Azərbaycanın qəsdən və hikkə ilə söndürülən işıqları

24-03-2023, 20:57
3 192
Azərbaycanın qəsdən və hikkə ilə söndürülən işıqları

Qənimət Zahid

Azərbaycanın çox ciddi siyasi problemləri var. Özəl olaraq şişirdib- qabartmıram. Əslində, gerçək problemləri olduğu kimi təsvir etmək çətindir. Amma idrakı, azca geniş dünya görüşü olan adamlar azərbaycanlılar üzərində eksperimentlərin aparıldığını görməlidirlər. Görməyənlər görmək istəməyənlərdir və gözü bağlı olanlardır.
Bu problemin qaynağı və eksperimentlərin səbəbi də ölkənin strateji maraqları deyil, strateji maraqlar naminə axtarışlar deyil. “Azərbaycan cəmiyyətini daha hansı künclərə- divarlara qədər sıxmaq mümkündür” sualının altında aparılır bu eksperimentlər.
Laboratoriya bir ailənin mülkiyyətidir. Ölkə də eləcə.
Amma ölkənin gerçək problemlərini dilə gətirənlər, bu ailənin tamahından və zülmündən azərbaycanlıların necə qopa biləcəyindən danışanlar- dartışanlar çox deyil. Problemin gerçək ölçüsünə uyğun deyil. Amma axı, guya sifət də saxlamaq lazım gəlir. Buna görə də İlham Əliyevin içində boz qurd tapıb ona bayılanlardan tutmuş, ölkənin sərhədlərini dışarıya doğru genişləndirmə çağırışlarına qədər bütün irreal, mücərrəd, həlli olmayan məsələləriin masaya yatırıldığı saxta vətənpərvərlik dərsləri üçün repetitorların sayı- hesabı yoxdur.
İndiki sərhədlər daxilində adam yerinə qoyulmayan azərbaycanlılar üçün dünyanın yarısını boşaldıb daha böyük örüş yerləri uğrunda çılğın müzakirələri dəlilik də adlandırmaq olardı, amma mayasında dərk edilmiş, seçilmiş saxtakarlıq olduğuna görə biclik adlandırmağınız daha doğru olar.
10 il əvvəl ölkədə tamahın dağınıq, anlaşılmaz sxem və anlaşılan iyerarxiya üzrə qurulan mərhələləri vardı, indi bu sxemlər dəqiqləşib, birikdirilib!
15 il əvvəl insanlarda cəmiyyətin uğurlu gələcəyinə ümidlər vardı, indi yaxın sabaha hiyləgərliklə bir adamlıq bilet tapmaq güzəran müdrikliyi kimi dərk edilir.
20 il əvvəl bir ailənin əbədi hakimiyyəti dumanlı şəkildə təsəvvür edilirdi, bir çox hallarda bunu mümkünsüz edəcək arqumentlərin döyüşü vardı, indi o mümkünsüzlükləri xərcləyib qəti qənaətlər alıblar.
Azərbaycanda insan problemi var!
Çağdaş tarixin qapılarından bizi kimsə qovmur, içəridən mismarlayırlar o qapıları!
İçəridən mismarlanan o qapıların arxasında qorxunc süjetlərlə yazılan insan taleləri qaralır. İnsanlar, böyük- böyük əhali qrupları bioloji kütlə kimi eksperimental təcrübələrin altındadır.
İçəridən mismarlanan o qapıların arxasında kölələyə sığmayan, azadlığını güzəştə getməyən bərk adamların, mərd adamların həyatı günlərlə sayılır. Tarixə sığmayan arzular tikə- tikə doğranaraq saatlara pərçim edilir.
Azərbaycan qara niyyətli adamların eksperimental laboratoriyası kimi işlədilir.
Əhali çeşidlənib: əla növ və sonrakı növlər…
Bəşəriyyətin çoxdan imtina etdiyi insan çeşidləri, sosial konstruksiyalar burda “əla növ” adı ilə brendləşib.
İçindəki qurdları qaynaşdıran bu “əla növ” sonrakı növlərdən saydığı insanların həyatını yemir, saqqız kimi çeynəyib tüpürür.
Əlizamin Salayev kimi adamların həyatı, mübarizəsi, əqidəsi, mahiyyət göstəriciləri qapadılmış Azərbaycanın qəsdən və hikkə ilə söndürülən işıqlarıdır.
Kədərlidir Azərbaycan! Qaramat niyyətlərin təntənəsi onu cəhənnəm qazanına bənzədir.
Mən bütün bunları şişirdərək yazmıram…

скачать dle 12.1