Sonuncu dərs...

18-09-2015, 11:12
0
Sonuncu dərs...
Hətta Rusiyaya qarşı loyallığı ilə seçilən insanlar da bu ölkənin uçurumun astanasında olduğunu deyirlər. Bunu ona görə deyirəm ki, bizim sözlərimizə diqqət yetirməyən hakimiyyət təmsilçiləri heç olmasa, belə azərbaycanlıların dediklərini nəzərə alsınlar...
Mənə elə gəlir ki, Avropa ilə münasibətləri soyutmağa Azərbaycanı Rusiya təhrik edir. Bakı rəsmiləri Rusiya siyasətçilərinin və diplomatlarının dediklərinə həddən artıq diqqət kəsilirlər. Bəlkə də ciddi bir təhlilçi üçün bunu demək bir qədər düzgün deyil, amma Avropanın özündə də bir “Rusiya partiyası” var...
Məsələn, mən Angela Merkelə inanmıram. Yenə də deyirəm ki, səhv edə bilərəm, amma mənə elə gəlir ki, o, “ikibaşlı siyasət” aparır-bir tərəfdən rəsmi Vaşinqton qarşısındakı qorxu və öhdəçilik onu Rusiyaya qarşı olmağa təhrik edir, o biri tərəfdən də bu yeni “dəmir ledi” imkan düşdükcə topu ruslara ötürməyi unutmur. Məsələn, Gürcüstanın NATO-ya üzvlük məsələsi müəyyən mənada bu xanımın kaprizləri ucbatından dolaşığa düşüb...
Yayın əvvəlində birdən-birə Almaniyanın bundestaqı durub elan etdi ki, bəs xəbəriniz yoxdur, Azərbaycanda dini azadlıqlar pozulur...
O vaxt da yazmışdım, indi də təkrar edirəm ki, bu, gülünclükdən savayı bir şey deyildi! Axı hansı dini azadlıqlar pozulur?! Nədən birdən-birə Almaniyanın bundestaqı dini haqların keşikçisinə çevrildi?
Qərəz, dediyim budur ki, Azərbaycanın Avropa ilə münasibətlərinin pozulmasında bir xətt görünmür. Bu, qəribə bir əyridir - gah bu istiqamətə aparır, gah da o biri istiqamətə...
Təbii ki, ölkənin özəl problemləri də çoxdur. Bunu da vurğulamaq və etiraf etmək zorundayıq. Sadəcə, özümüzünkülərə səslənmək məcburiyyətindəyik ki, canım, tələsməyin... Hər şey dəyişə bilər! Bir də görürsən ki, məsələn, elə Almaniyada hakimiyyətə başqa bir partiya gəlir və hər şey dəyişir və yaxud da elə Avroparlamnetin tərkibi də əbədi deyil, o, da dəyişir...
Azərbaycan da elə məmurlar var ki, onlar Avropa ilə, ABŞ-la “oynamaq”dan beziblər. Onlar qəlbən də Rusiya ilə bağlıdırlar. Təbii ki, bu adamlar “demokratiya oyunu”na son vermək və milləti öz sevdikləri və Rusiyanın da təqdir etdiyi üsullarla idarə etmək istəyirlər. Bilirsiniz, adam bunu deməyə məcbur olur ki, bizim bəzilərimizdə ötən vaxt ərzində feodal təfəkkürü nəinki azalıb, əksinə artıb. O səbəbdən artıb ki, var-dövlət, sərvət çoxalıb... Belələri elə həqiqətən də Avropa ilə “hər şeyi bitirməy”in tərəfdarıdırlar...
Yayda, səhv etmirəmsə, Səudiyyə kralı böyük bir dəstə ilə Fransaya getmiş və hətta orada çimərliyin böyük hissəsini çəpərləmişdi. İndi bizim bəzi məmurlarımız da düşünür ki, niyə səudiyyəlilərə olar, amma bizə olmaz? Niyə Avropa Şurası, Avropa Birliyi kimi təşkilatlar imkan vermir ki, bizim məmrularımız ölkəni “bildikləri kimi” idarə etsinlər?!.
Mən başa düşürəm. Həqiqətən də çox böyük “dərddir”. Söhbət puldan gedirsə o, heç bizim məmurlarda da az deyil...
Qərəz, nə etmək olar? Bəlkə də demokratiya oyunları, dekorativ demokratiya avropalıların özünü də bezdirib... Onlar da daim belə edirlər. Əvvəl deyilənlərə heç inanmaq istəmirlər, düşünürlər ki, hər şeyi sözlə, tövsiyyə ilə yoluna qoya biləcəklər. Amma görəndə ki, bu, mümkün deyil, başlayırlar hər şeyi olduğu kimi adlandrımağa...
İtirən kim olur? Təbii ki, cəmiyyətlər, xalqlar... Ona görə də həyəcansız yazmaq və ya danışmaq mümkün deyil. Amma bunun da nəticəsi o olur ki, bir də baxıb görürsən ki, heç kim sənin hisslərini bölüşmür...
Tamamilə laqeyd və passiv bir cəmiyyətə çevrilmişik. Hətta onun da fərqində deyilik ki, hakimiyyətdəkilər bizi inandırmaq üçün özünə əziyyət belə vermək istəmirlər. Adam parlamentdə səslənən fikirlərə qulaq verəndə təəccübdən tam çaşıb qalır-düşünürsən, İlahi, “Piri babanın nağılları”nı xatırladan belə çıxışlar görən kimə ünvanlanıb? Doğrudanmı biz bu qədər sadəlövhük?..
Qərəz, neyləmək olar? Sadəcə, köks ötürmək. Başqa bir yol varmı? Onsuz da özümüz deyib, özümüz eşidirik...
Amma hər şey başqa cür də ola bilərdi. Fəqət, bu, da bir fərziyyədir. Bir vaxt elə hey özümüzə təsəlli verirdik ki, bundan da pis ola bilərdi...
İndisə daha müqayisəlik bir şey qalmayıb. Yadıma bir karikatura düşür. Bəli, boynunda ilgək olan adam deyir ki, qoy, bu, mənə dərs olsun! Daha demir ki, daha bundan sonrası olmayacaq, bu, elə sonuncu dərsdir...
скачать dle 12.1