çatdırmaq istədiyim odur ki, haqqımız tapdalananda, "əşi, təki işim getsin" deyə keçib getməyək. Onsuz da, şanlı hökumətimiz o "zirvəni" çoxdan fəth edib. Heç olmasa, bizlər daha artığına yardımçı olmayaq.
Orxan Valehli
скачать dle 12.1