Ruhlanı ağır cinayətə kim və ya nə ruhlandırmışdı?

5-03-2023, 13:33
3 512
Ruhlanı ağır cinayətə kim və ya nə ruhlandırmışdı?

Müasir dünyada ağır cinayətlər (qətl, bank soyğunu və s.) törədərək gizlənmək mümkün deyil. Bu yalnız qısa müddətdə, 3-4 saat, 1-2 gün ola bilər. Sonra canini mütləq tapacaqlar.

Çünki canilərin yaxalanması üçün çox sayda rıçaqlar var: şəhərin hər tərəfi (idarə və müəssisələr, poçtlar, vağzallar, marketlər, bankomatlar, yollar, metro stansiyaları, avtobuslar) müşahidə kameraları doludur, onlardan yayınmaq üçün gərək gözəgörünməz olasan.

Bundan əlavə, həmin videokameralardan birinə üz cizgilərinin 1 saniyəlik düşməsi belə kifayət edir ki, başqa bir cihaz o adamın kimliyini, ünvanını, telefon nömrəsini, qohumlarının, ünsiyyətdə olduğu şəxslərin kimliyini təsbit etsin.

İndi atəş açan silahın insanın hansı əlində olduğunu yerindəcə müəyyən edən cihazlar var. Hətta adam atəşi əlcək geymiş əliylə açıbsa da, əynindəki paltarından bilirlər ki, o atəş açan tapançanın hansı məsafəsində olub. Qırmızı libasın üstünə sıçrayan və yalnız mikroskop şüşəsi altında görünən qan ləkəsini təsbit edən, qanın kimə məxsus olduğunu ayırd edən cihazlar var. Yanıb kösövə dönmü sümüyün hansı konkret şəxsə aid olduğunu yüzdəyüz dədiqliklə “tapan” analiz növləri mövcuddur.

Jorj Simenonun, Artur Konan Doylıun, Aqata Kritsinin, Erl Qardnerin və digər detektiv yazarların itizəkalı xəfiyyə personajlarının günlərlə baş sındırıb axırda çözdüyü müəmmalı qətli hazırda adi bir kriminalist bir saatın içində çözə bilir. Bundan ötrü onun artıq Şerlok Holms qədər zəki olmasına ehtiyac yoxdur, “ağıllı” cihazlar ona yardım edir.

Belə olandan sonra kimsə günün günorta çağı supermarketə basqın edəcəyini, bankomat soyacağını və adam öldürərək qaçıb asanlıqla gizlənəcəyini düşünürsə, ağılsız adamdır. Onun (onların) gizlənmək üçün şansı əvvəlcədən sıfıra bərabər idi. Mütləq tapacaqdılar – 1 saat tez, 2 saat gec. Son hadisədən göründüyü kimi elə də oldu.

O baxımdan müasir dünyada “ideal soyğun”, “mükəmməl həyata keçirilmiş qətl” deyilən bir şey yoxdur.

Bəlkə də belə nümunələri Norveç, İsveç, Danimarka, Kanada kimi dövlətlərin təcrübəsində görmək olar. Məsələn, ola bilər ki, hansısa bir aır cinayətin üstünün açılması insan haqlarının kobudcasına pozulması hesabına baş verəcəkdi, amma o ölkələrin kriminalistləri buna getmədilər.

Belə görüntülərə çox da aldanmaq lazım deyil. Dünyanın heç bir yerində sirr verməyən, ortağını satmayan cinayətkarın başını sığallamırlar, ona “ser, üzr istəyirik, sizin verəcəyiniz ifadə cinayətin açılması üçün əhəmiyyətli ola bilər, lütfən, bildiklərinizi deyin” demirlər, xirtdəyindən yapışıb divara sıxırlar, döşəmədə itsürütməsi edirlər, ən ağır aqibətlərlə qorxudurlar və lazım olan bilgiləri alırlar. Düzdür, “qanunun aliliyi”ndən bəhs edən bəzi PR səciyyəli filmlərdə elə şeyləri göstərmirlər, amma “həyati” filmlərdə hər şeyi çılpaqlığı ilə verirlər.
Bizim ölkəmizdə ağır cinayətlərin üstünü müasir cihaz və avadanlıqlardan istifadə edərək açmaq imkanı olsa da, dədə-baba qaydası da var: gizlənən qatili ilk növbədə onun qohumlarından istəyirlər. Ona görə də qətl törədib gizlənən şəxslərin özləri, ya da yaxın qohumları 3-4 saatdan sonra polis bölmələrinə zəng vururlar ki, filan yerdədir, gəlin aparın.

Hal-qəziyyə belə olandan sonra maraqlıdır, dünən hipermarketdəki bankomata hücum edən silahlı quldurları, konkret olaraq, Ruhlan adlı canini nə ruhlandırmışdı ki, belə bir addım atsın, bir gənc qazini qətlə yetirsin, 4-5 saatdan sonra isə özü də canından olsun? Canilər nəyə ümid edirmiş, grəsən?

Bir xeyli adam bu hadisədə terror izi axtarır. Açığı, oxşayır da. Çünki, yuxarıda dediyimiz kimi, müasir dövrdə belə bir ağır cinayəti törətmək kamikadzelikdir. Kamikadzelik isə, bildiyiniz kimi, son illərdə məhz terrorçuların əl atdığı üsuldur.

Hər halda hüquq-mühafizə orqanları çox tezliklə canilərin bağlı olduqları dairələri də, onların əsl niyyətlərini də aşkara çıxaracaqlar.

Kriminal aləmə meyllənən, ayrı-ayrı kriminal avtoritetləri özlərinə kumir seçən gənclər və yeniyetmələr isə anlamalıdırlar ki, bu işin axırı yoxdur, daha dəqiqi, bu yolun axırı çox yaxındır. Kumir olan avtoritetlərin həyat hekayəsinə baxın, çoxu yarı yaşa çatmamış öldürülüb, yaşadıqları qısa ömürün yarısı da dəmir barmaqlıqlar arasında, həyatın dibində keçib. Belə olandan sonra bunun nəyində romantika var?

Heç kəsin ağlı Norveçdə 77 yeniyetməni güllələyən, hazırda isə Norveçdə 3-4 ulduzlu otelə oxşayan türmədə cəza çəkən Anders Foq Breyvikə getməsin, başqa ölkədə olsaydı, onu yaxalandığı günün ertəsi ilə günə qoyardılar ki, 77 dəfə intihar edərdi.

скачать dle 12.1