Arqumentlər qurtaranda təhqir və küfr başlayır

16-01-2014, 02:24
0
Arqumentlər qurtaranda təhqir və küfr başlayır

Tarixi həqiqətlər məntiqlə və sənədlərlə müəyyən olunur

Israrla bildirirəm ki, heç kimi təhqir etmək, kin-küdurət saçmaq fikrim yoxdur. Insanların bilmək haqqına hörmət edirəm və bəzi yanlış məlumatların insanların yaddaşında kök salmamasını zəruri hesab edirəm.

Əvvəli ötən sayımızda

1989-cu il Azərbaycan tarixinə mühüm və çox önəmli bir hadisə ilə yazılıb. Bu, Azərbaycan Xalq Cəbhəsinin yaranmasıdır... Burada xırda bir haşiyəni cızmadan keçmək düzgün olmazdı. Belə ki, 1989-cu ildə YURD birliyi növbəti ilkə imza atdı. Birlik üzvlərinin və rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanın ali məktəblərində, ilk növbədə isə Bakı Dövlət Universitetində tələbələrdən ibarət könüllü müdafiə dəstələri formalaşdırıldı və Qarabağ və onun ətrafındakı rayonlara erməni birləşmələrinə qarşı yola salındı (Bu dəstələrdən birinə Əli Kərimli, digərinə isə bu sətirlərin müəllifi rəhbərlik edib). Bu haşiyəni qeyd etmək həm də ona görə zəruri idi ki, Xalq Cəbhəsinin hansı mürəkkəb şəraitdə yarandığı və formalaşdığı daha aydın təsəvvür edilə bilsin. Mən Xalq Cəbhəsinin yaranması prosesindəki bu gərginliyi və mürəkkəbliyi detalları ilə qeyd etmək istəmirəm. Başlıcası budur ki, o zaman millətin fəal kəsiminin səyi ilə bu böyük siyasi layihə reallaşdı. YURD ümumi yığıncağın qərarı ilə kollektiv şəkildə Xalq Cəbhəsinə daxil oldu. Və heç zaman Xalq Cəbhəsindən ayrılmaq tərəddüdünü yaşamadı.

Biz AXC-ni tərk etmədik

Amma hamı belə mövqedə deyildi. 1990-cı ilin yanvar hadisələri Xalq Cəbhəsinin müəyyən bir kəsimində tərəddüdlər yaratdı. Bəzi adamlar belə fikirləşirdilər ki, 20 Yanvar hadisələri AXC-ni darmadağın edib, buna görə də başqa bir təşkilat yaradıb proseslərin önünə keçmək lazımdır. Məsələn, bir qrup Şimali Azərbaycan Demokratik Partiyası yaradıb AXC-dən ayrılmaq qərarı vermişdi. Bu qrupun lideri hörmətli Isa Qəmbər idi. Amma 20 Yanvardan sonrakı proseslərdə bu təxminlərin doğru olmadığı təsbit olundu, ŞADP ideya və yarımçıq addım kimi sıradan çıxdı. Xalq Cəbhəsi öz strukturlarını və gücünü sürətlə bərpa edərək 1992-ci ildə ölkədə hakimiyyəti götürən siyasi qüvvəyə çevrildi. Bir az əvvəl qeyd etdim ki, YURD kollektiv şəkildə AXC sıralarına qoşuldu və heç zaman bu təşkilatı tərk etmək fikrinə düşmədi. Bir mühüm məqamı da qeyd edim ki, AXC hakimiyyətə gələrkən YURD üzvləri özlərinə xüsusi imtiyazlar tələb etmədilər, dövlət vəzifələrinə daraşmaq haqqında fikirləşmədilər. Bu gün nə zamansa YURD birliyinin üzvləri olaraq Azərbaycan tarixinə şərəfli hadisələri yaşatmış insanlar nə hakimiyyətdən əvvəl, nə də sonra Xalq Cəbhənin hesabına imtiyaz və səlahiyyətlər əldə edəndən sonra ondan ayrılmaq, onu zəiflətmək, bu təşkilatın məsuliyyətini bölüşməmək kimi davranışlar göstərməyiblər. Amma 1992-ci ildə, noyabr ayında, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən bir neçə ay sonra başda Isa Qəmbər olmaqla bir qrup Xalq Cəbhəsindən ayrılıb Müsavat pariyasını qurdular. Əlbəttə, Əbülfəz Elçibəyin xeyir-duasını hər zaman ictimai rəyə təqdim edə bilərlər. Amma bu, heç nəyi dəyişmir. Fakt budur ki, Müsavat partiyası elan edildikdən sonra hakimiyyətdə iki fərqli siyasi qrupun mövcudluğu yarandı. Bu, elan edilməyən, imzalarla möhkəmləndirilməyən, hüdudları bəlli olmayan anlaşılmaz bir koalisiya idi. Maraqlıdır ki, koalisiyanın ikinci və sonrakı tərəfi olan Müsavat partiyası Xalq Cəbhəsinin üzvləri olan, hakimiyyətdə xüsusilə geniş kadr korpusu ilə təmsil olunmayan, müxtəlif vəzifələrə başlayan axından sonra Xalq Cəbhəsini boşalmağa qoymayan və bu təşkilatın idarəçiliyində haqq etdiyi yerlərini tutmağa başlayan keçmiş YURD üzvlərini indi də ittiham etməkdədirlər.

Qeyd.  Xalq Cəbhəsi hakimiyyətə gəlməmişdən əvvəl mən “Azadlıq” qəzetinin redaktoru idim. Bu qəzetə 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərkən AXCP sədri Əbülfəz Elçibəyin göndərdiyi tələbnamə əsasında mənə verilən rəsmi təyinatla gəlmişəm. O zaman “Azadlıq” qəzeti Xalq Cəbhəsinin rəsmi qəzeti idi və yeri gəlmişkən, mən AXCP-yə rəsmi təyinat əsasında gələn ilk gənc mütəxəssis olmuşam (Elçibəy mənim YURD üzvü olduğumu, əlbəttə, bilirdi). Başqa bir YURD üzvü, Əli Kərimliyə isə universiteti bitirərkən Respublika Baş prokurorluğuna təyinat verilmişdi, amma o, bu təyinatı rədd edərək Xalq Cəbhəsinə işləməyə gəldi.

AXC hökumətində YURD üzvləri

AXCP hakimiyyətə gələndə YURD üzvü olan cəmi bir neçə nəfər əhəmiyyətli sayılacaq dövlət vəzifəsi tuturdular. Bunların başında isə Əli Kərimli dayanırdı. Əli Kərimli prezident Əbülfəz Elçibəyin qərarı ilə Dövlət katibi vəzifəsinə təyin olunmuşdu. Bu, indiki səlahiyyətlər baxımından Prezident Administrasiyasının rəhbərinin tutduğu vəzifəyə bərabər sayıla bilər. Kifayət qədər yüksək vəzifədir. Amma 28 yaşlı Əli Kərimlini bu vəzifəyə prezident təyin etmişdi. O zamankı müxalifət mətbuatı da qeyd edirdi ki, komanda daxilində bu vəzifəni tutmağa ən uyğun adam, məhz, Əli Kərimlidir. Xalq Cəbhəsi hökuməti zamanı kimin necə işlədiyi barədə ictimai rəydə geniş təəssüratlar vardı. Bu təəssüratlar indi də adda-budda yaşamaqdadır və yaddan çıxmayıb...

Tarix çıxışı

Iyun hadisələri baş verdi. Mən bu hadisələrin də təfərrüatlarına varmadan xüsusilə önəmli sayılan bəzi detalları qeyd etməklə kifayətlənirəm. Iyun hadisələrinin lap əvvəllərində parlamentin sədri Isa Qəmbər istefa verdi və millət vəkili kimi keçib zalda əyləşdi. Iyul ayının 16-na qədər parlamentdə onun xüsusi bir çıxışı olmur. Həmin günə qədər parlamentdə gedən qızğın, savaşa bənzər müzakirələrin gedişində hökumətin sözçüsü dövlət katibi Əli Kərimli çıxış etdi. Baş verənləri qiyam adlandırdı. Hərbi çevrilişə siyasi dəstək qazandırmaq ənənəsini yaratmamağa çağırdı. Həmin ərəfədə parlamentdə bu qızğın müzakirələr AzTV-nin arxivində var və kimin oralara yolu və əli çatırsa, eşələyib götürə bilərlər. Isa Qəmbər ayın 16-da çıxış etdi. Günortadan sonra. Fasilə zamanı iclasdan çıxıb parlamentiin binasından çıxmağa hazırlaşan Isa bəyə mühafizəçilər yaxınlaşıb bildiriblər ki, o, binanı tərk edə bilməz, çünki günortadan sonra onun deputat səlahiyyətlərinə xitam verilərək haqqında həbs qətimkan tədbiri seçiləcək. Iclas zalına qayıdan Isa bəy çıxış edir və çıxışını AXC-nin qarşıdan gələn yubileyi münasibətilə cəbhəçiləri təbrik etməklə yekunlaşdırır. Tarixçilər tarixdə qalmaq üçün hansı xüsusi notlardan istifadə etməyi daha yaxşı bacarırlar.

Qiyamdan sonrakı AXC

Əli Kərimli iyul ayının 28-nə qədər Prezident Aparatında vəzifəsini icra etdi. Ayın 28-də isə Prezident Aparatında, öz iş otağında yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi, baş verən hadisələri hərbi qiyam, dövlət çevrilişi adlandırdı və buradan çıxıb Kələkiyə, prezident Əbülfəz Elçibəyin yanına getdi. 1 il Əli Kərimli Bakıda olmadı. Kələkidə və prezident Əbülfəz Elçibəyin tapşırığı əsasında Türkiyə və Avropa turnesinə çıxdı, Azərbaycanda baş verənləri anlatdı, siyasi məhbusların, o cümlədən də Isa Qəmbərin həbsdən azad edilməsi üçün beyməlxalq təzyiqləri artırmağa çağırdı. 1994-cü ilin may ayında, heç kimin gözləmədiyi halda, əməlli-başlı təhlükələrin hələ də mövcud olduğu şəraitdə Bakıya qayıdaraq Xalq Cəbhəsində fəaliyyətə başladı. Təbii səbəblərdən dağılmaqda olan təşkilatı bərpa etmək və müxalifəti gücləndirmək üçün ciddi işlər gördü. Məhz o, Bakıya döndükdən sonra müxalifətin toparlanma mərhələsi başlandı, repressiya və təqiblər altında addımbaaddım geriləməyə son qoyaraq fəallaşmağa, mitinqlər keçirməyə başladı. Özü də bu mitinqlərin birində həbs edildi, indi də ona pasport verilməməsi üçün əsassız bəhanə kimi istifadə edilən həmin o “qumbara” olayı baş verdi. Guya, cibindən qumbara tapmışdılar...

Gedənlərə yaxşı yol...

Bəlkə də, bu tarixin ən maraqlı hissəsi bundan sonra baş verənlərdir. AXC-nin partiyaya çevrilməsi, bu zaman yaranan qarşıdurmalar, 1995-ci ildəki parlament seçkiləri... Bəri başdan deyim ki, Azərbaycan Xalq Cəbhəsi partiyaya çevrilməmişdən əvvəl də, sonra da Azərbaycanın və dünyanın bütün siyasi təşkilatlarının daxili proseslərini yaşayıb. Elan edilmiş və ya edilməmiş olmasından asılı olmayaraq fraksiyalar, qruplar bütün siyasi partiyalarda var. Xalq Cəbhəsində də. Xalq Cəbhəsində gedən proseslər heç zaman Əbülfəz Elçibəyə qarşı, onun sədrlikdən uzaqlaşdırılmasına yönəlməyib. Bunlar istənilən partiyanın daxilində olan normal fikir ayrılıqları olub, müzakirələr olub və indi “YURD” filan işi filan cür etdi, deyənlər sadə bir həqiqəti unudurlar ki, bu yurdçu deyilən adamlar Xalq Cəbhəsinin qurucuları və Xalq Cəbhəsi ideyasının daşıyıcılarıdır. Onlar bu partiyanın yaranmasında, formalaşmasında, mövcudluğunda heç kimdən az zəhmət çəkməyiblər ki... Xalq Cəbhəsinin yaranmasında ən müxtəlif qruplar, insanlar iştirak ediblər. Məsələn, AMIP sədri Etibar Məmmədov öz partiyasını elan edəndə onun tərəfdarları Cəbhədən ayrılaraq AMIP-ə gediblər. Müsavat elan ediləndə Isa Qəmbərin tərəfdarları ayrılaraq oraya gediblər və sairə və ilaxır. Amma YURD sona qədər Elçibəyi və Xalq Cəbhəsini tərk etmədi, öz partiyasını elan etmədi. Hərçənd, məsələn, Elçibəy Kələkiyə gedəndən sonra YURD üzvlərini də Xalq Cəbhəsindən və Elçibəydən qopub partiya yaratmağa təhrik edənlər vardı və bu təhriklər siyasətdə Elçibəy faktorunu birdəfəlik yox etməyə hesablanmışdı.

***

Beləliklə, 1995-ci ilin parlament seçkilərinin nəticələri nə üçün o şəkildə alındı?..

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1