Əliyevi Paşayevlərmi devirir, Rusiyamı?

21-10-2012, 06:43
0
Əliyevi Paşayevlərmi devirir, Rusiyamı?

İlham Əliyevin hakimiyyətdən getməməsində maraqlı olan qaldımı?

Rusiyadakı Azərbaycanlı oliqarxlar asi oldular. Moskva elitasının bu tanınmış simaları Azərbaycan hökuməti ilə hər hansı məsləhət-məşvərət etmədən, hətta heç bir məlumat belə vermədən ayrıca bir təşkilat qurduqlarını elan etsinlər (Obyektivlik naminə deməliyəm ki, Azərbaycan hökumətindən fərqli olaraq, şəxsən mənim belə bir qurumun yaradılması ilə bağlı məsləhətləşmələrin getdiyindən məlumatım var idi).

Əliyevə Moskva sürprizi

Bu olay bir neçə aspektdən Azərbaycanın rəsmi dairələrinin və onların kölgələrinin narahatlığını doğurmalı idi. Hər şeydən əvvəl bu, kontrolun itməsi effektini yaradır. Yəni illər uzunu Rusiya boyda nəhəng coğrafiyada mövcud olan nəhəng Azərbaycan diasporunu məhz bu adamlar vasitəsilə nəzarət altında saxladığına əmin olan, buna müəyyən dərəcədə əsası da olan, Rusiyadakı təşkilatlanma fəaliyyətlerini həyata keçirərkən məhz bu adamlara güvənən Ilham Əliyev böyük bir sürprizlə üzləşdi. Bu sürpriz, ən azı onu vəd edir ki, oliqarxlar bundan sonra YAP-ın Moskva şöbəsi olmaq, Ramiz Mehdiyevin diqtəsi ilə işləmək niyyətində deyillər, öz fəaliyyətləri və kapitalları sayəsində əldə etdikləri əlaqələrini öz planları üzrə ictimai-siyasi sferaya daşımaq niyyətindədirlər. Avtoritar Azərbaycan hakimiyyəti üçün bu, iplərin yavaş-yavaş qırılması prosesinin başlanması deməkdir.
Xatırladaq ki, bir müddət öncə Kanadada Heydər Əliyevin və Mehriban Əliyevanın büstlərinin götürülməsi ilə nəticələnən kampaniya bir qədər səssiz ötüşsə də, diasporun avtoritar rejimə boyun əymək istəməməsinin mühüm başlanğıc elementi kimi qeydə alınmışdı. Rusiya Kanada deyil, buradakı diaspor da Əliyevçi rejimin daimi və xüsusi kontrol altında saxladığı icmadır.
Ikinci tərəfdən, Rusiyadakı Azərbaycan təşkilatları Birliyini elan edən insanların siyahı tərkibi Əliyevin narahatlığını doğurmalıdır. Siyahıya başçılıq edənlərdən biri olan Araz Ağalarov Əliyevlerin qudasıdır. Bu zamana qədər bəzi çevrələrdə qudalar arasında münasibətlərin kifayət qədər soyuq olduğu barədə söhbətlər gəzirdi. Amma indi, hətta Fazil Qəzənfəroğlunun rakursundan da “separatçılıq”, “Rusiyanın Azərbaycana qarşı oyunu” adlandırılan bu prosesdə Ağalarovun şəxsən təmsil olunması hakim ailə üçün ciddi narahatlıq yaratmalıdır. Yəni hətta bu qədər yaxın qohumluq səviyyəsində də, ən azı məlumat bölüşməsi baş vermədən belə bir kampaniyaya start verilirsə, deməli, Əliyevin kitabı bağlanmaq üzrədir və onun ən yaxın sayılan adamları da bu kitabla birlikdə qapanıb oxunmuş tarixə çevrilmək istəmirlər.

“Strateji əhəmiyyətli” oliqarxlar

Siyahıdakı daha bir adam - Vahid Ələkbərov Rusiyanın neft nəhəngi olan LukOyl-un prezidentidir. Rusiya Avropanı və regionu özünün neft resursları nüfuzu ilə hesablaşmağa məcbur etməyi xoşlayan ölkədir və Ələkbərov bu siyasətin mərkəzində dayanan adamlardandır. O həm maddi, həm də siyasi baxımdan nüfuzlu insanlardan sayılır, başqa sözlə desək, “strateji əhəmiyyətli” oliqarxlardandır. Amma göründüyü kimi, o da öz strateji əhəmiyyətini Ilham Əliyevin Moskva YAP-ı ilə məhdudlaşdırmaqdan imtina edənlərin siyahısındadır.
Azərbaycan mediasına müsahibə verən başqa bir oliqarx - Ilham Rəhimov bildirib ki, onun belə bir komplektləşmədən xəbəri olmayıb. Və bu, tamamilə təbiidir. Çünki son zamanlar Ilham Rəhimov Azərbaycanın hakim klanı ilə çox yaxınlaşıb və hətta Ramiz Mehdiyevin yaxın çevrəsinə daxil olan millət vəkillərindən biri olan Rəbiyyət Aslanova ilə evlənməsi də onun bu klana daha yaxında uzlaşması kimi dəyərləndirilir. Buna görə də Rusiyadakı oliqarxların öz məxsusi çevrələrinə və privat danışıqlarına Ilham Rəhimovu dəvət etməmələri təəccüblü deyil. Adamlarda belə bir təbii fikir ola bilər ki, Ilham Rəhimovumu, ya Əli Həsənovumu bu cür müzakirələrə dəvət etmək arasında elə bir fərq yoxdur. Üstəlik, oliqarx blokunun fəal üzvlərindən olan Telman Ismayılovun biznes imperiyasına qarşı xüsusi əməliyyatların təşkil edilməsində Ilham Rəhimovun adını hallandıranlar da az deyil.

Azarbaycan, yoxsa Heydərizm naminə birlik

Azərbaycan rejimi, nəinki Rusiyadakı oliqarxların, hətta sadə vətəndaşların belə sərbəst təşkilatlanmasından narahat olur. Azad vətəndaş birliyinin bütün formaları Əliyev hökuməti üçün dözülməz presedentdir. Rusiyadakı ən nüfuzlu azərbaycanlıların belə bir təşkilatda birləşməsi isə xüsusi narahatlıq yaratmalıdır. Rusiyada nə qədər azərbaycanlının yaşadığı dəqiq olmasa da, bəllidir. Bu say bir neçə milyon nəfərdir və bu milyonlar Azərbaycanla sıx əlaqədədir. Oliqarxların təşkilatlanması Rusiyadakı azərbaycanlıların təşkilatlanmasının yeni mərhələsinin əsasını qoyacaq, daha doğrusu, bu təşkilatlanma prosesi bərpa olunacaqdır. Azərbaycan diasporunun təşkilatlanma prosesi 90-cı illərin sonlarına yaxın durdurulub, bu proses saxta relsler üzərinə qoyulub. 90-cı illərin sonlarından başlayaraq, diasporda Azərbaycan naminə birlik əvəzinə Heydərizm şüarları üzərində YAP-laşma prosesi başlanılmışdı. Bu proses Azərbaycan hökumətinin rüşvət və korrupsiya əsasında əldə etmək istədiyi xarici siyasət uğurlarının fonunu təmin etməli idi. Amma bu neqativ proses qırılır. Bir qədər əvvəl qeyd etdim ki, Kanadada yıxılan heykəllər diasporun mahiyyətcə yenidən qurulması naminə təşkilatlanmanın zəruriliyinin göstəricisi idi. Rusiyalı oliqarxların Heydərizmdən kənarda təşkilatlanması isə həm Rusiyada, həm də bütün dünyada yenidən təşkilatlanmanın əsasını qoya bilər. Şübhəsiz, bu proses Azərbaycanın daxilinə də sirayət edəcəkdir.

Rejim təklənmiş durumda

Əlbəttə, indi isti-isti irəli sürülən bəzi versiyalar da var ki, onlara da ötəri münasibət bildirmək vacibdir.
Məsələn, “bu, Paşayevlərin başlatdığı prosesdir” versiyası. Ola bilər ki, Paşayevlerin bu təşkilatlanma prosesində hansısa rolu və ya niyyətləri olsun. Tamamilə mümkündür. Hətta onun da təfərrüatını da nəzərə almasaq ki, niyə Araz Ağalarov kimi adam Ilham Əliyevi bir kənara atıb Paşayevlərin kontroluna keçməlidir.ÿ
Məsələ burasındadır ki, siyasi avtoritarizmin nəzarətindən kənarda düşərgə yaradılması faktı həmin avtoritar rejimin aşınmasının, nəinki aşağıları, hətta yuxarıları da təmin etməməsinin sübutudur. Başqa tərəfdən, bu prosesdə Paşayevlerin intriqası varsa belə, bu o deməkdir ki, Əliyevçi hakimiyyət içəridən parçalanma mərhələsinə qədəm qoyub. Bu mərhələni durdurmağın tək yolu isə adı çəkilən nüfuzlu oliqarxların yaratdıqları təşkilatın ləğv edilməsi ilə bağlı bəyanat vermələri ola bilər.
Başqa bir versiya Rusiyanın Əliyev rejimini devirmək istəyi ilə bağlı mülahizədir. Ya vəlvələdən, ya da zəlzələdən, belə bir şey varsa, bu o deməkdir ki, indi Ilham Əliyev hətta Bəşər Əsəddən də pis gündədir. Bu olaya münasibət bildirənlər, o cümlədən, Fazil Qəzənfəroğlu da bu fikri dolayı yolla təsdiqləmiş oldu. Artıq bir neçə ildir ki, Əliyev Qərb siyasi dairələrinin ikrahla yanaşdığı siyasətçilərdən birinə çevrilib. Bu günlərdə Bəşər Əsəddən ötrü yaxasını yırtan Putin Ilham Əliyevdən imtina etdiyini nümayiş etdirirsə, deməli, cənab Ilham Əliyev bütün dünyada təklənmiş durumdadır.ÿ
Daxili Idarəetməsi yalnız korrupsiya ve rüşvətxorluq məntiqi üzərində qurulan bir dövlət başçısı xarici siyasətdə də, Fazil Qəzənfəroğlunun və başqalarının dedikləri kimi bütün müttəfiqlərini itiribsə, deməli, onun get səsi zaman işidir.
Bu sərt gerçəklik, artıq Azərbaycanın məmur elitasının qafasına da sirayət etməkdədir. Əliyevçi rejimin Rusiyadakı oliqarxların davranışından şoka düşməsinin sərt səbəblərindən bir neçəsi bunlardır.

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1