Xankəndidə Aşot üşüyür, ya Haykanuş qaranlıqda qalıb?

24-01-2023, 16:31
2 017
Xankəndidə Aşot üşüyür, ya Haykanuş qaranlıqda qalıb?

Bayaq sosial şəbəkədəki dostlardan biri yazmışdı ki, 6 saatdır biz tərəfdə internet kəsilib, hələ bir xəbər yoxdur. Ermənilərin məntiqinə görə, gərək biz azərbaycanlılar internet kəsilən kimi, Avropa İnsan Haqları Məhkəməsində iddia qaldıraq, BMT-yə şikayət edək, ABŞ Dövlət Departamentindən yardım istəyək, ayrı-ayrı paytaxtlara xitab edək. Düzdür, internet həyatımızın bir hissəsinə çevrilib və özümüz də bu sahədəki problemlərdən narazı qalırıq bir çox hallarda. Amma bu ermənilər lap ağını çıxarıb, dünyanın aparıcı təşkilatlarının, liderlərinin zəhləsini töküblər.

Son ay yarımda dəfələrlə “qoymayın, internet kəsildi, Azərbaycan bizi genosid edir!”, “tez olun, kömək eləyin, Azərbaycan qazımızı kəsdi, soyuqdan donduq!”, “ay haray, işığımız söndü, türklər soyqırım eləməyə gəlir!” kimi gic-gic çağırışlar ediblər və dayanmaq bilmirlər. Bunların başına hansısa ağıllı ağaları ağıl qoymur ki, ay adamlar, Avropanın, Amerikanın mərkəzində də istənilən vaxt sizin dediyiniz məsələlərlə bağlı problem yarana bilər,  o ki qaldı Laçının dağ-dərəsindən keçən xətlərdə!

Təsəvvür edin, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra keçən iki il ərzində Ermənistandan Laçın yolu ilə minlərlə mina daşıyıblar, ərazilərimizdə basdırıblar və 262 nəfər azərbaycanlı mina qurbanına çevrilib bu müddətdə! Amma Ermənistandan Xankəndiyə QEYRİ-QANUNİ şəkildə çəkilmiş elektrik, qaz, internet xəttində hansısa nasazlıq yarananda tələb edirlər ki, nasazlıq tez aradan qaldırılsın, çünki Aşot üşüyür, ya Haykanuş qaranlıqda qalıb...

1668747757_maxresdefault.jpg (190 KB)

Belə cəhənnəmə ki! Sən mənim ayağımın altına mina düz, sonra da de ki, mənim problemlərimi həll elə! Bəlkə sabah hamam otağında boğulan Xankəndi axçisinə görə də Azərbaycanı günahlandırasan... Qaz kəməri bəlkə istismar dövrünü keçib, bu, Azərbaycanın özü üçün təhlükəlidir. TAP-TANAP layihəsinin gerçəkləşməsi zamanı bir sıra ölkələrin vətəndaşları ekologiya məsələlərini ortaya atıb, özlərinin xilas kəməri olan layihəyə qarşı çıxırdılar. O zaman da Azərbaycanın üstünə gələnlər var idi. Əgər o vaxt hansısa italyan ekologiya problemini əsas gətirib etiraz edirdisə və onun iddialarına haqq verilirdisə, o halda niyə bu gün erməni separatçılarının Qarabağda törətdiyi ekoloji terrora qarşı fəallarımızın dinc etirazını sinirə bilmir yekə-yekə siyasətçilər, aparıcı paytaxtlar? Hələ qanunsuz çəkdikləri qaz kəmərinin keçdiyi ərazilərimizdə ekologiyamıza hansı ziyanlar vurublar, bu kəmərin hər an təhlükə doğura biləcəyi də öz yerində...

Minaya düşən insanlarımızın bir çoxu Qarabağda əmək fəaliyyəti ilə məşğul olan insanlardır. Kim bilir, bəlkə elə erməni quldurları rus hərbçilərin müşayiəti ilə hansısa ərazilərdə süni qəza nöqtəsi yaradıb, ətrafını minalayırlar, azərbaycanlılar tələfat versinlər deyə. Bizim jurnalist həmkarlarımızın getdiyi marşrut üzrə minanı yeni basdırmamışdılarmı? Yaxud Fərrux dağı, Sarıbaba yüksəkliyi ətrafındakı minaların 2021-ci il Ermənistan istehsalı olduğu təsdiqlənmədimi?! Qarabağda bir terrorçu rejim var və hər cür şərəfsizliyə gedir, hətta erməni mülki əhalinin, Azərbaycan tərəfə meyillənən insanların qanı üzərindən.  

Əvvəla, Qarabağda internet yoxdursa, özünü “dövlət naziri” adlandıran avantürist Ruben Vardanyan BBC-nin “Hard Talk” verilişinə necə müsahibə verib? 25 dəqiqəlik müsahibədə Vardanyanın özünü necə ifşa etdiyini, necə biabırçı, gülünc günə düşdüyünü bütün dünya izlədi, bir saniyə də olsun internet kəsintisi olmadı. Əgər Azərbaycan internet kəsən idisə, elə Vardanyanın səsini kəsərdi...

_128382356_vardanyan_close.jpg (36 KB)

Yaxud Araik Arutyunyan Xankəndidən Fransaya, Paris meri Ann İdalqo ilə telefonla danışıb. Erməni mətbuatının məlumatına görə, baş separatçının Laçın yolundakı “humanitar fəlakət”dən danışıb, doluxsunmasının qarşılığında Anna bacısı da ürəyini boşaldıb, sarsıntısını ifadə edib, “bir azca da dözün” - deyərək təsəlli verib. Yəni burda da hər hansı telefon kəsintisindən söhbət getmir.  

Ermənilər görürlər ki, Avropa Parlamentinin ardınca Niderland da Laçın yolu bəyanatını verdi, Belçika xarici işlər naziri Xadjo Laxbibi erməni həmkarı Ararat Mirzoyanı qəbul edib, təsəlli verdi, Fransa prezidenti Makron Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyanla qol-boyun olub, Xankəndidə “genosid” olunan “yazıq” ermənilərin halına acıdı, o halda “qaza basırlar...” Daha doğrusu, iddia edirlər ki, “Azərbaycan yenə də Qarabağın qazını kəsib”. Harda kəsib, nə ilə kəsib, bu barədə heç kəs danışmır. İndiyədək bir evdən paylaşım eləmirlər ki, baxaq, görək qaz yanır, ya yanmır. Çünki oyun oynayırlar. Biz dəfələrlə yazmışdıq, ancaq inanmırdılar, BBC efirindən də elan olundu - Vardanyan bu arqumentlərin qarşılığında udquna-udquna qaldı - bu gün Rusiyadan göndərilmiş Vardanyanla Paşinyan arasında uçurum yaranıb, ziddiyyətlər dərinləşir. Deməli, Ermənistandan Xankəndiyə çəkilmiş qazı da, işığı da, internet xəttini də kəsə biləcək bir ünvan var – Ermənistan hökuməti!

Bu ziddiyyətlərin səbəbi təkcə ziddiyyətlər olmaya bilər...

Azərbaycanlı fəalların Laçın yolunda dinc aksiya keçirdiyi 44 gün ərzində Ermənistanla cinayətkar əlaqələr minimuma enib. Qanunsuz istismar olunan mədənlərdə işlərin dayandırılmasından sonra Qarabağdakı rejim elan etdi ki, minlərlə sakin işsiz qalıb. Bu həm də o deməkdir ki, Azərbaycanın qızılının talanmasından əldə olunan gəlirin davamı gəlmir, maaş verilmir, nəticədə Qarabağa Ermənistandan verilən işıq, qaz, internetin haqqı da ödənilmir, nəticədə sanksiya tətbiq olunur.

Çıxış yolu isə var: separatçılar rədd olur, ordakı dinc sakinlər isə Azərbaycan tərəfindən təchiz olunur, ödənişi də manatla edirlər, dramla yox. Təbii ki, güzəştlər də olunacaq. Dövlətimiz humanistdir. Əgər Azərbaycan dövləti Gürcüstandakı erməni kilsələrinə belə, pulsuz qaz verdisə, deməli, Qarabağ ermənilərini qazsız qoymayacaq, hətta onlara müəyyən dövr üçün güzəştlər də tanına bilər.

скачать dle 12.1