Paxıllıq ediləsi bir şey varmı?

1-12-2015, 09:58
0
Paxıllıq ediləsi bir şey varmı?
Bəlkə də artıq bu ilə də yekun vurmağın vaxtıdır. Amma qarşımızda hələ bütöv bir ay var. Bu bir ay ərzində nələr olacaq və nələr baş verəcək, bunu bir Allah bilir və bu gün biz bu xüsusda söz deməyə acizik...
İndilik isə bəzi məqamlarla bağlı münasibətimizi bölüşmək istərdik. Bəli, Qərbdə artıq Milad bayramı yaxınlaşır. Mən bu haqda xatırlatma etməzdim və bunun üstündən sakitcə sovuşub keçərdim. Əgər bircə detal olmasaydı... Amerikalılar deyir ki, dövlət bir il ərzində insanlardan aldıqlarının hamısını məhz bu Milad günlərində qaytarır. O gün Amerikadan bir süjetə baxırdım və həmin o süjet mənə çox təsir etdi...
 
Təsəvvür edin, Amerikada dükanlar 90 faiz endirimlə işləyir. Amma bizdə nə olacaq?..  
Bayram ərəfəsində qiymətlər təbii ki, tamam kəllə-çarxa vuracaq. Özü də bu, təkcə yeni il ərəfəsində olmur... 
Bəli, Novruz vaxtı da belə olur, digər bayramlar ərəfəsində də. Bunu necə izah edək? Söz demək, izah tapmaq çətindir...
İzahı yoxdursa, vaxt sərf etməyin də mənası yox. Ona görə ki, belə  cəhdlərin heç biri lazımi anlaşıqla qarşılanmayacaq, çünki özümüzün mental dəyərlərimizə inamımız o qədər böyükdür ki, əks arqument və ya da alternativ fikir eşitmək istəmirik - bir ağızdan deyirik ki, bizdə hər şey yaxşıdır... 
O qədər israrlıyıq ki, hətta cəmi dünyanın bizə paxıllıq etdiyini düşünürük. Amma belədirmi? Vallah, bizdə paxıllıq ediləsi heç bir şey yoxdur. Sadəcə, bizdən qorxurlar. Bəli, qorxurlar ki, öz dəyərlərimizlə və dünyagörüşümüzlə onların da həyatını ağırlaşdıra bilərik...
Bəli, deyirik ki, Qərb dəyərləri bizə uyğun deyil. Guya ki, Qərb bizim inkişaf etməyimizi istəmir. Amma baxın. Cənubi Koreya, Yaponiya, cənub-şərq ölkələri... Onların hamısına Qərbin təsiri olub. Amma görün bu ölkələr inkişaf deyilən prosesin hansı mərhələsindədir!..
Biz isə yerimizdə sayırıq. Özümüzü hamıdan ağıllı, hamıdan mərhəmətli və cəmi dünyadan tədbirli hesab edirik. Amma haqlıyıqmı?..
Güman etmirəm. Əslində o şeyləri ki, biz öz dəyərlərimiz adı ilə gözə soxmaq istəyirik, onların hamısı Qərb dəyərləridir...
Multikulturalizm haqda bəlkə də məndən çox düşünən yoxdur. Onu hələ 1995-ci ildə o vaxtki partiyamızın proqram layihəsinə də yazmışdım. Amma gəl, multikulturalizm liberal dəyərdir, ona liberal ölkələrdə təsadüf olunur. Biz isə istəyirik ki, onu özümüzün əyalət avtoritarizmimizə yamaq edək. Fəqət, bu, mümkündürmü? Təbii ki, yox. Ona görə ki, biz liberal ölkə və liberal cəmiyyət deyilik... 
Özünüz baxın, neçə gündür ki, həyəcanlı anlar yaşayırıq. Diqqətimiz Bakının ürəyində yerləşən kəndə yönəlib. Bu fonda bizi multikultural ölkə hesab etmək olarmı? Təbii ki, yox...
Bir neçə dəfə yazmışıq ki, insanlara normal dünyəvi siyasətlə məşğul olmaq imkanı verməyəndə, onlara əsl demokratik vərdişlər aşılamayanda, insanların daim doğru-dürüst informasiya almaq imkanı olmayanda, azad media, müstəqil məhkəmələr olmayanda siyasi fəzanı gec-tez müxtəlif radikallar tutur. Onlar isə multikulturalizm sözünü heç eşitmək də istəmirlər...
Özü də bu, təkcə bu gün belə deyil. Bir neçə ilin, bəlkə də 20 il bundan əvvəlin söhbətidir. Bir yığıncaqda dini partiyaların da təmsilçiləri iştirak edir və müzakirə olunan məsələlərə münasibətlərini açıqlayırdılar. Onlar hələ 20 il bundan əvvəl deyirdilər ki, dünyəvi qanunları tanımaq istəmirlər...
Elə bu səbəbdən də liberal olmayan siyasi sistemə liberal dəyərləri yamaq etmək istəyəndə bir şey alınmır. Həm də multikulturalizm çətin bir şeydir və o, müxtəlif mədəniyyətlərin, dini inancların və icmaların birgə yaşayışını nəzərdə tutur... 
Bütün mədəni və dini icmalar əgər başqaları və dövlət üçün təhlükə törətmirlərsə mövcud olmaq hüququna malikdirlər. ABŞ-da nə qədər ekzotik dini və mədəni icma var! Onların hamısı öz qaydaları ilə yaşayır. Bir şərtlə ki, digərləri və ən əsası da dövlət üçün təhlükə törətməsinlər...
Amma bizdə nə baş verir? Təcrübəli sürücülər maşını hərəkətə gətirmək üçün əvvəlcə onu azacıq geri sürür, sonra isə irəli hərəkət etdirirlər. İndi biz də irəli getmək əvəzinə geriləyirik. İnanmaq istəyirsən ki, bu da bir texnikadır və irəli getmək üçün manevrdir...
İstərdik belə olsun. İndiliksə çox da süni ritorikaya varmaq lazım deyil. Bizim bu dünyada nümunə olmağımıza hələ çox var. Əsas isə odur ki, dünya heç də bizə paxıllıq etmir, çünki paxıllıq ediləsi şey yoxdur...
скачать dle 12.1