Əliyevin avtoritar dostları.

20-06-2022, 10:10
4 829
Əliyevin avtoritar dostları.

Azərbaycan xalqının Lukaşenkolara, Madurolara yedizdirəcək pulu yoxdur. 

Əslində bu xəbər hamımızı narahat etməli idi. Hakimiyyətin bu addımına cəmiyyət sərt etiraz etməliydi. Ancaq təəssüf ki, cəmiyyət artıq dövlət vəsaitlərindən əlini üzüb, onu özününkü saymır. Ona çatmayacaq vəsaitin kim tərəfindən mənimsənilməsi onu maraqlandırmır. Çox təəssüf.

Söhbət İlham Əliyevlə Venesuela prezidenti Maduronun “birgə investisiya layihələri və birgə müəssisələrin yaradılması” barədə müzakirələr aparmasından gedir.

Venesuela diktatoru mədəni dünya tərəfindən heç prezident olaraq tanınmır. Venesuelada bir neçə ildir ki, ikihakimiyyətlilikdir. Maduronu hazırda əksəriyyəti qeyri-demokratik olmaqla, yalnız 28 ölkə prezident kimi tanıyır. Ölkəsinin 100-lərlə vətəndaşını öldürtdüyü, minlərlə vətəndaşını şərləyib həbs etdirdiyi, hakimiyyəti saxtakarlıq və zorakılıqla zəbt etdiyi üçün Maduro rejimi sərt beynəlxalq sanksiyalara məruz qalıb.

2021-ci ildə Venesuelada inflyasiya 2600 faiz olub. Venesuelada adambaşına illik ÜDM 1685 dollar olmaqla, hətta Azərbaycandan da 3 dəfə azdır. Venesuelanın 28 milyon əhalisinin 5 milyondan artığı sosial və siyasi böhran səbəbindən ölkəni tərk edib. Beynəlxalq təşkilatların proqnozuna görə, bu ilin sonuna qədər ölkəni tərk edən əhalinin sayı 8.9 milyon nəfərə çatacaq. Yəni ölkə əhalisinin üçdə biri ölkəni tərk etmiş olacaq. Müqayisə üçün deyim ki, hətta 4 ay ərzində Rusiya tərəfindən başına raket, bomba yağdırılan Ukraynada belə əhalinin təqribən 15 faizi ölkəni tərk edib. Təsəvvür edin ki, Venesuelada vəziyyət necə dözülməzdir.

İndi özünüz deyin, belə bir ölkə bizim ölkəyə necə investisiya qoya bilər? Aydındır ki, “qarşılıqlı investisiya” söhbəti uşaq başı aldatmaq üçündür. Burada yalnız Azərbaycanın Venesuelaya investisiyasından – əslində isə İlham Əliyevin batan həmkarına dəstəyindən söhbət gedə bilər.

Maduro görüb ki, İlham Əliyev Azərbaycan xalqının boğazından kəsib rezerv fondlara 54 milyard dollar toplayıb. Onu da görüb ki, İlham Əliyev bacardığı qədər digər avtoritar dostu Lukaşenkonu da ayaqda saxlamağa çalışır. Ağır sanksiyalar arasında inildəyən Belarusla bir il ərzində qarşılıqlı ticarəti 1.9 dəfə artırıb. Fikirləşib ki, onun nəyi əskikdir Lukaşenkodan. Tənbəllik etməyib, minib təyyarəyə gəlib ki, o da Azərbaycan xalqının boğazına ortaq olsun. Biz bu rəzalətə etiraz etməliyik. İlham Əliyevin batan avtoritar dostlarına ürəyi yanırsa, öz şəxsi vəsaitindən onlara kömək edə bilər.

Azərbaycan xalqının isə Lukaşenkolara, Madurolara yedizdirəcək pulu yoxdur.

Zərifə Acalova

скачать dle 12.1