Bu ölkədən haralara çəhənəm olaq

11-08-2023, 11:21
130
Bu ölkədən haralara çəhənəm olaq

Onlar “İstefa” şüarıyla Prezident Aparatının qarşısında aksiya keçirmirlər, heç “Azadlıq” tələbiylə mitinq də təşkil etmirlər. Onlar kuryerdi və öz hüquqlarını tələb edirlər. Yəni, onların tələbi hakimiyyət kürsüsünü təhdid etmir. Amma buna baxmayaraq, bu ölkədə bütün növ etirazlar hökuməti qıcıqlandırır, əzilənlərin ağrılarını dilə gətirməsini bağışlamırlar. “Öl, amma səsin çıxmasın”, “haqqını oğurlayaq, amma bizi alqışla” tələbi qoyublar. Bir insan quldurdan, cinayətkardan, canidən qorunmaq istəyər. Amma bu ölkədə vətəndaş dövlət qurumlarının şərindən qorunmağa çalışır. Adamları şərləmək idarəçilik nizamnaməsinə çevrilib. Dövlətin rəngi, forması, missiyası belə olmamalıdır. Dövlət şərləməyə yox, şərdən qorumağa məsuldur.
Axı bu gənclər Qarabağın azad olunmuş ərazilərindən pay istəmirlər, alın tərləriylə çörək pulu qazanmaq istəyirlər.
Cənablar, bu qədər nifrəti, bu qədər rəhmsizliyi, bu qədər qəzəbi içinizə necə depolaya bilirsiz? Siz haramla əldə etdiyiniz milyonluq avtomobillərdə gəzirsiz, imkan verin onlar da mopedlərini sürərək, halal çörəklərini qazansınlar. Onlar ölkənin sərvətini offşorlara daşımırlar, müştəriyə sifariş daşıyırlar. Bu gənclərdən əlinizi çəkin. Şər maşınını dayandırın.
“Bu ölkədən hara gedək” sualını çox eşidirik. Heç yerə getməyək, özümüzə gələk, özümüzə sahib çıxaq, ölkəmizə sahib çıxaq.

Cənnətəliyev Fəri

скачать dle 12.1