Heyvanlaşmaq tariximiz

11-09-2015, 17:53
0
Heyvanlaşmaq tariximiz

 

Uşaq vaxtı beli yüklə dolu, ağır arabaya qoşulan eşşəkləri görəndə onlara yazığım gəlirdi. Indi isə özüm eşşək kimi həyat sürürəm. Hazırkı vəziyyətimə görə “xanım” sözünü özüm üçün ən ağır söyüş, ən böyük təhqir, “ay eşşək” müraciətini isə ən qəşəng tərif sayıram. Vallah, səmimi deyirəm, kimsə mənə “xanım” yerinə, “ay eşşək” desə, onu istədiyi yerə belimdə gülə-gülə apararam. Doğrudur, bəzən olub ki, mənə “xanım” deyənləri də belimdə həkimə aparmışam. Amma nə etmək olar, heyvan kimi həyat sürsəm də ürəyim hələ ki insan orqanlarına aiddir. Məsələn, bəzən olur ki, yorğunluqdan ayaq üstə güclə dayanan Azərbaycan kişisi belimdəki ağır yükləri görüb “xanım, icazə verin, sizə kömək edim” deyir, etiraz etsəm də o, yüklərimi zorla belimdən götürür və bir-iki addım getdikdən sonra ağır yükə tab gətirməyib yerə sərilir. Mən də məcbur olub, yerə sərilən “köməkçi”mi də  belimdəki yüklərin üstünə qoyub, təcili yardım maşınından da tez xəstəxanaya çatdırıram. Imkan daxilində onun üçün xurcunumdan pul, yemək də qoyub, eşşəkliyimin arxasıyca gedirəm.

Azərbaycanda heyvan kimi həyat sürən heç kim deyə bilməz ki, mən demokratiya və azadlıq uğrunda insanlıqdan çıxdım. Əzizlərim, heyvan olsaq da, heç olmasa 22 ildə bir dəfə mərdi-mərdanə etiraf edək ki, BIZlər özümüzü, ailəmizi qorumaq, yaşatmaq yolunda heyvanlaşdıq. Kəndimizin ən yaşlı qadını demişkən: “harınlamış qoçum xayalarından, camaatmız da ev-eşiyindən, oğul-uşağından şaddır”. Şəxsən mən oğul-uşaq, ev-eşik yolunda heyvandan da betər günə düşdüyümü bilirəm. Təsəvvür edin, elə hissiz-duyğusuz heyvan olmuşam ki, son üç-dörd ayda Vətən, qəhrəmanlıq, məhəbbət haqqında bir mahnı da dinləməmişəm, amma Barış Mançonun “Arkadaşım Eşek” mahnısına qulaq asmaqdan doymuram. Məşhur mahnını dinləyəndə möhkəm kövrəlirəm, deyirəm, əcəba, mənim üçün də nə vaxtsa eşşək kimi darıxan, həsrətimi çəkən olacaq: “Dün yene seni andım, gözlerim doldu, o tatlı günlerimiz bir anı oldu… Seni çok-çok özledim arkadaşım eşek…”  Arkadaşlarım eşşəklər, qoyunlar, keçilər, öküzlər, atlar… gəlin hamımız heyvana çevrildiyimizi səmimi-qəlbdən etiraf edək, onsuz da insan kimi bircə quru adımız qalıb. Nə olsun hələ anqıra, kişnəyə, mələyə… bilmirik, inşallah, yaxın iki-üç ildə onu da öyrənərik.  Bəli, Azərbaycan vətəndaşları artıq elə ağır, acı, mənasız həyat sürürlər ki, özlərinə insan deməyə haqları yoxdur. Heyvan kimi həyat sürən hər bir azərbaycanlı əminəm ki, Fransada yaşayan itə, Almaniyada dünyaya gələn pişiyə, Sakit okean adalarında özünü günə verən morjlara, Atlantik okeanda üzən balıqlara, Afrika meşələrində gəzən zürafələrə… həsəd aparırlar. Mənsə  rəhmətlik Barış Mançonun mahnı bəstələdiyi eşşəyinə qibtə edirəm. Və yaxşı olar ki, kiməsə “it qızı it”, “eşşək oğlu eşşək”, “donuz balası”…deyəndə inciməsin, əksinə, fəxr eləsin ki, onu əsl adı ilə çağırırlar. Doğrudur, ölkəni heyvan kimi idarə edənləri adları ilə çağırmaq çox təhlükəlidir, o dəqiqə həmin cəsur, ağıllı insanı şərləyib, ən azı iki-üç il azadlıqdan məhrum edirlər, amma artıq insan maskası taxmağın heç bir anlamı yoxdur, buynuzlar da görünür, dişlər, pəncələr, quyruqlar da. Əslində, heyvanların dili olsaydı  mənə deyərdilər ki, bizi azərbaycanlılara tay tutduğun yerdə başına daş düşsün: heç  gördünmü biz oynamaq üçün toyda dava salaq, bir-birini öldürək, sandıq-sandıq pul, qızıl yığaq?!

Heç kimə sirr deyil ki, ölkədə insanların sürətlə heyvana çevrilməsi 1993- cü il 24 iyunda başladı. Doğrudur, bəziləri deyir ki, ümumxalq səsverməsi nəticəsində heyvanlaşmağımız haqqında qərar 1993-cü il oktyabrın 3-də verilib. Amma onlar yanılırlar, çünki “insan kimi doğulmaq, heyvan kimi  yaşamaq” qanunu millətin alnına 24 iyunda yazıldı, oktyabrın 3-də isə möhür vuruldu. O iyrənc, qorxulu qanunu qəbul etməyənlər  əvvəllər milyonlarla idi,  amma çoxu “yağlı ot-ələf” qarşısında tab gətirməyib, insan olmaqdan vaz keçdi. Canları-qanları bahasına INSAN kimi qalanları məhv etmək üçün isə yırtıcı ikiayaqlılar min cür quyular qazıb, tələlər qurur, vicdanlı insanlara qəfildən hücum edir, onları blokda, avtomobildə, yolda qanına qəltan edir, öldürə  bilmədiklərini isə babalarından miras qalan  qəfəslərə salırlar.

On altı yaşlı oğlum tez-tez mənə deyir: “Ana, bilirdin ki, Azərbaycanda vəziyyət heç vaxt düzəlməyəcək,  niyə məni bu ölkədə dünyaya gətirirdin?” Eh, uşaq hardan bilsin ki, heyvanlaşan valideynlər müdrik suallara heç vaxt cavab verə bilməzlər…

Məlahət Ağacan

скачать dle 12.1