Vardanyanın izilə: Fiqaro orada, Fiqaro burada...

18-02-2023, 13:12
3 333
Vardanyanın izilə: Fiqaro orada, Fiqaro burada...

Ruben Vardanyanın liderlik etdiyi reytinq sorğusunun açıqlanmasının üstündən heç bir həftə keçmədi ki, separatçı rejimin “dövlət naziri”nin Moskvaya qaçması haqqında xəbərlər yayıldı.

Siyasi təhlilçilər ən müxtəlif ehtimallar söyləyirdilər: biri deyirdi ki, Vardanyanı Moskvaya təlimatlandırmaq üçün çağırıblar, başqa birisi ərz edirdi ki, Kreml Azərbaycanın təzyiqləri qarşısında özünün yeni siyasi fiqurunu geri çəkir, üçüncüsü söyləyirdi ki, Vardanyan özünün iflas olduğunu başa düşüb, ona görə də Dağlıq Qarabağdan qaçıb - özü də köhnə əsgər paltarlarının yükləndiyi maşında...

Amma həmin vaxt separatçı rejimin digər “liderləri” də Moskvaya çağırılırdı. Odur ki, biz belə bir ehtimalın üzərində dayanmışdıq ki, “erməni siyasətinin İvanişvilisi” Kremlə təlimatlandırılmaq üçün çağırılıb. Bəli, bir neçə gündın sora Vardanyanın geri dönməsi haqqında xəbərlər yayıldı.

Bəs onda bu nə məsələ idi? Baş nazir Nikol Paşinyanla Kreml arasında ziddiyyətlər getdikcə dərinləşir, Ermənistan son vaxtlar hiss olunacaq dərəcədə Qərbə tərəf dreyf edib. Fevralın sonuncu ongünlüyündə Avropa missiyasının Ermənistana gələcəyi gözlənir. Odur ki, ziddiyyətlərin daha da dərinləcəyi güman edilir. Moskva KTMT-nın missiyasının Ermənistranda yerləşdirilməsi haqqındakı təklifinə hələ də cavab almayıb. Ona görə də Kreml daha çox separatçı Dağlıq Qarabağ rejimi ilə işləməyə üstünlük verir. Rejimin “lider”lərinin Moskvaya çağırılması da bununla bağlıdır.

Hazırda vəziyyət çox gərgindir. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər etdi və orada bildirdi ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Daha bir xəbər isə budur ki, fevralın sonlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bölgəyə səfər edəcək.
Rusların təlaşını anlamaq olar: Ermənistan Moskvanın nəzarətindən çıxmağa can atır. Ukrayna müharibəsində isə hələ də aydınlıq yoxdur. Fevral ayında rusların böyük hücuma başlayacağı gözlənilirdi və indi də gözlənir. Amma hələ də hər hansı uğurdan danışmaq tezdir.

Dəfələrlə qeyd edilib ki, Ukrayna cəbhəsində aydınlıq yaranmayınca Cənubi Qafqazda nə əsl sülh olacaq, nə də sülh sazişi imzalanacaq. Odur ki, Moskvanı ən çox narahat edən ABŞ-ın təklif etdiyi ssenaridir: Vaşinqton Bakıya və İrəvana təklif edir ki, nə qədər Moskvanın başı Kiyevə qarışıb, təcili sülh sazişi imzalayın. Rusiya məhz bu ssenarinin qarısını almaq istəyir. Amma Kreml üçün bundan da təhlükəlisi Fransanın addımlarıdır. Paris bölgəyə mülki missiya adı altında kəşfiyyatçıları, zabitləri və polisləri göndərməyə hazırlaşır. Bundan da təhlükəlisi budur ki, Fransanın böyük imperiya və kənarlarda müharibə aparmaq təcrübəsi var.

Bütün bu səbəblərdən bu gün Cənubi Qafqaz çox dumanlı görünür. Biz də müəyyən nəticələr çıxarmalıyıq. Rusiya separatçı Dağlıq Qarabağı təkcə İrəvanın nəzarətindən çıxarmayıb, həm də Bakının üzünə bağlayıb. Ekofəalların etirazı iki aydan artıqdır ki, davam edir. Gənclərin və ictimai fəallların əzmkarlığına yalnız əhsən demək olar. Di gəl, bu da bir faktdır ki, hələ etirazların bir nəticəsi yoxdur. Bu günlərdə deyildi ki, guya Vardanyan məhz bu fəalların etirazları nəticəsində Dağlıq Qarabağı tərk etməli olub. Amma bu xəbər təsdiqlənmədi. Bəs onda nə etməli? Əlbəttə ki, etirazlar davam etməlidir. Onlar gec-tez öz nəticəsini verəcək. Bütün Qarabağ bizim torpaqlarımızdır. Onlara da nəzarəti yalnız biz edə bilərik. Odur ki, davam etmək lazımdır. Açığı, İrəvan özü də separatçı rejimdən kənarda dayanmağa çalışır. Bunu baş nazir Nikol Paşinyannın bəyanatlarından sezmək olar. Düzdür, bu bəyanatlar ziddiyyətlidir, amma müəyyən stabil tendensiyaları sezmək mümkündür. Həm də ermənilərin diaspor təşkilatları bundan əvvəl də vardı, Paşinyan bundan əvvəl də Qərblə daha çox münasibət qurmağa çalışırdı, amma onu saya salan yox idi. İndi isə beynəlxalq dəstək var. Bunun bir səbəbi Rusiya-Qərb qarşıdurmasıdırsa, digər səbəbi də N. Paşinyanın ölkəsinin regional siyasətini dəyişmək istəyidir...

скачать dle 12.1