Siqal və Nuarenin nümunəvi polis obrazı

23-01-2023, 19:34
2 799
Siqal və Nuarenin nümunəvi polis obrazı

Biz uşaq və yeniyetmə olanda özümüzdən böyüklərin, yəni o dövrün gənclərinin ən qorxduğu şey “it maşını”nda milisə aparılmaq və orada keçəl edilərək “ağzıbir”ə (təcridxanaya) salınmaq idi.

Bu üzdən toyda mahnı üstə sözləri çəpləşib dalaşanlar və ya klubun dalında qumar cığallığına görə tutaşanlar səliqəli dalaşardılar - şikayət olmazdı, işləri milisə düşməzdi ki, orada da başları qırxılsın. Bir az ağır haqq-hesabları isə dalaşanların ağsaqqalları yatışdırırdı, deyirdilər, bu hökumətə tut deyirsən, tutur, burax deyirsən, buraxmır, ona görə də salamatı şikayətçi olmamaqdır.

Doğrusu, son onilliklərdə kəndimizdə milisə düşənlər və başı qırxılanlar olmamışdı. Bəlkə də gizli şəkildə olmuşdu, amma bundan kənd ictimaiyyətinin xəbəri olmamışdı, yəqin ki, adam da utandığından el içinə çıxmamışdı.

Amma danışırdılar ki, elə bir gün olmur ki, rayon milisinə qatı xuliqanlıq, yüngül oğurluq edən kimlərisə anqırda-anqırda içəri basmasınlar və orada ağlada-ağlada başlarını qırxmasınlar.

Bu, həm cəza növüydü, həm də guya ki, sanitar-gigiyenik motiv daşıyırdı - qırxıq baş təmiz olur, təcridxanada bitlənmir. Hər halda sovet vaxtı belə bir ənənə mövcud idi.

İndi budur, şəxsinə qarşı “çaşan polis”ləri söyən və buna görə saxlanılıb tənbeh edilən gənclə bağlı sosial şəbəkədə yekə bir mübahisə düşüb, bəziləri deyir, gəncin başını nahaq qırxıblar. Adamın yadına şair Ramiz Rövşənin şeiri düşür: “Kim qırxıb başını salıb bu kökə?”
Bəziləri də deyir, lap əcəb ediblər, eləsinə o da azdır, qorşokdan dünən durub, bu gün özünü kriminal avtoritet kimi aparır, qoy ağlı başına gəslin.

Hərçənd boş başdan uzun tüklərin qayçılanıb yerə tökülməsi ilə başa ağıl gələn deyil, uzağı, dostları onun başına çırtma vura və “nə oldu, Paşka” deyə ələ sala bilərlər. Əslində bu da təhlükəli işdir, uşaq onsuz da acıqlıdır, bir də görərsən, ona sataşan tay-tuşlarının birinə xəsarət yetirdi və oldu əsl kriminal ünsür.

Hələ dünən bir gəncəli qızı da ümummilli hüzn günündə səfehlədiyi üçün polis bölməsinə dəvət edib, başına ağıl qoyublar. Humanist insanlarımız kütləvi şəkildə yazırdılar ki, gərək onun da başını qırxaydılar. Dərinə gedib belə yazanlar da vardı: “Beləsinin başı qırxılmalıdır, eşşəyin üstünə tərsinə oturdulub, atası evinə göndərilməlidir”. Keçmişdə el arasında elə bir ənənə də olub, bilənlər bilir.

Əlbəttə, biz bəzi köhnə ənənələrdən imtina etməliyik. Necə ki bir çoxundan imtina etmişik. Məsələn, keçmiş dönəmlərdə evlənmək məqsədilə qız qaçırmaq çox dəb idi, hətta rayon yerlərində ailə quranların üçdə ikisi bu yola əl atırdı. Amma indi mümkün deyil, belə şey edən gənclərə insan oğurluğu maddəsindən tutmuş zorlamaya qədər 3-4 maddə verirlər, ta yadlarına evlənmək düşmür, toya yığdıqları pulu, türkün sözü, öz paçalarını qurtarmağa xərcləyirlər.

Görünür, saqqal və saç qırxmaq ənənəsindən də imtina etmək lazım gələcək – nə qədər sanitar-gigiyenik baxımdan zəruri olsa da. Çünki insan ləyaqətini alçaltmaq sayılır, beynəlxalq konvensiyalar deyir ki, olmaz.

Düzdür, bura İsveç-Norveç deyil ki, 77 yeniyetmənin qatili olan Breyvik kimi canilər dörd ulduzlu otelə oxşar cəza evində kef eləsin, iki gündən bir də “mənim filan hüququm var” desin. Bu paralellərdə o cür humanizm yoxdur, burada elə adamı heç cür yaşatmazlar – qanuna zidd olsa da.

Əslində ən demokratik ölkələrdə də “ağzıbir”lərin öz yazılmamış qayda-qanunları var - əksər ölkələrdə canilərin başını sığallamırlar. Ağlınız filmlərə-filana getməsin. Ona qalsa, N qədər Hollivud filmi var ki, polismenlər canilərlə özləri bildiyi kimi davranırlar. Məsələn, məşhur aktyor Stiven Siqalın yaxşı və qoçaq şerif roluna çəkildiyi bir film var. Adam qatil mafiya bossu ilə mübarizə aparır. Axırda o, qaçıb göydələndəki ofisinə qalxır, orada Stivenlə xeyli atışır, gülləsi qurtaranda silahını yerə ataraq irişə-irişə deyir: “Əlbəttə, indi siz nümunəvi polismen kimi əliyalın caniyə güllə atmayacaqsınız”. Boss arxayındır ki, yenə vəkilləri işə qarışacaq, özü 1-2 milyon dollar girov qoyaraq, azadlığa çıxacaq. Siqalın canlandırdığı şerif də bilir ki, elə olacaq. Ona görə də o, mafiozun yaxasından yapışır, pəncərəyə sarı dartır və deyir: “Əlbəttə, silahsız şəxsi güllələmək ixtiyarım yoxdur, amma onun özünü 47-ci mərtəbədən atmasına da mane olmayacam”. Və adamı pəncərədən tullayaraq söhbəti bitirir.

Yaxud fransız aktyor Filipp Nuarenin çəkildiyi “Açın, polsidir” filmində şöbə rəisi ifadə vermək istəməyən cani ilə dil tapa bilməyən və nizamnamədən kənara çıxmağı düşünməyən gənc işçisinə deyir ki, yadında qalsın, belələri ilə kitabla danışmaq lazımdır. Və masanın üstündən 3 kiloluq məcəlləni götürərək caninin təpəsinə çırpıb bayıldır, əlavə edir ki, indi ayılanda ifadə verəcək.

Nə yazıq ki, hüquqi dövlətlərdə də belədir, qeyri-hüquqi dövlətlərdə də.

Bir tanış sabiq rəis vardı, hərdən onunla şübhəli şəxs kimi bölməyə gətirilənlərlə davranış barədə söhbət edirdik, səmimi şəkildə deyirdi ki, o canilər elə tipdir ki, onlarla yumşaq danışsaq, heç bir cinayətin üstünü aça bilmərik, ölkənin kriminogen durumu bərbad olar. “Ona görə də bəzən qorxutmalı oluruq. Bu, öz rolunu oynayır, çox vaxt heç bir şillə vurmamış hər şeyi etiraf edirlər”, - deyirdi.

İndi bilmirəm, cinayətin üstünü bu yolla açmaq nə dərəcədə düzgündür. Amma reallıq belədir ki, cinayətkarlığın çiçəklənməməsi üçün zəruri profilaktiki tədbirlər görülməli, preventiv addımlar atılmalı, kriminogen durum nəzarət altında saxlanılmalıdır. (Axırıncı cümlə kollegiya toplantısının protokolundan iqtibas edilmişə oxşadı, amma variant yoxdur).

скачать dle 12.1